"Əhalinin bunları almağa imkanı yoxdur”
Deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı ölkədə uşaq qidalarına vergi güzəştlərinin tətbiq edilməsini təklif edib.
Deputat Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda uşaq qidaları, həmçinin ləvazimatları sürətlə bahalaşır.
"Əhalinin bunları almağa imkanı yoxdur. Uşaq yeməkləri və uşaq ləvazimatlarına da vergi güzəştləri şamil olunmalıdır. Əgər güzəştlərdən söhbət gedirsə, bu sahəyə çox ehtiyac var”, – deputat deyib.
Azərbaycanda uşaq qidalarının qiyməti minimum 20-22 manatdan başlayır.
Qiymət istehsalçı şirkətdən asılı olaraq 60-70, bəzən 100 manata qədər arta bilir.
Satıcılar alıcıların daha çox ucuz süni uşaq qidalarına üstünlük verdiklərini deyirlər.
Azərbaycanda süni uşaq qidalarının baha olması xaricdən idxal olunması ilə əlaqələndirilir.
Nazirlər Kabinetinin 2017- ci il qərarına əsasən, körpələr üçün nəzərdə tutulan qidaların ölkə ərazisinə gətirilməsinə 0 faiz idxal gömrük rüsumu tətbiq edilir.
Noyabrın 20-də Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili film istehsalına vergi güzəşti təklif edib.
O bildirib ki, film istehsalını təşviq etmək üçün kino yaradıcılığı əlavə dəyər vergisindən (ƏDV) tam azad olunmalıdır.