AZ

Anar Məmmədlinin həbs müddəti artırıldı

Prokuror ictimai fəalın ev distaqlığına buraxılmasını istəməyib

Həbsdə olan ictimai-siyasi fəallardan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. 

Noyabrın 20-də Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Anar Məmmədlinin həbsdə saxlanılma müddətinin uzadılması üçün Bakı şəhər prokuroru məhkəməyə təqdimat verib. 

Məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə edib. 

Müstəntiq bildirib ki, istintaq hələ başa çatmayıb, bu səbəbdən də Anar Məmmədli həbsdə qalmalıdır. O, azadlığa buraxılarsa, istintaqdan yayınmaq, şahidlərə təsir göstərmək ehtimalı var.

Vəkillər isə bildirib ki, təqdimat əsassızdır, təmin olunmamalıdır. 

Vəkillər vurğulayıb ki, Anar Məmmədlini həbsdə saxlamadan da istintaq davam edə bilər. Onun istintaqdan yayınmaq, kiməsə təsir göstərmək ehtimalı sadəcə, sözlə deyilməli deyil, əsaslandırılmalıdır. Belə bir fakt isə yoxdur.

Vəkillər Cavad Cavadov və Elçin Sadıqov Anar Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatət verib.

Anar Məmmədli ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamının saxta olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirib.

Məhkəmədə hüquq müdafiəçisinin səhhətindəki problemlərdən də bəhs olunub. Anar Məmmədli deyib ki, səhhətində problemlər olduğu halda, ona tibbi yardım göstərilmir, müayinə olunmur. Nəticədə sağlamlığındakı problemlər daha da dərinləşir.

Müdafiə tərəfinin etirazlarına baxmayaraq, Xətai Rayon Məhkəməsi prokurorun təqdimatını təmin edib və Anar Məmmədli haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Vəkillər bu qərardan apelyasiya şikayəti verəcək.

Bugünkü məhkəmə prosesini izləmək üçün BMT-nin iqlim dəyişikliyi konfransı (COP29) ilə əlaqədar Bakıda səfərdə olan beynəlxalq təşkilatların nümayəndələri də Xətai Rayon Məhkəməsinə gedib. 

Onların arasında Norveçin İnsan Haqları Evindən Ane Tusvik Bonde və digərləri də vardı. İstintaq altında olan şəxsin işi üzrə məhkəmə prosesləri qapalı keçirilir və ora proses iştirakçılarından başqa kimsə buraxılmır. Lakin məhkəməyə gələnlər nəinki Anar Məmmədlinin işi üzrə prosesə, ümumiyyətlə, məhkəmə binasına buraxılmayıb.

"Bu isə qanunsuzdur, çünki onların digər açıq keçirilən proseslərində iştirak etmək hüquqları var”, – vəkil Cavad Cavadov bildirib.

Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb. Daha sonra onun özünün və atasının evində axtarış aparılıb. 

Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir. 

O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.

Anar Məmmədli bundan əvvəl də 2014-cü ildə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub. 

O, 2 il 4 ay həbsdə saxlandıqdan sonra – 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.

Son bir il ərzində ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, "meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Seçilən
34
arqument.az

1Mənbələr