AZ

“Ağdam özündə çox qədim mədəni-tarixi irs daşıyır“ - ŞƏRH EDİLDİ

“Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana bir güllə atılmadan təhvil verildi. Rayonun siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır: “Rayonda çox sayda tarixi-mədəniyyət abidələri olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi. Bundan başqa, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir”.

S.Salmanova qeyd edib ki, digər işğaldan azad edilmiş ərazilər kimi, hazırda Ağdam rayonunda da bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir: “Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan Ağdam özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
17
1
sia.az

2Mənbələr