AZ

Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin ATACMS raketləri vasitəsilə Ukrayna ərazisindən Rusiyaya zərbələr endirilməsinə icazə verməsini şərh edib.

Ərdoğan bu barədə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Sammitində iştirakdan sonra təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Hər şeydən əvvəl, bu qərarı düzgün hesab etmədiyimiz kimi, həmçinin də dəstəkləmirik. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri daha çox silah, daha çox qan, daha çox göz yaşı ilə deyil, daha çox sülh səyləri, daha çox xoşməramlılıq və diplomatiya ilə bitə biləcəyini düşünürük. İndi cənab Baydenin bu qərarını müharibəni qızışdırmaq və heç vaxt bitməməsini, hətta yayılmasını təmin etmək üçün bir addım kimi şərh etmək olar. Baydenin bu addımı münaqişənin eskalasiyası ilə yanaşı, həm də Rusiyanın daha böyük reaksiyasına səbəb olacaq. Cənab Putin də ölkəsinin ballistik raketlərlə hücuma məruz qalacağı təqdirdə, nüvə silahı ilə cavab verilməsinə imkan verən doktrinanı təsdiqlədi. Bütün bunlar regionu və dünyanı yeni və böyük müharibənin astanasına gətirə bilər. "Məndən sonra tufan qopsun" anlayışı ilə heç nəyə nail olmaq mümkün deyil", - deyə Türkiyə prezidenti bildirib.

"Bizim gözləntimiz və arzumuz budur ki, Ukrayna və Rusiya tərəfləri təxribatlara uymadan, sakitliyi qoruyaraq, sülhə diqqətlərini cəmləsinlər. Buraxılacaq ən kiçik səhv, təxribatlara qapılmaq barıt çəlləyinə od atmaqdan fərqlənməyəcək. Ona görə də hər kəsə diqqətli davranmağı tövsiyə edirəm", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Mənbə: oxu.az

Seçilən
42
oxu.az

1Mənbələr