AZ

SHAM sədri: Ermənistan ekologiyaya fikir vermədən ərazilərimizdə vəhşiliklər törədib

Azərbaycan 2024-cü il noyabr 19-da Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatını əks etdirən əsas iddia sənədini təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, bu iddia sənədi 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 2024-cü il yanvarın 12-də keçirilib. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib. Ermənistanın beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir. Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına maneçilik törədib. Azərbaycan öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcəkdir.


Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov isə "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın lI qarabağ müharibəsindən sonra Ermənistanın törətdikləri cinayətlərlə bağlı beynəlxalq hüquqi məhkəmə platformalarında iddialar qaldırıb:

“Azərbaycanın bundan əvvəl də həmin istiqamətdə çoxsaylı addımları olub. Məsələn, II Qarabağ müharibəsində Ermənistanın Azərbaycanın mülki şəhərlərinə, vətəndaşlarına qarşı törətdiyi cinayətlər və entik təmizləmə ilə bağlı müraciətlərimiz var. Eyni zamanda torpaqlarımız işğal altında olan zaman ermənilər həmin ərazilərdə “Urbisid”, “Ekosid”, “Kultursid” cinayətləri törədiblər. Həmçinin torpaqlarımızda Ermənistan enerji resurslarımıza qarşı hüquqa zid əməllər həyata keçirib. Vətən savaşından sonra bizim həmin ərazilərdə günəş, külək, hidroelektrik qurğularını qurmağımız, alternativ, bərpa olunan yaşıl enerjiylə bağlı atdığımız addımlar göstərdi ki, torpaqlarımız alternativ və pərpa olunan enerjiylə çox zəngindir. Torpaqlarımız işğal altında olan zaman biz həmin enerjilərdən istifadə edə bilmədik. Bunun əsas səbəbkarı isə Ermənistanın işğalçılıq siyasəti olub. Ona görə də Azərbaycan 2023-ci ildə Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə müraciət edib”.

Politoloq söyləyib ki, həmin iddiaya baxılması və onun araşdırılması üçün uzun müddət vaxt sərf olunacaq:
“Çünki burada söhbət 20 faiz ərazidən və oradakı çox zəngin külək, günəş enerjisindən gedir. Bunun araşdırılması üçün isə kifayət qədər vaxt, resurs və ekspertlər lazımdır. Azərbaycanın əlində mötəbər sübutlar mövcuddur. Həmin dəlilləri mərhələri şəkildə məhkəməyə təqdim edirik. Məhkəmənin araşdırmasından və qərarından sonra ermənilərin vəhşilikləri hər kəsə bəlli olacaq. Ermənistan ekologiyaya fikir vermədən daha çox resurslar qazanmaq üçün ərazilərimizdə vəhşiliklər törədib. Müxtəlif çaylarımıza və meşələrimizə böyük ziyan dəyib. Ermənistan enerjiylə bağlı Azərbaycana vurduğu genişmiqyaslı zərərin dəqiq miqyası müəyyənləşdiriləcək. Daha sonra Ermənistan bununla bağlı Azərbaycana kampensesiya ödəmili olacaq. Ermənilərin ciyanətləri sübuta yetirildikdən sonra qanuna zid addımları törədən şəxslər, birbaşa prosesdə iştirak edənlər məsuliyyətə cəlb ediləcək”.
Seçilən
9
sherg.az

1Mənbələr