AZ

Samir Şərifovdan eyhamvari ciddi ittiham- cərimələr arada oğurlanır...

Image

İlqar Hüseynli: “Həmin maliyyə cinayətində iştirak edən fərdlər aşkarlanıb üzə çıxarılmalıdır”

“Hazırda yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir: "Biz bu məsələyə nəzarəti gücləndirəcəyik. İcmal proqram təminatı vasitəsilə biz cərimələrin büdcəyə ödənilməsinə nəzarət edəcəyik. Büdcə təşkilatlarının 840 milyon manat daxilolmasını proqnozlaşdırırıq. Bunların əksəriyyəti cərimələrdir. Əsas vəsait bir neçə qurumun payına düşür. Birinci yerdə DİN-dir, ən çox cərimə onlardan daxil olur. İkinci yerdə İqtisadiyyat Nazirliyi gəlir. Bu nazirliyin tərkibində də bir çox qurumlardan cərimələr büdcəyə daxil olur. Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin burada payı var. Bu cərimələr büdcəyə gəlir".

Malyyə naziri deyir ki, cərimələrin büdcəyə daxil olması məsələsində problem var. Necə olur ki,   cərimələr büdcədən yayınır? Elə isə, bu pullar hara gedir? Cərimələrin büdcəyə cəlb edilməsi üçün nə etmək lazımdır?

“Əgər cərimələr dövlət büdcəsinə yönəldilmirsə, demək şəxsi mənbələr yaradılıb və o vəsait şəxsi mənbələrə oturdulur”

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, müxtəlif strukturların öz fəaliyyət istiqamətlərinə uyğun olaraq həm də cərimə tətbiqləri var. “Tutaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağacların kəsilməsi, yaşıllıqların, yaxud “Qırmızı kitaba” düşən bitki və heyvan növlərinin məhv edilməsi ilə bağlı müəyyən məbləğlərdə cərimə sanksiyaları var. Eyni zamanda parklanma ilə əlaqədar AYNA-nın   (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) müxtəlif situsiyalara uyğun olaraq ayrı-ayrı cərimə sanksiyaları mövcuddur. Dövlət Yol Polisi qayda pozuntusuna uyğun olaraq cərimələr tətbiq edir və sair. Azərbaycanda artıq e-qanun portalı yaradılıb və insanlar nəyə görə cərimələndikləri ilə bağlı o portalda seçim edib cərimələrini ödəyirlər. Bunu mən özüm dəfələrlə etmişəm. Məsələn, Yol Polisindən qayda pozuntusu ilə bağlı mənə yazılan cərimələri e-qanun portalı vasitəsilə ödəmişəm. Elə insanlar var Milliönlərlə, eləsi var yerində ödəniş qaydasına uyğun olaraq cərimələri ödəyir. Bunlar müxtəlif tətbiqlərdir. Baxmaq lazımdır ki, niyə bu cərimələr dövlətin büdcəsinə oturmur. Maliyyə Nazirliyi elə bir qurumdur ki, dövlətin büdcəsində olan hər bir qəpiyin, hər bir manatın həm mühafizəsi, həm də o manatın xərclənməsinin istiqamətləri  ilə məşğul olur. Əgər bu pul itirsə, maraqlıdır ki, niyə hörmətli maliyyə naziri Samir Şərifov indi bu məsələni gündəmə gətirir. Fikrimcə, bunun tarixçəsi olmalıdır və belə bir qənaətə gələsən ki, tətbiq olunan cərimələrdən gələn vəsaitin müəyyən bir hissəsi dövlət büdcəsinə yönəldilmir. Əgər cərimələr dövlət büdcəsinə yönəldilmirsə, demək şəxsi mənbələr yaradılıb və o vəsait şəxsi mənbələrə oturdulur. Bu da çox böyük maliyyə cinayətidir”.

İ.Hüseynlinin qənaətinə görə, bu məsələ ciddi şəkildə araşdırılmalıdır və bunu edənlərə qarşı sərt cəzalar tətbiq edilməlidir. “Bu çox ciddi faktdır. Həmin maliyyə cinayətində iştirak edən fərdlər aşkarlanıb üzə çıxarılmalıdır. Hansı dövlət qurumunun tətbiq etdiyi cərimələr dövlət büdcəsinə oturdulmursa, federal büdcəyə daxil olmursa bunlar araşdırılmalıdır. Bunun hamısı  axtarılıb tapılmalı, həmin fərdlər dövlətin qanunları qarşısında buna cavabdeh olmalıdırlar. Ciddi cəzalar tətbiq olunmalıdır” - deyə İ.Hüseynli bildirdi. 

İradə SARIYEVA





Seçilən
23
baki-xeber.com

1Mənbələr