Əli bəy Azəri: “Zəngilan ərazisində hansısa bir kilsənin olduğundan, onun dağıdıldığından danışmaq sadəcə bir uydurmadır”
Ermənilər və özünü “xristian təəssübkeşi” kimi qələmə verən bəzi təşkilatlar saxta erməni irsi oyununu dayandırmaq bilmirlər. Dezinformasiya yaymaqla Azərbaycanı nüfuzdan salmaq məqsədi güdsələr də, sonucda özlərini ifşa etmiş olurlar.
COP29 tədbirinin Azərbaycanın ev sahibliyi ilə uğurla keçməsi, burada dünyanın qlobal iqlim dəyişiklikləri istiqamətində vahid mübarizəsini gücləndirən qərarların qəbul edilməsi bizi istəməyən qüvvələri elə narahat edib ki, artıq onlar sayıqlamağa başlayıblar.
Erməni mətbuatı 44 günlük müharibədən və lokal antiterror tədbirlərindən sonra bir qayda olaraq saxta peyk görüntüləri yaymaqda davam edirlər. Növbəti bir düzəltmə peyk görüntüsünü də “Caucasus Heritage Watch” yayıb. İddia edirlər ki, guya Zəngilan rayonunda XIX əsrə “aid” “Tandzatap kilsəsi” “dağıdılıb”. Guya bu peyk şəkilləri 5 oktyabr 2023-cü il - 30 aprel 2024-cü il tarixləri arasında çəkilib (?) . Saxta görüntülər, qondarma ittihamlar irəli sürdükləri bəs deyilmiş kimi, COP29 iştirakçılarının “erməni mədəni irsini” qorumağa çalışmalı olduğunu iddia edirlər. Olmayan bir irsdən danışırlar.
Ümumiyyətlə, Zəngilanda heç vaxt erməni kilsəsi olmadığı məlumdur. Yəni bu barədə heç bir yerdə kiçik bir informasiya belə yoxdur. Araşdırmamız nəticəsində bu fikir bir daha özünü təsdiq etdi ki, Zəngilan rayonu ərazisində erməni kilsəsi olmayıb, burada cəmi iki kilsə var və o da alban kilsəsidir, xristian Albaniyasına məxsus irsdir.
“Bu iddianın heç bir əsası yoxdur, ümumiyyətlə, Zəngilan ərazisində “Tandzatap” adlı kilsə olmayıb”
Zəngilan rayonunun Vejnəli kəndində doğulan və hazırda ədəbi fəaliyyətlə məşğul olan yazıçı Əli bəy Azəri “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zəngilanda heç zaman ermənilər kütləvi şəkildə yaşamayıb və burada adı qeyd olunan kilsə olmayıb, yoxdur da. “Zəngilan rayonu ərazisində ermənilər yaşamayıb. Sovet dövründə ermənilər tək-tək Mincivan qəsəbəsində və Zəngilan şəhərində olublar. Onlar da qatarda bələdçi, mexanik işləyiblər. Amma kütləvi şəkildə Zəngilan ərazisində ermənilərin yaşaması, kəndlərinin, icmalarının olması kimi hal olmayıb. Mən bunu əsassız demirəm. Bilirsiz ki, iki il Azərbaycan Beynəlxalq Universitetində tarix müəllimi işləmişəm, arxivləri tam dəqiqliyi ilə araşdırmışam. Olub ki, günlərlə arxivlərdə işləmişəm. Ermənilərin Zəngilanla heç bir əlaqəsi yoxdur. Kilsə məsələsinə gəlincə, Zəngilan ərazisində heç vaxt ermənilərin kilsəsi olmayıb, ola da bilməzdi. Zəngilan rayonu ərazisində iki kilsə var - biri Şatarıs kəndinin yuxarısında, biri də Qarababa kəndi ərazisindədir. Onların da hər ikisi qədim alban kilsəsidir. Kilsələrdən birində Sovet dövründə arxeoloqlar arxeoloji tədqiqatlar aparıblar, amma o birində isə aparmayıblar. Bu barədə internet resurslarında da geniş məlumat var. Qarababa ərazisində yerləşən alban kilsəsində aparılan arxeoloji qazıntılar, tədiqiqatlar zamanı Makedoniyalı İsgəndər dövrünə aid pul sikkələri, qılınc qırıqları tapıldı”.
Əli bəy Azərinin sözlərinə görə, tarixdən məlumdur ki, Azərbaycan ərazisində xristianlığın yayılması romalıların Şərqə səlib yürüşləri dövründə olub, bu da Makedoniyalı İsgəndərin zamanına düşür, bu baxımdan tapıntılarla hadisə bir-birini tamamlayır. “O dövrlərdə də bu ərazilərdə hay tayfaları ümumiyyətlə olmayıb. Məsələ burasındadır ki, bizim ərazilərə köçürüldükdən sonra ermənilərin o kilsələri özününküləşdirmək istəyini də eşitməmişəm. Zəngilan ərazisində hansısa bir kilsənin olduğundan, onun dağıdıldığıdan danışmaq sadəcə bir uydurmadır. Bu iddianın heç bir əsası yoxdur, ümumiyyətlə, Zəngilan ərazisində “Tandzatap” adlı kilsə olmayıb. Mən onların təqdim etdiyi peyk çəklişlərinə də baxdım və yenə də deyirəm, Zəngilan ərazisində belə bir kilsə yoxdur, olmayıb. Bu, ara qarışdırmaqdan, keçinin suyu bulandırmasından başqa bir şey deyil.
Mən Qafan şəhəri haqda da məlumat vermək istəyirəm. Qafan şəhərinin tarixi çox qədim dövrə gedib çıxır, bu şəhər Şumer zamanında salınıb. Zəngəzur bölgəsində ən böyük dağ Xustubdur. Şumer dövründə buna Baş dağ (Qafa) deyiblər. Şəhərin Qafqan adlandırılması da bununla bağlıdır və Qafın o tərəfi mənasını verir. Şəhərin adı Qafqan qalıb. Ermənilər çox çalışdılar ki, şəhərin adını dəyişib “Qapan” etsinlər. Bilirsiz ki, ermənilər “f” hərfini tələffüz edə bilmirlər. Bu heç cür alına bilməz, Qafqan Qafın o biri üzü olaraq qalır. Burda mis mədənləri var. XIX əsrdə fars tacirləri gəlib işlətmək üçün o mis mədənlərini alıblar və Bakıda neft buruqlarında işləyən həmşəriləri, yəni Cənubi azərbaycanlıları orada işlədiblər. Yəni XIX əsrdə Qafanda, Zəngəzurda ermənilərin izi-tozu olmayıb, bu baxımdan onlar hansı kilsədən danışırlar? Hansı haqla bu iddianı ortaya atırlar? Zəngəzur ərazisində doğulub böyüyən, o yerlərin tarixini bilən, tarixi mənbələri araşdıran bir adam kimi deyirəm ki, Zəngilanda “Tandzatap” adlı kilsə olmayıb. Mən bunu ilk dəfədir eşidirəm” - deyə müsahibimiz bildirdi.
İradə SARIYEVA