AZ

Rusiya nüvə silahına əl ata bilər

Rusiya

Əgər Ukrayna NATO raketləri ilə Rusiya ərazisinə zərbə endirərsə…

ABŞ təlatümlü seçki prosesindən sonra yeni seçilən respublikaçı Donald Trampın qələbəsi ilə öz sakit məcrasına qayıtdı. Çoxlarının gözlədiyinin əksinə olaraq seçki dövrü və sonrasında qarşıdurmaların baş verməməsi ABŞ siyasi arenasında mükəmməl və oturuşmuş seçki sisteminin olduğunu ortaya qoydu. Seçkidən sonra iki prezident Co Baydenlə Donald Trampın Ağ Evdə görüşməsi və hakimiyyətin problemsiz ötürülməsinə dair vədləri onu göstərdi ki, nə qədər də kənardan ABŞ siyasi arenası qarşı-qarşıya dayanan iki partiyanın bir-birinə barışmaz münasibəti kimi təsir bağışlasa da, nəticədə hər iki partiyanın ABŞ dövləti və xalqı qarşısında öz məsuliyyətini başa düşdüyünü göstərdi.

Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, kənardan barışmaz rəqiblər görüntüsü verilməsi sadəcə ABŞ dövlətinin daha da böyük və supergüc məfhumunu irəli aparılması üçün bir arena əldə edilməsi üçün idi ki, seçkinin mahiyyəti də bunun üçün bir vasitə idi. Məğlub rəqibin qalib rəqibi təbrik etmək mədəniyyəti bu barədə çox şeylər deyir. Demokratların hakimiyyəti dövrü ABŞ kimi supergüc üçün çətin sınaqlar dövrü oldu.

Rusiyanın Ukraynaya hücumu, Yaxın Şərqdə İsrail-HƏMAS və “Hizbullah”, eləcə də İsrail-İran qarşıdurmaları ABŞ hakimiyyətini çox zora saldı. ABŞ dövlət kimi bu problemlərin öhdəsindən öz adına layiq kimi çıxa bilmədi.

Rusiyaya tətbiq edilən sanksiyalar və Ukraynaya verilən dəstək fonunda ciddi nəticələrin alınmaması, əksinə Rusiyanın Ukrayna ərazilərini böyük itkilər hesabına da olsa az-az işğal etməsi, İranın İsrailə iki dəfə raket və dron zərbələri endirməsi ilə qırmızı cizgilərin aşılması kimi ABŞ-ın imicinə zərbə vuran proseslərin olması baş verdi. Hətta bunun səbəbi kimi demokratların yenidən hakimiyyətə gəlməsinin qarşısının alınması və Trampın hakimiyyətə gəlməsinin şərt olduğu da ABŞ dövlətinin "Dərin dövlət" fəlsəfəsinə əsasən baş verdiyi qeyd edilən mülahizələr içərisində idi. İndi bu mövqedən çıxış edərək Baydenin hakimiyyətinin son iki ayında Rusiya ərazilərinə uzaq mənzilli raketlərlə zərbə endirməyə Ukraynaya razılıq verməsini analiz edək: “Ukrayna Prezidenti Zelenskinin Trampın gəlişi ilə müharibəni dayandıracağı gözləntiləri fonunda çoxdankı istəyinin indi yerinə yetirilməsi əslində müharibənin daha da qızışdırılması, Trampa sülh üçün imkan qoyulmaması və prosesin yeni mərhələyə keçirilməsi anlamına gəlir. Çünki bu durumda Putinin açıqlamasından irəli gedərək, belə bir raket zərbələrini Rusiyanın Ukraynanın yox, NATO-nun Rusiyaya müdaxiləsi kimi qəbul ediləcəyi və buna adekvat cavab veriləcəyi mesajı idi. Hansı ki, artıq Putin bunu Rusiyanın nüvə doktrinasına da əlavə edilməsi barədə qərarı imzaladığını açıqladı.

Əgər Ukrayna NATO raketləri ilə Rusiya ərazisinə zərbə endirərsə, Kreml buna qarşılıq nüvə silahı işlətmək hüququnu özündə saxlayacaq, hansı ki ilk belə raket zərbəsinin edildiyi qeyd edildi. Zərbələrin əslində Şimali Koreya əsgərləri olan ərazilərə və Kursk vilayəti ərazilərinə ediləcəyi vurğulanırdı. Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan 1000 gün keçir və xarici medianın məlumatına görə, məhz bu gün müharibə tarixində ilk dəfə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində (Bryansk vilayətində) yerləşən 1046-cı maddi-texniki mərkəzə (arsenala) ABŞ istehsallı ATACMS ballistik raketlə zərbə endirilib. Silah-sursat arsenalı məhv edilib və artıq 12 dalğa detonasiya (bazada yerləşən sursatların partlayışı) müşahidə olunub”.

Qeyd edək ki, bir neçə ay qabaq Putin, Rusiya ərazisinə Qərb istehsallı raketlərlə zərbələrin NATO ilə açıq qarşıdurmaya girəcəyi anlamına gəlməyini bəyan etmişdi, başqa sözlə, bunun, qırmızı xətt olduğu vurğulamışdı. Əsas məsələ də odur ki, zərbə Bryansk vilayətinə endirilib, Kursk vilayətinə yox.

Deyilənlər fonunda Rusiya artıq, bunu NATO-nun Rusiyaya hücumu kimi qəbul etməlidir və adekvat cavab verməlidir ki, bu da üçüncü dünya müharibəsinin başlanması deməkdir.

Amma Rusiyanın Trampın gəlişi ilə Ukrayna hərbi kampaniyasından qələbə ilə çıxacağı gözləntisi ilə ABŞ prezidenti Baydenin Rusiyanın ərazisini vurmaq üçün verdiyi razılıqdan sonra Ukrayna tərəfindən ediləcək raket və dron zərbələrinə ciddi reaksiya göstərməyəcək: “Deyildiyi kimi bu zərbələrə NATO-nun müdaxiləsi kimi hələlik baxmayacaq. Məntiqlə iki aydan sonra Rusiyanın qələbəsi kəsinləşəcəksə, niyə də vəziyyəti dünya müharibəsi həddinə gətirsin?

Amma bu iki ay ərzində Rusiyaya ediləcək zərbələr əslində Trampın əlini gücləndirəcək. O, Rusiyanı həm asan, həm də Ukrayna üçün nisbətən məqbul şərtlərlə razı edə biləcək.

Əsas məsələ Ukraynanın, dolayısı ilə NATO-nun Rusiyaya endirəcəyi zərbələrin xarakteri böyük rol oynayacaq. NATO bu müharibənin 1000-ci simvolik günündən sonrakı iki ay müddətində Rusiyaya bu günə kimi vurduğu zərərdən çox zərbə vura bilər. Bu da Rusiya ordusunun tamamilə iflic və çarəsiz duruma düşməsini təmin edə bilər. Bundan sonra rahatlıqla sülh bağlamaq olar, çünki Rusiya artıq heç kimə hücum edə biləcək halda olmayacaq. Avropa da rahat nəfəs ala bilər ki, sülhü qəbul etsin. Hesab edirəm ki, bu versiya məqbul versiyadır. Məsələ ondadır ki, yazının əvvəlində də qeyd etdiyim amillərə əsasən bu günə kimi ABŞ-da heç bir gedən prezident sonrakı özündən sonra gələn prezident üçün problem yaradıb getmir”.

Politoloqun fikrincə, ən pis versiya "hər şeydə bir ilk olurdur"- deyimidir, yəni Bayden Trampa problem yaratmaq, Trampın istədiyi sülh razılaşmasına problem yaratmaq üçün bu raketlərin istifadəsinə icazə verə bilər ki, bu da ən pis versiyalardan biridir. Bu durumda da təbii ki, Rusiyanın reaksiyası qəti olmayacaq, yəni Trampın gəlişini gözləyəcək. Əslində Qərbin razılıq məsələsinin rəsmi təsdiqinin bəyan edilməməsi və Rusiyanın da buna ciddi cavab verməməsi onu göstərir ki, tərəflər artıq bu durumda öz addımlarını müəyyən ediblər: “Bu iki ay ərzində isə Rusiyaya bu zərbələr nəyə başa gələcək isə ayrı mövzudur. Təbii ki, vurulan zərbələrə Rusiyanın qeyd etdiyi reaksiyanı göstərməməsi onu sözünün üstündə dura bilmədiyini görüntüsü yaradacaq. Bundan ürəklənən Qərbin, çünki ABŞ-la yanaşı Böyük Britaniya, Fransa, hətta Almaniyanın da eyni razılığı verdiyi deyilir, daha da güclü zərbələrlə Rusiyanın olub-qalan imicini yerlə bir edəcəklər.

Trampın hakimiyyətə gəlməsi ilə Ukraynanın danışıqlar masasına dəstək kəsildiyi üçün məcbur oturacağı məsələsi də hələlik açıq qalan məsələdir. Məsələ ondadır ki, Zelenski dəfələrlə təkrarlayır ki, ABŞ Ukraynaya ayırdığı dəstəyin heç 5-10%-ni hələ vermir. Dəstək çox zəif və ləng olur. İndi belə bir durumda ABŞ-ın dəstəyinin kəsilməsi Ukrayna üçün nə dərəcədə həlledici olur məsələsi irəli çıxır. Təbii ki, bu dəstək həlledici rol oynayır. Bunun nəticələrini keçən ilin son bir neçə ayında ABŞ Konqresinin ayrılan yardımı dəstəkləməməsi fonunda Ukraynanın cəbhədə düşdüyü durum ciddi problemlər yaratmış, Rusiya xeyli güclənə və irəliləyə bilmişdi. Təkcə Ukrayna əsgərlərinin igidliyi sayəsində ciddi irəliləyişlər əldə edə bilməmişdi. İndi, əgər Tramp Ukraynanı ona sərf etməyən şərtlərlə məcbur danışıqlar masasına oturmağa cəhd edərsə və Ukrayna bu zaman danışıqlardan imtina edərsə, bu durumda Rusiyanın hücumları qarşısında Ukrayna Amerikanın yardımlardan məhrum olarsa, təbii ki, Rusiyanın ciddi nəticələr alacağı mütləq ola bilər, amma bir nüans olmasa idi. Məsələ ondadır ki, Rusiya əlinə düşən bu fürsət qarşısında Ukraynanı məğlub edib, qələbə çaldıqdan sonra yerində dayanarmı? Bu eyforiya ilə Şərqi Avropaya və ya Moldova, Pribaltika respublikalarına hücum üçün dişlərini itiləməzmi, hələ Cənubi Qafqazı demirəm, ümumilikdə SSRİ-2 yaratmaq arzusunu gerçəkləşdirmək iddiasına düşməzmi? Hesab edirəm ki, Trampın təzyiq məqsədi ilə Ukraynaya yardımları kəsməsi durumda Avropanın və Böyük Britaniyanın özü Rusiya ilə müharibə üçün lazım olan ABŞ-ın indiki zəif dəstəyi səviyyəsində dəstək verməyə gücləri çatmazmı? Təbii ki, çatar. Çünki Rusiyaya qarşı görünən odur ki, bu dəstək də kifayət edir. Amma, artıq bu dəfə daha ciddi və məsuliyyətli, çünki ABŞ dəstəyi olmayacaq və müharibənin bir gün onların qapısına çatmaq ehtimalı real və ciddi olacaq”.

Trampın gəlişi ilə dünya arenasında müharibələrin dayandırılması gözləntiləri əslində, bir çoxlarının arzu və istəklərinin reallıq kimi qələmə vermək cəhdidir. Rusiyanın bu qarşıdurmadan kollektiv Qərbin cəhdlərinə rəğmən açıq qələbə ilə çıxması reallığı bir mifdir. Bu Qərb koalisiyasının geosiyasi qarşıdurmanı uduzması, Rusiya öncülüyündə çoxqütblü dünyanın yaranması deməkdir, hansı ki reallıqda bu belə ola bilməz. Çünki maddi və hərbi resursların müqayisəsi bunu göstərir. Putin belə bunu etiraf edir ki, Rusiyanın NATO ilə müharibə edəcəyi fikri ağılsızlıqdır və bunu iddia edənlər axmaqdır. NATO-nun imkanları ilə Rusiyanı müqayisə etmək də mümkün deyil. İndi belə bir durumda Rusiyaya gözləmədiyi halda qələbə hədiyyə etmək onun üçün hədiyyələrini ən böyüyü olar: “Əslində bu günə kimi Rusiya işğalına qarşı Ukraynaya edilən cüzi dəstəyin Rusiyaya hədiyyə edilən şərait olduğu da açıq görünür, təbii ki, müəyyən oyunlar qarşılığında, yəni Rusiyanı tədricən gücdən salmaq baxımından. Bu, tək ABŞ-ın yox, NATO alyansının imicini yox edər. Əbəs deyildir ki, NATO alyansının yeni Baş katibi Mark Rutte qeyd edib ki, NATO sona kimi Ukraynaya dəstək verəcək.

Görünən odur ki, ABŞ və NATO-nun maraqları indiki məqamda fərqli olacaq, əgər Tramp dediyi kimi müharibəni "24saata" Rusiyanın lehinə dayandırmağa çalışsa. Çünki bu müddətə ancaq Rusiyanın xeyrinə bitməsindən danışmaq olar ki, bu da Ukraynanın torpaqlarının böyük hissəsinin itirilməsi anlamına gələcək.

Geosiyasi anlamda Rusiya-Ukrayna müharibəsinin davam etməsi və ya dayandırılması bir sıra ölkələr üçün çox şeyləri dəyişəcək. Şərqi Avropa ölkələri üçün nəticənin Rusiyadan həmişə çəkinmək olacağını qeyd etsək də, Cənubi Qafqaz regionu üçün Rusiyanın qələbəsi təhlükə, məğlubiyyəti isə müəmmalı durum yaradacaq. Məsələ ondadır ki, Rusiyanın bu regionda olmadığı və ya zəiflədiyi bir durumda regiona daxil olacaq yeni oyunçular ilə yerli hakimiyyətlərin əməkdaşlığının necə olacağı maraqlı məqamlar yaradır. İndinin özündə hələ Rusiyanın regionda söz sahibi olduğu bir məqamda digər oyunçuların Ermənistan və Gürcüstan üzərindən regionda oynadığı oyunların təhlükələri bəllidir. Gürcüstanda baş verən seçki sonrası proseslər, Abxaziyadakı qarşıdurma, Azərbaycan və Ermənistan arasında hələ də sülhün bağlanmaması məsələsi Cənubi Qafqazın da sakit günlər arzusunun hələ uzaqda olduğunu göstərir. Qərbin regionda güclənməsinin gətirəcəyi fəsadlar, hakimiyyətlərin dəyişməsi durumunda baş verə biləcək kataklizmlər təhlükənin hələ mövcud olduğundan xəbər verir. Amma Cənubi Qafqazın tək lider ölkəsi kimi Azərbaycanın Türkiyə ilə birlikdə yürütdüyü siyasət bu günə kimi öz nəticəsini necə veribsə, bundan sonra da eyni nəticəni verəcəyi şübhəsizdir. Çünki digər iki Cənubi Qafqaz ölkəsi bu siyasətin gücündən çox asılıdır, hansı ki indinin özündə Abxaziyada Türkiyənin onları qoruması üçün müraciətlər edildiyi xəbərləri eşidilir”.

Cavid

Seçilən
66
50
xalqcebhesi.az

10Mənbələr