44 günlük müharibə zamanı qondarma "Artsax"ın müdafiə naziri Cəlal Arutyunyan idi.
Hətta müharibənin gedişində- 15 oktyabr 2020-ci ildə ona "Artsax prezidenti" tərəfindən "general" rütbəsi də verilmişdi.
Oktyabr ayının 27-də Cəlal Arutyunyan Arayikin "əmr" ilə "vəzifə"sindən kənarlaşdırıldı.
Hazırda ona qarşı Ermənistanda cinayət işi açılıb və uzun müddətdir ki, istintaq gedir.
"Artsax naziri" iki epizodda təqsirləndirilir:
1) 7 oktyabr 2020-ci il tarixdə Azərbaycan ordusuna qarşı keçirilən əks-hücum əməliyyatının iflasa uğraması;
2) 12 oktyabr 2020-ci ildə erməni diviziyaların birinin canlı qüvvəsinin Azərbaycan SQ tərəfindən sıradan çıxarılması.
Çox sadə bir sual meydana çıxır: "müstəqil Artsaxın müdafiə naziri və generalı" Ermənistanda niyə cinayət təqibinə məruz qalmalıdır?
- Bu istintaq hərəkətləri bir daha sübut edir ki, 2020-ci ildə Azərbaycan işğalçı Ermənistan ordusuna qarşı hərbi əməliyyatlar aparıb.
- Nikol Paşinyan 2020-ci ildə Azərbaycana qarşı aparılan müharibə üçün hüquqi məsuliyyət daşıyır və o, əli həm Azərbaycan xalqının, həm də erməni xalqının qanına batmış təcavüzkardır.
- Cəlal Arutyunyan Ermənistan vətəndaşıdır. Bu olduqca mühüm məqamdır ona görə ki, Azərbaycan ərazilərinə qayıtmaq üçün Qarabağı tərk etmiş ermənilərin ilk növbədə qaçqın statusu olmalıdır. Çünki qayıdış beynəlxalq hüquqda qaçqınlara verilən hüquqdur.
Cəlal Arutyunyanun vaqeəsi onu göstərir ki, Ermənistan vətəndaşı olan və Qarabağı tərk etmiş ermənilər "qaçqın" statusuna malik olmadığından onların Azərbaycan ərazisinə qayıdışlarının tələb edilməsi hüquqi baxımdan heç bir əsasa malik deyil.
Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş Cəlal Arutyunyan kimiləri qayıdış hüququndan məhrum olduqları kimi, Azərbaycan Respublikasının qanunları qarşısında da cavab verməlidirlər.
Bu günlərdə Qarabağda likvidasiya edilmiş qondarma qurumun “dövlət naziri” olmuş Ruben Vardanyanın və ailəsinin hüquqlarını müdafiə edən Jared Genser “Azadlıq” radiosuna müsahibə verib.
Bu müsahibə bir daha təsdiq etdi ki, heç bir hüquqşünasın Ruben Vardanyan və onunla birlikdə Bakıda həbsxanalarda olan "DQR" liderlərini, terror çətələrinin üzvlərini hüquq çərçivəsində müdafiə etmək imkanı yoxdur. İstər milli, istərsə də beynəlxalq hüquq müstəvisində Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər işləmiş həmin şəxslər mütləq və mütləq cəzalandırılmalıdırlar.
Jared Genser lovğa, yekəbaş, həyasız və savadsız təsir bağışladı. Əgər o, ortabab bir Azərbaycan hüquqşünası ilə debata çıxsaydı, üç-beş dəqiqə sonra darmadağın olmuş vəziyyətdə studiyanı tərk etmək məcburiyyətində qalardı. Hətta radionun müxbiri Ülkər Akifqızının maksimum neytral mövqedən səsləndirdiyi suallara da sonadək cavab verməyə savadı və iradəsi çatmadı. Bu odioz "hüquqşünas"ın dediklərini bir-bir təftiş etməyə lüzum görmürəm. Necə deyərlər, axsaq atın nalbəndi kor olar. Sadəcə, bir-iki məsələyə diqqət çəkməklə onun müdafiəçi mövqeyinin beynəlxalq hüquq baxımından niyə absurd olduğunu nəzərə çatdırmaqda fayda var.
Birincisi, Jared Genser etiraf edir ki, Qarabağ Azərbaycan ərazisidir. Beynəlxalq hüquqda yurisdiksiya ilə bağlı ən az mübahisə doğuran məsələ ərazi prinsipidir. Bu prinsipin qısa mahiyyəti budur: Cinayət hansı dövlətin ərazisində törədilibsə, həmin dövlətin öz ərazisində törədilən cinayəti təqib etməyə tam ixtiyarı var.
İkincisi, yurisdiksiya ilə bağlı passiv şəxsiyyət prinsipinə görə, Ruben Vardanyan Azərbaycan dövlətinə və vətəndaşına qarşı cinayət törətmiş xarici vətəndaşdır. Sözügedən prinsipə əsasən, Ruben Vardanyanın Azərbaycan tərəfindən cinayət təqibinə məruz qalması beynəlxalq hüquqa tamamilə uyğundur.