AZ

Ermənistanda hökumət BÖHRANI – Paşinyanın komandasındakı istefaların PƏRDƏARXASI

Ermənistan Baş naziri Nikol Paşinyanın güc strukturlarını kəskin tənqid etməsinin ardınca hökumət daxilində istefa dalğası başlayıb.

İlk olaraq ölkənin infrastruktur naziri və Dövlət Gəlirləri Komitəsinin rəhbəri - Qnel Sanosyan və Rüstəm Badasyan istefa ərizəsi yazıb. Onlardan sonra Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib. Ardınca İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan anoloji addımı atıb. Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və Korrupsiyaya qarşı Komitəsinin sədri Sasun Xaçaturyan da istefa verənlər sırasına qoşulublar.
 

Paşinyan isə mətbuata verdiyi açıqlamada sözügedən məmurlara istefa vermələri üçün “WhatsApp” vasitəsilə mesaj yazdığını bildirib.


Ardınca üç deputat Paşinyanın “Mənim addımım” partiyasından istefa verdiklərini bəyan ediblər. Məlumatlara görə, Qayane Abrahamyan, Taquhi Tovmasyan və Lusine Badalyan şəxsi “Facebook” hesablarında bununla bağlı paylaşım ediblər.

Görəsən, Ermənistanda yaşanan hökumət böhranı nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Ermənistan hakimiyyəti daxilində ciddi böhran uzun müddətdir müşahidə olunurdu:

“Bu ölkənin hakimiyyət strukturları daxilində ciddi ikitirəliliyin olması, böhran vəziyyətinin yetişməsi üç amillə bağlıdır.
 

Birinci amil odur ki, Paşinyan hakimiyyətə gəldiyi dövrdən bu günə qədər ciddi hökumət komandası formalaşdıra bilməyib. Onun iqtidarına olan dərin inamsızlıq nəticədə ictimai münasibətlər sisteminin tam olaraq kökündən zədələnməsinə səbəb olub.


Digər amil isə ondan ibarətdir ki, Paşinyan küçədən iqtidara gəldiyi üçün onun təyin etdiyi adamlar da küçə prinsiplərilə hərəkət edir. Onların heç birinin siyasi münasibətlər sistemi, Ermənistandakı ictimai-siyasi mühit, ölkənin gələcəyilə bağlı aydın proqnozları yoxdur”.

Ekspertin fikrincə, Ermənistanda hakimiyyət daxilində də inamsızlıq formalaşıb:

“Paşinyan hakimiyyəti daxilində ayrı-ayrı dairələrə bağlı qüvvələr də çoxdur. Paşinyan əsas vəzifələrə sorosçu QHT nümayəndələri və media mənsublarını təyin etsə də, ondan sonrakı təyinatların çoxunda görürük ki, hökumət daxilində ciddi böhranlara səbəb olan və ancaq öz şəxsi mənfəətlərini düşünənlər yüksək vəzifələrə gətirilib. Bütün bunların nəticəsində Ermənistan hakimiyyəti daxilində inamsızlıq formalaşıb.

Nəticədə hökumət daxilində çürümə və böhran daha da dərinləşəcək. Sonda da beləcə hökumət xaosu baş verəcək”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr