“Benfika”nın argentinalı sağ cinah hücumçusu Anxel Di Mariya keçmişdə birgə çalışdığı portuqal mütəxəssis Joze Mourinyo haqda danışıb.
Arena.az məlumat verir ki, təcrübəli vinger vaxtilə İspaniya nəhəngi “Real”da çıxış edərkən Joze Mourinyo ilə birgə çalışıb.
Xatırladaq ki, bu, “Mour”un “Real”ı çalışdırdığı və portuqal ulduz hücumçu Kirstiano Ronaldonun da Anxel Di Mariya ilə birlikdə “qayamaqlılar”ın heyətində çıxış etdiyi bir dövrə təsadüf edib:
“Real”a qədər mən həmişə sol cinahda oynayırdım. Bu kluba keçdikdən sonra isə sağ cinahda oynamağa çalışmağa başladım və gözlənilmədən bu, çox xoşuma gəldi. Karyeramın sonuna qədər də sağ cinahda qaldım. Joze Mourinyo inanılmaz insandır. O, həmişə yüz faiz oyunçuların tərəfindədir. İşinə yüz faiz can qoysan, o, səni heç vaxt incitməz. Mən orada üç gözəl il keçirdim və bu barədə pis bir xüsusda danışa bilmərəm”, deyə Di Mariya məmnunluqla vurğulayıb.
Xatırladaq ki, Di Mariya 2010-2014-cü illər ərzində “Real”da çıxış edib. Argentinalı futbolçu “qaymaqlılar”ın heyətində 190 oyuna çıxıb, 36 qol vurub, 85 məhsuldar ötürmə verib.
Anxel Di Mariya “Real”la İspaniya La Liqasının, İspaniya Kubokunun (2 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun qalibi olub.
Joze Mourinyo isə bu ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. 61 yaşlı portuqal mütəxəssis İstanbul klunu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”ə də rəhbərlik edib. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.