AZ

COP29-da "İqlim siyasətində dəmir yolları" mövzusunda tədbir keçirilib

Bakı da keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, Azərbaycan Dəmir Yolları (ADY) QSC və Beynəlxalq Dəmir Yolları İttifaqının (BDYI) təşkilatçılığı ilə "Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları" mövzusunda tədbir keçirilib.

Modern.az-ın xəbərinə görə, tədbirdə ADY sədri Rövşən Rüstəmov, BDYİ-nin sədri Alan Berud, ADY sədrinin müavini Arif Ağayev, Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Miroslav Antonoviç, BDYİ-nin dayanıqlılıq üzrə direktoru Lusi Anderton və.s iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDYİ sədri Alan Berud dəmir yollarının multinəqliyyat sisteminin mühüm hissəsi olduğunu vurğulayıb:

“Nəqliyyatın karbonsuzlaşdırılmasının ən səmərəli yolu trafikin dəmir yoluna keçirilməsidir. Məhz buna görə də bu gün BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionları qazıntı enerjisindən istifadə etməyən dəmir yolu, eləcə də elektrik nəqliyyat vasitələrinə üstünlük verilməsinə dair çağırışlar edirlər”.

Daha sonra çıxış edən ADY sədri Rövşən Rüstəmov dəmir yollarının ən dayanıqlı nəqliyyat vasitəsi olduğunu bildirib.

R. Rüstəmov ADY-nın karbon emissiyalarının azaldılması yolunda atılan addımlardan danışaraq, bu istiqamətdə görüləcək işlərə dair fikir bildirib.

O deyib ki, ADY-nin 2030-cu ilə qədər Strategiyasında yaşıl maliyyələşmə imkanlarından istifadə etməklə dayanıqlılıq layihələrinin icra edilməsi öz əksini tapıb:

"Ötən ay Asiya İnkişaf Bankı (AİB) ilə dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədinin imzalanması bunun bariz nümunəsidir".

Sonra Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Miroslav Antonoviç, Beynəlxalq Dəmir Yolları İttifaqının sədri və Polşa Dəmir Yollarının baş icraçı direktoru Alan Berud, AİB-nin Nəqliyyat Sektoru Qrupunun direktoru Ceyms Leder, “Masdar” şirkətinin Azərbaycan üzrə direktoru Murad Sadıxov və ADY sədrinin müavini Arif Ağayev dəmir yollarının ekodost nəqliyyat növü olması, bərpa olunan enerjidən istifadənin artırılması təşəbbüsünün dəstəklənməsi və beynəlxalq maliyyə institutları tərəfindən bu təşəbbüsün maliyyələşdirilməsi kimi məsələlər ətrafında çıxışlar ediblər.

Daha sonra sual-cavab formatında panel müzakirələri təşkil olunub, nəqliyyat ekspertləri və media nümayəndələri adıçəkilən qurumların rəhbərlərinə beynəlxalq dəhlizlərin inkişafı, rəqəmsallaşma, yükdaşımalarda aşağı karbon göstəricilərinə nail olunması üçün gələcək hədəflər barədə suallar ünvanlayıb və bu istiqamətlərdə səmərəli müzakirələr aparılıb.

Sonda ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalanıb.

Seçilən
4
2
korrespondent.az

10Mənbələr