AZ

Bacarığınızı gördük, futbolçuların potensialı da bəlli – bundan artıq nə edəcəksiniz?

İtaliyalı Canni Di Byazinin gedişindən sonra Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə yerli mütəxəssisin gətirilməsinin daha məqsədəuyğun olduğu həm media, həm də sosial şəbəkələrdə deyilsə, yazılsa da, AFFA tərəfindən qulaqardına vuruldu. Təbii ki, azərbaycanlı məşqçilərdən də möcüzə gözləmirik. Sadəcə məsələ ondadır ki, bu futbolçularla daha artığını etmək mümkün də deyil. Ona görə də israrla, bəlkə də futbol ictimaiyyətinin acığına böyük maaşlı və təqaüd yaşlı əcnəbi məşqçiləri gətirməyin nə mənası, nə məqsədi var axı?

İdman.biz xəbər verir ki, 2004-cü ildə braziliyalı Karlos Alberto Torresin gəlişindən indiyədək Azərbaycan millisini artıq altıncı əcnəbi məşqçi çalışdırır (vəzifəni müvəqqəti icra edənləri saymasaq). İyirmi il əvvəl FIFA reytinqində 116-cı idiksə, indi də 118-ci yerdəyik. Müsbətə doğru nə dəyişib ki? Ən yaxşı halda komandamız DÇ-2014-ün seçmə mərhələsində qrupda 4-cü yeri tutub, bunu da təbii ki, uğur saymaq olmaz.

Berti Foqts altı ildən çox, Canni De Biasi üç ildən çox, Robert Prosineçki üç ilə yaxın və sair və ilaxır. Həm alman, həm də italiyalı məşqçilərə dörd turnirdə şans verildi, amma “Qarabağ”la Avropada sözünü deyən Qurban Qurbanov milli komandanı UEFA Millətlər Liqasının pley-offuna çıxarmadığına görə heç bir il işləmədən vəzifəsindən getməli oldu.

Foqts da Almaniya ilə Avropa çempionu olmuşdu, Azərbaycanda nə etdi, nəyi dəyişdi ki?

Fernandu Santuş da qitə çempionu kimi qazandığı nüfuzu ölkəmizdə xərcləməklə məşğuldur. Özü də iştahası yaxşıdır, hələ 3-4 il qalmaq istəyir.

“Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq”, - deyir.

Cənab Fernandu Manuel Fernandeş da Koşta Santuş, hansı nəticəni çıxaracaqsınız? Bacarığınızı gördük, futbolçuların potensialı da bəlli – bundan artıq nə edəcəksiniz ki?
Reallıqdan uzaq danışmaqla, hər dəfə “inanıram ki, nəyisə dəyişmək olar” deməklə vaxtınızı uzatmaqdan başqa heç nə etmirsiniz.
Kriştiano Ronaldolu heyətlə Avropa birincisi ola bilərsiniz, amma bizim futbolçularla yeriniz “futbol cırtdanları”nın D liqasıdır.

Əgər bir məşqçi komandasının biabırçı oyunu və 0:6 hesablı məğlubiyyətindən sonra çantasını yığmaq, ən azı bu barədə düşünmək əvəzinə, “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram”, - söyləyirsə, ağla yalnız bir fikir gələ bilər: qazandığı pulu itirə biləcəyi nüfuzdan üstün tutur.

“Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır”, - deyir Santuş. Amma bu nəticələrdən dərs çıxarmalı olan AFFA-dır, təəssüf ki, o da futbol ictimaiyyətinin tənqidlərini ciddiyə almır.

Rasim
İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr