AZ

Kembric lüğəti ilin sözünü seçib

Kembric lüğəti məşhurların köməyi ilə sosial mediada geniş istifadə edilən "manifest"i bu ilin sözü elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Kembric lüğəti nəşriyyat meneceri Vendalin Nikols, "manifest" sözünün 2024-cü ildə lüğətdə 130 min dəfədən çox axtarıldığını və istifadəsinin bütün sosial media platformalarında əhəmiyyətli dərəcədə artdığını bildirib.

Bu ilki söz olaraq seçilən "manifest"in hazırda fərqli mənalar qazandığına diqqət çəkən Nikols, "Bu, bir sözün mənalarının zamanla necə dəyişə biləcəyini göstərir" deyib. 

Fransız və Latın mənşəli olan "manifest" sözü ən azı 1300-cü illərdən bəri ingilis dilində "aydın" və ya "aşkar” mənasını verən sifət kimi istifadə olunur. İngilis şairi və yazıçısı Uilyam Şekspir də bu sözü həm isim, həm də fel kimi, “aydın” və “aydın etmək” mənasında istifadə etmişdi. 

“Manifest” sözü hazırda daha çox “təsəvvür etməklə və ya istəməklə nəyisə həyata keçirmək” mənasını verir. 

Sözün bu yeni mənası, güclü inanılan xəyalların vizuallaşdırma və müsbət düşüncə vasitəsilə reallığa çevrilə biləcəyi fikrini əks etdirir.

Kembric Universitetinin sosial psixologiya professoru Dr. Sander van der Linden bildirib ki, sözün istifadəsinin populyarlaşmasına baxmayaraq, nəyisə “manifest” edərəkgerçəkləşdirmək ideyasının heç bir elmi əsası yoxdur.

Van der Linden qeyd edib ki, bunu psixoloqlar "sehrli təfəkkür" və ya "müəyyən psixi ritualların ətrafımızdakı dünyanı dəyişə biləcəyinə dair ümumi illüziya" adlandırırlar.

Professor vurğulayıb ki, pozitiv düşüncə və məqsəd qoymağın dəyəri ilə bağlı keyfiyyətli araşdırmalar var, lakin bu, "manifest” etməkdən fərqlidir.

Dünyanın bir çox məşhurları tez-tez "manifest" sözündən istifadə edərək, bu sözü xüsusilə sosial media platformaları vasitəsilə populyarlaşdırıb.

Seçilən
27
cebheinfo.az

1Mənbələr