AZ

Bir günlük “rəhbərlik”

20 Noyabr Beynəlxalq Uşaq Hüquqları günüdür. Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində tədbir keçirilib. Tədbirdə

“Unicef Azerbaijan”ın “Uşaqlar idarəetmədə” (“Kids Takeover”) layihəsi çərçivəsində məktəbli Əsma Mənsurzadə bir günlük Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə rəhbərlik edib. O, hüquqları ilə bağlı qərarların necə qəbul edildiyinin şahidi olub və bu sahədə öz fikirlərini formalaşdıraraq, təkliflər irəli sürmək imkanı əldə edib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək deyib: 

 –Bu gün bütün dünyada, həmçinin Azərbaycanda uşaq hüquqları günü kimi qeyd olunur. Məqsədi isə uşaqların hüquqlarının qorunmasını təmin etmək, onların sağlam, təhlükəsiz və bərabər şəraitdə yaşamaq, təhsil almaq və inkişaf etmək hüquqlarını bir daha vurğulamaqdır. Bu gün biz cəmiyyətin diqqətini uşaqların üzləşdiyi problemlərə, konfliktlər, iqlim dəyişiklikləri və digər səbəblərdən meydana çıxan zorakılıq, ayrı-seçkilik, yoxsulluq və təhsildən məhrum olma kimi məsələlərə yönəldir və onları həll etməyə çağırırıq. Bu, bizim üçün uşaqların rifahını yaxşılaşdırmağa yönələn qlobal həmrəyliyi, və iş birliyini gücləndirən əlamətdar bir tarix, onların öz tükənməz enerjisi, yaradıcılığı və qətiyyətləri ilə harmonik bir dünyanın qurucuları və insanlığın sabahı olduqlarını vurğuladığımız gündür. Gəlin hamılıqla Gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək!

Layihə çərçivəsində quruma rəhbərlik edən Əsma Mənsurzadə çıxışında deyib:

 –Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovanın rolunu bir günlük əvəz etmək mənim üçün unudulmaz həm gözəl xatirə həm də maraqlı təcrübə oldu. Bu təcrübə mənə komitənin fəaliyyətini anlamaqla yanaşı uşaqların hüquqlarını qorumağın cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha göstərdi və məni gələcəkdə uşaqların səsi olmağa, onların hüquqlarını qorumağa daha da ruhlandırdı.

Zərifə HÜSEYNOVA

XQ

Seçilən
19
xalqqazeti.az

1Mənbələr