AZ

Aslan Kərimov: “Danışdıqca problemlər ortaya çıxır”

Azərbaycan millisi dünən İsveçə 6 cavabsız qolla darmadağın olaraq, son illərin ən böyükhesablı məğlubiyyətlərindən birini aldı. C Liqasının qrup oyunlarından sonra cəmi bir xal qazanan və sonuncu olan milli yeni mövsümdə D Liqasında mübarizə aparacaq.

Veteran futbolçu Aslan Kərimov “Futbolpress”ə açıqlamasında nəticələrlə bağlı fikirlərini bölüşüdü:

“Əslində danışılacaq çox şey yoxdur. Oyuna baxdıqda, futbolçularımızın ikili mübarizə zamanı əziyyət çəkdiklərini gördükdə, bəlliydi ki, əgər 3 gündən bir futbol oynayacayıqsa, aqressivliyimiz 50 faiz aşağı düşəcək. Bu azmış kimi də həmin ikili mübarizələrdə çox zəif göründük. Həddən artıq fərdi səhvlərə yol verdik. Oyun düzülüşümüz də bir qədər doğru deyildi. Meydanda 5-4-1 kimi çıxış etdiyimiz görünürdü. Amma mərkəz xəttində cəmi 2 futbolçumuz var idi. Onlar da bizi mərkəzdə üstələdilər. Nə deyim… “.

Aslan bəy problemin nədə olduğuna da toxundu:

“Problemə gəlincə, 1 deyil, 2 deyil. Problem ümumidir. Əgər hər detalına diqqət yetirəsi olsaq, futbolun inkişafı üçün yerli oyunçularımızı yetişdirməsək, bu, düzələn deyil. İstənilən uğur qazanan milliyə baxsaq, hər birinin üzvləri Avropada çıxış edirlər. Əgər biz o yerlərə çıxa bilməsək, xeyri olmayacaq. Ora çıxmaqdan ötrü də gənclərin inkişafı olmalıdır. Onların inkişafı üçünsə akademiyaları inkişaf etdirmək lazımdır və akademiyalarımızın inkişafı üçün də infrastruktur lazımdır. Danışdıqca problemlər ortaya çıxır. Onsuz da bugünkü gündə bizim İsveç millisinə qalib gəlmək şansımız yox idi. Hücum xəttində necə güclü olduqları və bir-birilərini necə rahat başa düşdüklərini görmək olurdu. Doğrudur, müdafiədə boşluqlara yol verirdilər. Lakin həmin boşluqlardan biz istifadə edə bilmədik. Onlar 4-4-2 taktiki sxemiylə oynasalar da hücumlar zamanı irəlidə çoxluq təşkil edə bilirdilər. Biz isə bacarmadıq və nəticə etibariylə belə acınacaqlı məğlubiyyətlə üzləşdik. Danışılası çox şey yoxdur. Bu da bir yenilik deyil ki, aşağı yaş qruplarına diqqət yetirməməyimiz bizim əsas problemimizdir”.

O, milli komandanın baş məşqçisi Fernando Santuşun oyun sxemini də dəyərləndirdi:

“İndi Santuşu meydana çıxartdığı heyətə, seçdiyi strategiyaya görə müzakirə edə bilərik. Ancaq əminəm ki, Santuş istənilən oyunçunu da meydana buraxsaydı və ya istənilən strategiyanı da seçsəydi, biz yenə də İsveç millisinə uduzacaqdıq. Əgər ümumi qlobal şəkildə nəyisə dəyişmək lazımdırsa, aşağı yaş qruplarında klubları düzəltmək lazımdır. Aşağı yaş qrupları üzrə milliləri də demirəm. Çünki, millilərə də oyunçular klublardan gəlir. Akademiya, infrastruktur lazımi səviyyədə olmadığı halda heç bir inkişaf da olası deyil”.

Mirkamal

Seçilən
11
futbolpress.az

1Mənbələr