Noyabrın 20-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.
Milli Məclis sədrinin müavini Rafael Hüseynov çıxışında bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
O, əvvəlcə Azərbaycanın 33 illik müstəqillik tarixindən söz açıb. Bildirib ki, bu dövr ərzində əldə edilən ən böyük nailiyyətimiz müstəqillikdir və bu gün ölkəmiz müstəqil dövlət kimi güclü inkişaf yolundadır.
Sonra 2025-ci ilin büdcəsinin ümumi istiqamətlərinə toxunan Rafael Hüseynov XXI əsrin üçüncü onilliyinin prioritetlərinin artıq aydın olduğunu vurğulayıb. O, bu prioritetlərin Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf Milli Prioritetlərində əks olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu gün ölkəmizin gündəmində duran ən vacib istiqamətlərdən biri, Zəfərdən sonra Böyük Qayıdış proqramının reallaşdırılmasıdır.
Büdcə layihəsinin Maliyyə Nazirliyi və əlaqədar qurumların böyük zəhməti bahasına hazırlandığını deyən R.Hüseynov xüsusi vurğulayıb ki, bu sənədin əsas müəllifi Prezident İlham Əliyevdir.
Sonra çıxış edən maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.
Maliyyə naziri 2025-ci il dövlət və icmal büdcələrinin layihələrinin, həmçinin növbəti il üçün icmal büdcənin əsas göstəricilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. O deyib ki, layihə hazırlanarkən Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinin ehtiva etdiyi məqsədlərin reallaşdırılması vəzifəsi rəhbər tutulub, gözlənilən meyillər, həmçinin qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin göstəricilərinə ehtimal olunan təsirləri nəzərə alınıb.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41367,7 milyon manat nəzərdə tutulur, bu da 2024-cü illə müqayisədə 1625,0 milyon manat və ya 4,1 faiz çoxdur. Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1928,0 milyon manat və yaxud 5,3 faiz çoxdur.
Dövlət gəlirlərinin 49 faizi və ya 18773,0 milyon manatı neft-qaz sektorunun, 51 faizi və ya 19543,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür, bu isə cari illə müqayisədə 924,0 milyon manat və yaxud 5 faizdən artıqdır.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozlar, habelə büdcə parametrlərinin layihələndirildiyi dövrdə ölkədə makroiqtisadi meyillər barədə söhbət açıb. Büdcə zərfinə daxil edilən sənəd və göstəricilərin “Büdcə sistemi haqqında” qanuna, büdcə zərfinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olduğunu, büdcə sənədləşməsinin beynəlxalq təcrübəyə əsaslandığını deyib.
Daha sonra iclasda Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, deputatlardan Azay Quliyev, Göydəniz Qəhrəmanov, Tənzilə Rüstəmxanlı, Azər Allahverənov, Şahin Seyidzadə, Ceyhun Məmmədov, Novruzəli Aslanov çıxış edib, növbəti ilin dövlət büdcəsinin layihəsinin yüksək səviyyədə hazırlandığını diqqətə çatdırıblar. Çıxış edənlər təqdim olunan sənədlə bağlı bəzi fikirlərini, rəy və təkliflərini bildirib, suallarını səsləndiriblər.
Maliyyə naziri Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirilən sualları cavablandırıblar.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.