Abutalıb Səmədov: “ABŞ-ın və Avropa Birliyi ölkələrinin maliyyələşmə öhdəliyindən qaçmaları yeni hadisə deyil”
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni maliyyə hədəfinin müəyyən olunması üçün 300-500 milyard dollar arasında yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir.
“Report”a danışıqlara yaxın diplomatik mənbənin verdiyi məlumata əsasən, danışıqlar sərt və ciddi surətdə davam edir. Mənbənin bildirdiyinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. Aİ-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.
Məlumata görə, kollektiv Qərb hər vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb, xüsusilə bu prosesə Çin, Qətər və bu qəbildən olan ölkələri cəlb etmək niyyətindədir. Cənubi Koreya və Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanı qəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və Qərb ölkələrinə təzyiq göstərir.
Mənbə xatırladıb ki, ABŞ-nin bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-nin neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu Tramp seçiləndən sonra çox tərəddüdlü görünür.
Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərindən qəbul edilmiş “fossil fuel transition” sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə mane olurlar. Azərbaycan danışıqlar prosesində vasitəçi və ev sahibidir. Geosiyasi qütbləşmə kəskindir. Yeni maliyyə hədəfi müəyyən olunacaqsa, bu, bütün dünyanın uğurudur. Bu olmayacaqsa, bu eyni zamanda bütün dünyanın və iqlim fəaliyyətinin iflasıdır.
ABŞ və Avropa Birliyi COP-da böyük maliyyə öhdəliyi götürmək istəmirlər. Niyə? Bu nə özbaşınalıqdır? Niyə belə edirlər?
“Dünyada havanı ən çox çirkləndirən ölkələr içərisində irəlidə gedən də elə bunlardır - ABŞ və onun Avropadakı mütəffiqləri”
“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “ABŞ-ın və Avropa Birliyi ölkələrinin maliyyələşmə öhdəliyindən qaçmaları yeni hadisə deyil. Onların, xüsusən də son illər bu cür öhdəliklər götürməkdən qaçmaları adi hal alıb. Məlumdur ki, dünyada havanı ən çox çirkləndirən ölkələr içərisində irəlidə gedən də elə bunlardır - ABŞ və onun Avropadakı mütəffiqləri. Dünyada ən çox neft istehsal edən ölkə ABŞ-dır. Bu il hətta rekord miqdarda neft hasil olunub”-deyə bildirdi.
A.Səmədovun sözlərinə görə, yəni ABŞ sutkada 19, 4 milyon barel neft hasil edərək o səviyyəsinə qalxıb ki, başqa ölkələr ondan xeyli geri qalırlar. A.Səmədov vurğuladı ki, ikinci yerdə gedən Səudiyyə Ərəbistanı sutkada 11 milyon barel, Rusiya ondan da az istehsal edib və sair. “Yəni ABŞ açıq-aydın digər ölkələri qabaqlayıb, dünyada ən çox neft hasil edən ölkədir. Qaz hasilatında da birinci yerdə ABŞ-dır. Şübhəsiz ki, havanın çirklənməsində də öndə gedən ABŞ-dır. Bu səbəbdən iqlim dəyişikliklərinə dair konfranslarda ABŞ həmişə qeyri-konstruktiv mövqe tutub. Məlumdur ki, 2015-ci ildə COP Parisdə keçirilib. Burda çox mühüm bir sənəd - Paris razılaşması qəbul olunub. Bu həqiqətən də çox mühüm sənəddir və Paris konfransında iqlim dəyişikliklərinə qarşı mübarizədə çox böyük irəliləyişə nail olundu. Ancaq Trampın dövründə ABŞ həmin razılaşmadan çıxdığını elan etdi. Hesabda dünyanın lider dövləti hamıdan çox çalışmalıdır ki, iqlim dəyişikliklərinə, atmosferin çirklənməsinə qarşı tədbirlərdə lokomotiv rolunu oynasın”.
A.Səmədovun qeyd etdiyinə görə, Parisdə də belə qərara gəlinmişdi ki, 2050-ci ilə qədər atmosferə atılan tullantıların həcmi sıfır səviyyəsinə endirilsin. “Təbiidir ki, bu çox ciddi hədəfdir və buna nail olmaq o qədər də asan deyil. Nəzərə alsaq ki, ABŞ və bəzi dövlətlər qeyri-konstruktiv mövqe tuturlar, bu hədəfə nail olmaq mümkünsüz görünür. Düzdür, Bayden seçiləndən sonra ABŞ yenidən bu razılaşmaya qayıtdı, o qərar ləğv olundu. Ancaq yenə Tramp seçilib və çox güman ki, onun da ilk addımlarından biri Paris razılaşmasından çıxmaq olacaq. Bundan sonra dünyanın digər dövlətlərinin səyləri çətin ki, ciddi nəticə versin. Üstəlik, Parisdə belə razılaşma əldə olunmuşdu ki, kasıb dövlətlər iqlim dəyişikliyindən hər il təqribən 400 milyard dollar zərər çəkirlər. Bu zərər ilk növbədə dünyanın inkişaf etmiş ölkələri tərəfindən ödənilməlidir. Ancaq yenə ABŞ və onun Avropadakı dostları üzərlərinə öhdəlik götürmək istəmədilər və yalnız 100 milyard dollar yardım məsələsində razılığa gəlmək mümkün oldu. Baxmayaraq ki, tələb 400 milyarddır. Kasıb, iqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərmək barədə qəbul olundu, ancaq heç o 100 milyard dollar vəsait toplanmadı. Çünki ABŞ və Avropa Birliyinə daxil olan ölkələr öz öhdəliklərini yerinə yetirə bilmədilər. Yalnız son illərdə 83 milyard dollar səviyyəsinə qalxmaq mümkün oldu. Ancaq bu da kasıb ölkələrin tələbatını, təbiidir ki, ödəmir”.
A.Səmədov qeyd etdi ki, Bakıda keçirilən və hələ də davam edən konfransda maliyyələşmə ilə bağlı qəbul olunan qərar layihəsi, şübhəsiz, çox mühüm bir addımdır: “Ancaq şübhə yoxdur ki, burada da arzuolunan nəticəyə nail olmaq mümkün olmayacaq. Hesab edirəm ki, Trampın hakimiyyəti dövründə iqlim dəyişikliklərinə qarşı mübarizə xeyli zəifləyəcək. Paris razılaşmasında nəzərdə tutulan hədəflər mümkünsüz hala gələcək. Günümüzün reallığı bundan ibarətdir. Özünü təbiətin və insanların müdafiəçiləri kimi göstərən ölkələr iş görmək məqamında çox təəssüf ki, bu cür davranış sərgiləyirlər, yüzlərlə dövlətin nümayəndələrinin toplaşdığı konfransları nəticəsiz etmək üçün əllərindən gələni edirlər. 300-500 milyard hədəfinə nail olmaq mümkün olmasa da, ancaq ümid var ki, Bakıda keçirilən COP29 iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində mühüm mərhələ olacaq. Burda qəbul olunan qərarlar ABŞ-ın və onun müttəfiqlərinin müqavimətinə rəğmən qəbul olunmuş qərarlar olacaq”.
İradə SARIYEVA