AZ

Neo-quldarlıq: Müasir Dünyanın Görünməz Zəncirləri

“Quldarlıq tarixin qaranlıq bir səhifəsi kimi görünə bilər, amma əslində o, heç vaxt bitməyib. Sadəcə dəyişib, formalaşıb və indi müasir cəmiyyətin kölgələrində gizlənərək yeni adlarla qarşımıza çıxır.Bəlkə də inanmazsınız,amma  biz, XXI əsrin insanları, texnoloji inqilab və sosial irəliləyiş dövründə yaşasaq da, hələ də  milyonlarla insanın azadlıqdan məhrum edildiyi dünyada yaşayırıq.”

Neo-quldarlıq, zəncirlər və kölə bazarlarından daha təhlükəli bir forma alıb: o adi gözlə görünmür, amma ən az qədim dövrdəki qədər dağıdıcıdır. Məcburi əmək, insan alveri, borc əsarəti, hətta texnoloji istismar. Bu gün dünyada hər 150 insandan biri müasir quldarlığın qurbanıdır. Biz bunun izlərini iPhone istehsal edən fabriklərdə, pambıq  tarlalarında, hətta gündəlik geyindiyimiz paltarların tədarük zəncirində görə bilərik.

Amma sual budur: Neo-quldarlıq niyə bu qədər aktualdır? Onunla mübarizə aparmaq niyə vacibdir? 

Bu sualın cavabı olduqca bəsiddir -çünki bu problem təkcə fərdləri yox, bütün cəmiyyətləri təhdid edir. Bu yazıda, neo-quldarlığın görünməz şəbəkələrini araşdıracaq və niyə onunla mübarizə aparmalı olduğumuzu statistik faktlar, proqnozlar və əxlaqi prinsiplər əsasında dərk edəcəyik.

Beynəlxalq Əmək Təşkilatının 2022-ci ildə hazırladığı hesabata əsasən dünyada 50 milyon insan müasir quldarlığın müxtəlif formalarına məruz qalır.Bunlardan 28 milyonu məcburi əməkdə, 22 milyonu isə məcburi evliliklərdə istismar edilir.İstismara məruz qalanların təxminən 71%-i qadın və qızlardır. Hesabatda deyilir ki ,istismara məruz qalanlar əsasən yoxsul bölgələrdə yaşayan və ya azlıqlar arasında etnik qrupların nümayəndələridirBəs bu istismarın səbəbi nədir?:

Dünya Bankının hesablamalarına görə, yoxsulluğun hər 10%-lik artımı neo-quldarlıq riskini 7% artırır.Yüksək borclanma və iş imkanlarının olmaması yoxsul insanları bu sistemlərə daha asanlıqla salır.

Neo-quldarlığın Müasir Üzləri: Zəncirlər Yoxdur, Amma Heç Kim Azad Deyil
Məcburi əməkdə olan insanlar üçün istismar texnoloji irəliləyişlərə baxmayaraq davam edir..Məsələn,  Banqladeşdə Tekstil sektorunda çalışan işçilər gündəlik 10 saatdan çox işləməyə məcbur edilir, bunun qarşılığında isə ancaq cəmi 2 dollar maaş ala bilirlər. Statistikaya əsasən dünyada təxminən 27 milyon insan zorla əməyə cəlb edilir. Məcburi əməkdən qlobal gəlir isə 150 milyard dolları keçir.

Neo-quldarlığın ən dəhşətli formalarından biri isə İnsan alveridir. İnsanlar istismar üçün qaçırılır, satılır və zorla işlədirilir.Məsələn, Liviya vətəndaş müharibəsi zamanı qaçqınlar əsir götürülüb insan bazarlarında satılıb. İnsan alveri dünyada hər il təxminən 2.5 milyon insana təsir edir.

Borc əsarətinə düşən insanlar aldıqları borcu ödəmək üçün uzun illər pulsuz işləyə bilirlər. Məsələn, Hindistanda ailələr məcburi kənd təsərrüfatı işlərində əsrlər boyu borclarını ödəməyə məcbur edilir. Dünyada borc əsarətində olanların sayı ümumi sayı isə 4 milyon nəfərə yaxındır.

Texnologiyanın inkişafı ilə "rəqəmsal istismar" yeni quldarlıq formalarına çevrilib. Məsələn, mikrotapşırıqlar üçün onlayn platformalarda işçilərə hədsiz az ödəniş edilir. Texnologiya sahəsində hüquqi tənzimlənmə bu cür zəif qalsa, bu problemin statistik təsiri  daha da artıracaq.

Neo-quldarlığa qarşı Niyə Mübarizə Aparmalıyıq?
Neo-quldarlığa qarşı mübarizə sadəcə hansısa  problemin həlli deyil, insanlıq üçün bir çağırışdır. Bu, yalnız fərdləri deyil, bütün cəmiyyətləri, iqtisadiyyatları və gələcək nəsilləri xilas etmək üçün zərurətdir. Hər birimizin rolu var: hökumətlər daha sərt qanunlar tətbiq etməli, bizneslər etik standartlara əməl etməli, fərdlər isə daha məlumatlı və məsuliyyətli olmalıdır. İnsan azadlığını qorumaq üçün bu mübarizə davamlı və qətiyyətli olmalıdır, çünki azadlıq heç bir dövrdə bu qədər dəyərli olmayıb.

-Neo-quldarlıq dünya iqtisadiyyatında qara bazarın inkişafına səbəb olur. Ədalətsiz əmək şərtləri və gəlirin ədalətsiz paylanması yoxsulluğun daha da dərinləşməsinə gətirib çıxarır. Hesablamalar göstərir ki, neo-quldarlıq tam ləğv olunsa, qlobal ÜDM ildə  97 milyard dollar artar.

-Neo-quldarlığa məruz qalan insanlar ağır psixoloji və emosional travmalar yaşayır. Bu travmalar yalnız fərdləri deyil, gələcək nəsilləri də təsir altına alır.

-İqtisadi və sosial bərabərsizlik cəmiyyətdə qeyri-stabillik yaradır, bunun nəticəsində isə qlobal miqrasiya və qaçqın axınları artır.

Şahlar Ruhi/EDnews

Seçilən
25
ednews.net

1Mənbələr