AZ

Elçin Xalidbəyli: Bayden Trampa sülh imkanı olmayan miras buraxmaq istəyir -SÖHBƏT

Böyük Britaniyanın "Ekspress" nəşri ABŞ prezidenti Donald Trampın gizli şəkildə Kiyevə nüvə silahı ötürə biləcəyini iddia edib. Hərbi ekspert Nikolas Drummond  sözügedən nəşrə açıqlamasında bildirib ki, müqavilə çox gizli bağlana və Zelenski birdən-birə Moskvanı nüvə ilə təhdid edə bilər.
Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin Ukraynanın uzaqmənzilli “ATACMS” raketlərindən istifadəsini təsdiqləməsindən sonra Putin yenilənmiş nüvə doktrinasını imzalayıb. 

Ukraynaya nüvə silahlarının ötürüləcəyi iddiası ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran politoloq Elçin Xalidbəyli deyib ki,  Ukrayna savaşının gedişatı olduqca təhlükəli hal almağa başlayıb.

- Elçin bəy, son günlərdə Rusiya-Ukrayna cəbhəsindəki gərginliyi necə şərh edirsiniz? 
- Baydenin Ukraynaya uzaqmənzilli “ATACMS” raketlərindən istifadəsinə icazə verməsi savaşın yeni mərhələyə keçməsi anlamını daşıyır. Putinin yenilənmiş nüvə doktrinasını imzalaması uzaqmənzilli raketlərdən istifadədən çəkindirməyi hədəfləsə də, rəsmi Kiyev Rusiyanın dərinliklərinə zərbələr endirib. Bu isə Rusiyanın Qərb dünyası, xüsusilə ABŞ ilə gərginliyini son dərəcə artırıb. 

- Tramp həqiqətən də Ukraynaya gizli şəkildə nüvə silahı ötürə bilər, yoxsa bu Qərb media orqanlarının uydurmasıdır?
- Trampın Ukraynaya gizli şəkildə nüvə silahı ötürmək ehtimalı o qədər də inandırıcı görünmür. Məncə bu Qərb mediasının saxta xəbər istehsalının məhsuludur. Çünki, Tramp Rusiya ilə anlaşmaq, tərəflər arasında sülh sazişinin imzalanmasını istəyir. Xatırlayaq ki, o, seçki kompaniyası zamanı müharibəni dayandıracağını vəd edib. Belə bir situasiyada Ukraynaya nüvə silahının ötürülməsi Rusiya-ABŞ arasında həlledici müharibənin başlaması ilə nəticələnər.  Hesab edirəm ki, Ukrayna savaşının uzanmasında maraqlı olan qüvvələr belə iddialar səsləndirərək Tramp və Putin münasibətlərində gərginlik yaratmaq istəyib. 

- Biden hakimiyyətinin seçkidə uduzmasından sonra cəbhədəki vəziyyəti gərginləşdirəcək addımlar atması nəyə hesablanıb?
- Əlbəttə ki, Baydenin səlahiyyətlərinin vaxtının bitməsinə 2 ay qalmış Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirməyə icazə verməsi məqsədyönlü olub. Hesab edirəm ki, bu savaşı daha dağıdıcı, hala gətirmək cəhdidir. Əslində Bayden və onun adminstrasiyasının hakimiyyətə gəlməsi ABŞ-nin parçalanmış dərin dövlətinin maraqlarına xidmət edirdi. Bayden adminstrasiyası vasitəsi ilə onun arxasındakı dərin güclər öz hədəflərinə müəyyən qədər çatmış olsalar da, yekun nəticədən uzaq qalıblar. Bu səbəbdən Trampın Ukrayna savaşını dayandırmaqla bağlı vədləri sözügedən güclərə sərf etmir. Bayden indiki situasiyada Trampa elə miras buraxmaq istəyir ki, tərəflərin sülh bağlamaq imkanları azalsın. 

- Tramp seçkidən əvvəl müharibəni bitirəcəyini vəd etmişdi. Sizcə o, sözünü tuta biləcək?
- Əslində Trampın seçkilərdən əvvəl verdiyi vədlər təqdirə layiqdir. Çünki savaş artıq bütün dünyanı yormağa başlayıb. Böyük ehtimalla Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra müharibəni dayandırmaq üçün əlindən gələni edəcək. 

- Son olaraq, müharibənin gələcəyi haqqında nə düşünürsünüz?
- Ukrayna savaşının indiki gedişatı olduqca təhlükəli hal almağa başlayıb. Rəsmi Kiyevin ABŞ istehsalı raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməsi intensivləşərsə, Kremlin bir yerdən sonra Kollektiv Qərbə adekvat cavablar verəcək. Biz bunu Rusiya rəsmilərinin açıqlamalarında da görə bilərik. Müharibə indiki tempi ilə davam edərsə, dünya müharibəsi qaçınılmaz olacaq.

Yusif Sultanoğlu
Seçilən
12
31
sherg.az

10Mənbələr