AZ

20 Noyabr - Ağdam Şəhəri Günüdür! - Azay Quliyev

1993-cü ilin iyununda AXC-Musavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində Azərbaycanda baş qaldıran vətəndaş müharibəsi, siyasi xaos və hakimiyyət böhranı təkcə dövlət müstəqilliyimizi deyil, mövcudluğumuzu belə təhlükə altına atdı. Bu qarışıqlıq nəticəsində itirdiklərimiz dəyərlər arasında Ağdam şəhəri də var idi.

Ağdamın müdafiəsi uğrunda aparılan 42 günlük döyüşlərdə çoxsaylı şəhidlər verdik. Bununla belə, 1993-cü il 23 iyulunda rayonun 73%-i düşmən qüvvələri tərəfindən işğal edildi. 29 iyulda BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək, "işğalçı qüvvələrin Ağdam rayonu və digər Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını" tələb etdi. Lakin Ermənistan bu qətnaməyə məhəl qoymadı və işğal davam etdi.

Tam 27 il boyunca kağız üzərində qalan qətnamənin gerçəkləşdirilməsi Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər sayəsində mümkün oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam şəhəri və işğal olunmuş kəndləri bir güllə atmadan və bir şəhid vermədən Azərbaycanın nəzarətinə qaytarıldı. Bu, Azərbaycanın siyasi yolla azad etdiyi ilk şəhər oldu və ərazi bütövlüyümüzün bərpasında əhəmiyyətli bir mərhələni təşkil etdi.

İşğal dövründə ən çox dağıntıya və vandalizmə məruz qalan şəhərlərdən biri məhz Ağdam idi. Şəhər tamamilə yerlə yeksan edilərək "Qafqazın Xirosiması" və "Ruhlar şəhəri" adlandırıldı. Ancaq işğaldan azad edildikdən sonra Ağdam yenidən doğulur. Bu qədim şəhər "ağıllı" və "yaşıl" şəhər konsepsiyası əsasında müasir üslubda yenidən qurulur. 100 min nəfər əhali üçün nəzərdə tutulan Ağdam tezliklə öz sakinlərini qəbul edəcək və əvvəlki şöhrətini qaytaracaqdır.

Ağdam Şəhəri Günü münasibətilə başda ağdamlılar olmaqla, bütün xalqımızı, Müzəffər Ali Baş Komandanımızı, şəhid ailələrini, qazilərimizi və qəhrəman Silahlı Qüvvələrimizin hər bir üzvünü ürəkdən təbrik edirəm!

Seçilən
41
3
aznews.az

4Mənbələr