AZ

İlk dəfə “Nəsimi” operasının premyerası olub

Noyabrın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə “Nəsimi” operası nümayiş olunub.

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini canlandıran bu opera tamaşaçılara onun mənəvi dünyasına səyahət imkanı yaradıb.

Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan opera Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gətirərək Nəsimi irsini gələcək nəsillərə və dünyaya çatdırmaq məqsədi daşıyır.

Operanın təqdimatından əvvəl jurnalistlərə müsahibə verən Xalq artisti, professor Siyavuş Kərimi deyib: “Bu gün “Nəsimi” operasının ilk premyerasıdır, çox həyəcanlıyam. Böyük əzmlə çalışmışıq ki, opera tamaşaçıların xoşuna gəlsin. Operada böyük mütəfəkkir Nəsimi, onun həyatında baş verən hadisələr əksini tapıb. Əlbəttə ki, bənzərsiz söz xiridarının bütün həyatını bu əsərdə əhatə etmək qeyri-mümkün idi. Amma tamaşaçı üçün maraqlı ola biləcək bir əsər hazırlamağa çalışdıq. Operada çox istedadlı ifaçılar yer alıb. İnanıram ki, tamaşaçıların xoşuna gələcək və operanın ömrü uzun olacaq”.

Əsərin musiqisi üzərində altı aya qədər işlədiyini söyləyən Xalq artisti bu işdə zəhməti olan hər kəsə təşəkkür edib: “Düşünürəm ki, üz ağardan bir əsər olacaq və dünyaya Nəsimini təbliğ etmək üçün bizə daha böyük imkanlar yaradacaq”.

Operanın libretto müəllifi, akademik Rafael Hüseynov deyib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin doğuldu və qətlə yetirildiyi ildən çox zaman keçib: “Ancaq bu cür şəxsiyyətlər gəlirlər və əbədi qalırlar. Onları nə tarixdən silmək olur, nə də mənsub olduqları millətin yaddaşından. Zaman keçdikcə belə şəxsiyyətlər rəssamların, rejissorların, bəstəkarların yanaşmasında yenidən doğularaq, yaddaşlara hopurlar. Görkəmli yazıçımız İsa Hüseynov İmadəddin Nəsimi haqqında gözəl bir əsər yazdı və bizim unudulmaz rejissorumuz Həsən Seyidbəyli misilsiz bir film çəkdi və bununla Nəsimi sanki Azərbaycan insanı üçün təzədən doğuldu, təzədən qayıtdı doğma vətənə. Amma aradan böyük zaman keçir, yeni nəsillər gəlir və Nəsiminin bu xalqa daha da yaxınlaşmasına ehtiyac var. Elə bu məqsədlə də Nəsimiyə olan sevgimizi bu opera vasitəsilə yenidən insanlara çatdırmağa qərar verdik. Böyük şövqlə çalışdıq ki, daha gözəl bir əsər ortaya çıxaraq və Azərbaycan opera səhnəsini bəzəyək. Operada Nəsiminin şəxsiyyətini, yaradıcılığının dühasını tamaşaçıya çatdırmağa çalışmışıq. İnanıram ki, “Nəsimi” operası yaşayacaq, hələ uzun illər Azərbaycan səhnəsində olacaq. Çünki musiqisinin gözəlliyi və onun içərisində Nəsimi ruhunun bütün parlaqlığı ilə görünməsi Azərbaycan xalqını cəzb edəcək və çox-çox illər boyu cazibəsində saxlayacaq”.

Premyera tamaşasında İmadəddin Nəsimi obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb. Həmçinin Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüəra), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Zahid), Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (zindan açarçısı), Elmir Rüstəmov (Qazi) və başqaları çıxış ediblər.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssam Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssam Rafael Həsənovdur.

Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet truppası ilə yanaşı, tamaşada Xalq artisti Natiq Şirinovun rəhbərliyi altında “Natiq” ritm qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Əmrah Orucov (ud) birgə çıxış ediblər.

Şübhəsiz ki, “Nəsimi” operası Azərbaycan milli opera sənəti tarixində parlaq hadisələrdən biri kimi özünəməxsus yer tutacaqdır.

Seçilən
9
11
azpost.info

10Mənbələr