AZ

Ağdam tezliklə möhtəşəm simasına qovuşacaq

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi şanlı zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan daha bir addım oldu. Həmin sərəncəma əsasən, rayon və şəhərlərimiz işğaldan azad edilən gün “Şəhər Günü” kimi təsis olunub. Sözügedən sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyənləşdirilib. 2020-ci ilin 20 noyabrı həm ağdamlılar, həm xalqımız, bütövlükdə, dünya azərbaycanlıları üçün unudulmaz bir gündür. Həmin gün Ağdam rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildi. Bu tarix – Ağdamın azad olunduğu şanlı gün xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. Bu gün Ağdamın əvvəlki ad-sanı bərpa olunur.

Bu gün tarixi qələbəmizin ardınca başlanılmış azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərinin dirçəldilməsi, genişmiqyaslı infrastrukturun qurulması layihələri uğurla reallığa çevrilməkdədir. Fəxrlə söyləmək olar ki, artıq Ağdamın da bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb, rayonun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri artıq Böyük Qayıdış çərçivəsində öz doğma sakinlərini qarşılamağa hazırlaşır. Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır, şəhər dünyada bənzəri olmayan Baş pland əsasında yenidən yaranır.

Bu gün Ağdamda təməlləri atılmış onlarla yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi, rezident sayına görə ölkənin ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkının fəaliyyətə başlaması, burada yüzlərlə rayon sakininin daimi işlə təmin edilmələri və onların öz doğma şəhərlərinin quruculuğunda iştirakları, “İmarət” kompleksinin bərpa edilərək istifadəyə verilməsi, müasir infrastrukturun formalaşması ağdamlıların hədsiz sevincinə səbəb olur, gələcək arzularına qol-qanad verir. Yeri gəlmişkən, Ağdam Sənaye Parkında ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. İlkin olaraq rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. İşə götürülənlər isə əsasən Ağdamın və ətraf rayonların sakinləridir.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə dövlət başçısı şəxsən özü nəzarət edir. Bu mənada ­Prezident İlham Əliyevin rayona hər növbəti səfəri görülən işlərə yeni töhfələr verməkdədir. Məhz bu sonsuz diqqət və qayğı Ağdamın yaralarına məlhəm olur, əminlik yaradır ki, “külündən doğan” Ağdam tezliklə yeni, möhtəşəm simasına qovuşacaq, “ruhlar şəhəri” “cənnət şəhər”ə çevriləcək.

28 may 2021-ci il tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam şəhəri bərpa olunur. Şəhərin özündə salınan məhəllələrdə və bir neçə kəndlərində tikinti-inşa işləri həyata keçirilir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev əbəs yerə bildirməmişdir ki, “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Prezident cənab İlham Əliyev 2020-ci ildən bu günə kimi dəfələrlə Ağdam şəhərinə səfərlər etmiş, təməlqoyma mərasimlərində və digər tədbirlərdə iştirak etmiş və bu şəhər və kəndlərdə bir neçə infrastruktur layihələrin reallaşdırılmasına öz tövsiyə və tapşırıqlarını vermişdir.

Seçilən
29
yeniazerbaycan.com

1Mənbələr