AZ

Deputatın QHT-lərə Dövlət Dəstəyi Agentliyinə ayrılan vəsaitlə bağlı AÇIQLAMASI

Milli Məclisin deputatı Azər Allahverənov QHT.az-a açıqlamasında qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin dəstəklənməsi üçün ayrılan maliyyə vəsaitləri, onların artırılması və beynəlxalq platformalarda QHT-lərin iştirakının əhəmiyyətindən bəhs edib. Deputat vurğulayıb ki, Agentliyin fəaliyyəti çərçivəsində mühüm irəliləyişlər əldə olunub və QHT-lərin rolu müxtəlif sahələrdə güclənib.

Azər Allahverənov bildirib:

"Bizim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə bağlı bir neçə fikir bildirmək istəyirəm. Xüsusilə, ideoloji və informasiya müharibəsi önündə duran təşkilatlardan biri də qeyri-hökumət təşkilatlarıdır. Laçın aksiyası və digər aksiyalarda onların fəal iştirakı bu sahədə nə qədər vacib işlərin görüldüyünü sübut edir. Bu gün də, bizim büdcə müzakirələri apardığımız bir vaxtda, bir neçə qeyri-hökumət təşkilatımız Vyanada böyük bir aksiya keçirir. Bu cür tədbirlər həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində əhəmiyyətlidir."

Deputat qeyd edib ki, büdcə proqnozlarına əsasən QHT-lərə ayrılan vəsaitdə 8,5% artım nəzərdə tutulub. Lakin bu artımın daha yüksək - 15-20% civarında olması, daha effektiv fəaliyyətlər həyata keçirmək üçün imkan yarada bilərdi.

"COP29 və COP30 arasında iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə Azərbaycan QHT-ləri fəal iştirak edir. Bu platformalarda Azərbaycanın qeyri-hökumət təşkilatlarının iştirakı böyük önəm daşıyır. QHT-lər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində sülh quruculuğu və iqlim dəyişikliyi məsələlərində əhəmiyyətli rol oynayır. Bu isə əlavə maliyyə və səy tələb edir," - deyə Azər Allahverənov əlavə edib.

Deputat həmçinin yeni platformaların təsis edilməsindən danışaraq vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında QHT-lər arasında əməkdaşlıq güclənir. İlk belə tədbir Azərbaycanda, Füzulidə, ikinci isə bu ilin dekabr ayında Özbəkistanda keçiriləcək. Bu cür platformalar QHT-lərin fəaliyyətini beynəlxalq müstəviyə çıxarır və ölkəmizin mövqeyini gücləndirir.

Sonda Azər Allahverənov QHT-lərə ayrılan vəsaitin artırılmasının vacibliyini vurğulayıb:

"QHT-lərimiz beynəlxalq təşkilatlarla tərəfdaş kimi fəal iştirak edirlər. Ona görə də, bu sahədə ayrılan vəsaitin artırılması xüsusi əhəmiyyət daşıyır və bu səbəbdən də artım məsələsinə diqqətin yetirilməsi olduqca vacibdir".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
18
qht.az

1Mənbələr