AZ

Türk dövlətlərindən iqlim dəyişikliyi ilə mübarizəyə BİRGƏ DƏSTƏK

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub. Sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.

 

Sözügedən saziş Türk dünyası ölkələri arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq əlaqələrinin təzahürüdür. Bu saziş regionda "yaşıl enerji" dəhlizinin yaradılması, inteqrasiya olunmuş elektrik enerjisi bazarlarının inkişafı və bərpa olunan enerjinin digər regionlara ixracının asanlaşdırılması üçün güclü təməl yaradır. Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan digər ölkələrin də sazişə qoşulacağı gözlənilir.

 

Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələri daha da genişlənir. Belə sazişlər təşkilatın daha da güclənməsinə gətirib çıxaracaq və ictimai həyatın bütün sahələrinə sirayət edəcək.

 

Modern.az-a danışan millət vəkili Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Yaşıl enerji ilə bağlı sazişin imzalanması olduqca müsbət haldır:

 

“Bu sazişin imzalanması gələcəkdə böyük perspektivlər vəd edir. Qazaxıstan, Özbəkistan və Azərbaycan Yaşıl enerji sahəsində böyük potensiala malik dövlətlərdir. Gələcəyə baxsaq, Avropanın enerji təhlükəsizliyində üç qardaş türk dövləti böyük rol ala, Avropa bazarında Yaşıl enerji sahəsində çox böyük pay sahibi ola bilərlər. Bundan ötrü, Azərbaycanın Avropa İttifaqı ilə bağladığı energetika təhlükəsizliyi ilə bağlı müqavilə çox böyük əhəmiyyətə malikdir. İki il bundan əvvəl Avropa Komissiyasının sədri Ursula Von der Lyayen Bakıya gəldiyi Aİ və Azərbaycan arasında enerji mübadiləsi ilə bağlı müqavilə imzalanmışdı”.

 

O qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyinə görə, Mərkəzi Asiya ölkələrindən, Qazaxıstandan, Özbəkistandan ölkəmiz vasitəsilə Avropaya enerji ixracında əhəmiyyətli rol alacaq:

 

“Bu üç ölkənin bütövlükdə bütün sahələrdə əməkdaşlığı çox böyük perspektivlər vəd edir. Mən buna müsbət yanaşıram. Gələcəkdə hər üç qardaş ölkənin böyük iqtisadi dividentlər əldə etmək imkanı var. Nəticə etibarilə COP29 ərəfəsində saziş imzalandığını nəzərə alaraq 3 türk dövlətinin qlobal istiləşməyə və iqlim dəyişikliyinə qarşı mübarizədə töhfəsi kimi qiymətləndirilməlidir”

Seçilən
54
modern.az

1Mənbələr