“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalanıb.Metbuat.az xəbər verir ki, imzalanma COP29 çərçivəsində ADY və UIC-in birgə təşkilatçılığı ilə keçirilən “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbirdə baş tutub.Tədbir iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycanın lider rolu və dayanıqlı nəqliyyatın təmin edilməsi, xüsusilə dəmiryol şəbəkəsinin karbon emissiyasının azaldılmasına verdiyi həlledici töhfəyə həsr olunub.Tədbirin əsas müzakirə mövzuları Azərbaycanın tranzit qovşağı olaraq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yükdaşımaların artırılmasında aktiv fəaliyyəti, dəmir yolları nümunəsində nəqliyyatda dekarbonizasiya səyləri, ADY-nin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr və Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində artan rolu olub.ADY sədri Rövşən Rüstəmov tədbirdə “Azərbaycanın regional və qlobal iqlim məqsədlərinə nail olunmasında Azərbaycanın rolu: Ölkənin nəqliyyat strategiyasında dəmir yollarının rolu” mövzusunda çıxış edərək Azərbaycan dəmir yollarının qlobal iqlim çağırışlarına uyğun olaraq 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olması, beynəlxalq GRI və SASB standartları əsasında ADY-də müvafiq diaqnostikanın aparılması və bu diaqnostikanın nəticəsi olaraq ilk dəfə “Dayanıqlılıq hesabatı”nın hazırlanması barədə məlumat verib.R. Rüstəmov qeyd edib ki, son iki ildə ADY karbon emissiyasının azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edib, Azərbaycan dəmiryol şəbəkəsinin 63 %-i elektrikləşdirilib və bərpa olunan enerjinin potensialından geniş istifadə edilib. 2023-cü ildən etibarən ADY enerji istehlakını 5 %, təbii qaz istehlakını 16 %, su sərfiyyatını 23 %, karbon emissiyasını isə 9 % azaltmağa müvəffəq olub. Ötən il sərnişinlərin 100 %-nin, yüklərin isə 80 %-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.ADY sədri bildirib ki, COP29-da əsas gözləntilərdən biri dayanıqlılıq təşəbbüslərinin maliyyələşdirilməsidir. Bu məsələ həmçinin "Azərbaycan Dəmir Yolları"nın gündəliyində yer alıb. ADY-nin 2030-cu ilə qədər Strategiyasında "yaşıl maliyyələşmə" imkanlarından istifadə etməklə dayanıqlılıq layihələrinin icra edilməsi öz əksini tapıb. Ötən ay Asiya İnkişaf Bankı (ADB) ilə dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədinin imzalanması bunun bariz nümunəsidir.