AZ

Bizə nə lazımdır?

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı uğursuz çıxışı geniş rezonans doğurub. Yığmanın 6 oyuna cəmi 1 xal qazanması ciddi narazılıqla qarşılanıb.

Fernandu Santuşun təyinatından sonra millinin uğurlu nəticələr əldə edəcəyinə inanlar var idi, artıq onlar da ümidi üzüb. Sonuncu turda İsveçə böyükhesablı məğlubiyyətdən sonra bir qism baş məşqçi Santuşu, bir qism AFFA rəhbərliyini, bir qism futbolçuları günahlandırır.

Dərindən baxılsa, adı çəkilən hər bir məqamda ciddi neqativlər müşahidə olunur. Fernandu Santuş məşqçi karyerasında Portuqaliya yığması ilə Avropa çempionu olub, adından söz etdirib. Lakin həmin komandanın potensialını nəzərə almaq lazımdır. Futbolçuları Avropanın TOP-5 çempionatlarında top qovan, yüksək səviyyədə oynayan futbolçularla titul qazanmaq qeyri-adi bacarıq sayılmamalıdır. Məsələ, aşağı səviyyəli materialla iş ortaya qoymağı bacarmaqdır ki, bu da Santuşda yoxdur. İstər Polşa, istərsə də Beşiktaş karyerası uğursuz alınan məşqçi indi də Azərbaycan yığmasında günlərini sayır.

Futbolçuların üzərinə də böyük məsuliyyət düşür. Komandalarında qənaətbəxş performans sərgiləyən oyunçuların yığmada zəif çıxışı anlaşılmazdır. Klubunda mütəmadi şans qazananlar millidə təcrübəsiz oyunçu təsiri bağışlayır. “Nürnberq”də qollarını sıralayan Mahir İsveçlə matçda qapıya zərbə belə endirə bilmir, yarımmüdafiədə ağıllı oyunu ilə seçilən Aleksey İsayev ortadan çıxa bilmir, müdafiədəki problemlər də başqa mövzudur. Son oyunlar göstərir ki, futbolçular da lazımı səviyyədə can yandırmır. Santuş son oyundan sonrakı mətbuat konfransında belə cümlə işlədib: “Futbolçular meydana çıxanda Azərbaycan naminə oynamalıdır”. Söz və nəticə ortadadır. 6 oyun, 1 heç-heçə. Qələbəsiz tsilk və narazılıq doğuran məqamlar.

AFFA rəhbərliyi… Problemin kökü də məhz burda dayanır. Sistemli şəkildə bir-birini izləyən çatışmazlıqlar məhz ölkə futbolunda inkişafın olmaması ilə bağlıdır. “Qarabağ” rəqabətsiz çempionatda çətinlik çəkmədən çempion olur, aşağı yaş qruplarında üç-dörd komanda yaxşı nəticələrlə diqqət çəkir, qalanları fiasko. Uşaq futbolundan bəhs etməyə dəyməz, adı var, özü yox. Şərəaitsizlik, səviyyənin aşağı olması, stadion problemləri və s. Başlasaq, tamamlamağa günlər lazımdır.

Premyer Liqada 10 komanda mübarizə aparır, yığmanın əsas heyətinə isə 2-3 komandadan oyunçu düşür. Mövsümün sürpriz komandası “Araz-Naxçıvan”dan bir futbolçu yığmaya çağırılır, şans qazanmır. Uğursuz dönəm keçirən, autsayderlər zonasında yer alan “Neftçi”nin üzvləri əsas heyət oyunçuları olur. Maraqlı, eyni zamanda məntiqsiz qərarların şahidi olduq.

Klubunda oyunu ilə ciddi narazılığa səbəb olan Ramil Şeydayev əsas heyətin dəyişilməz üzvünə çevrilir. Santuşu bir məqamda qınamaq da olmur, təcrübəsi var, azından bir mövsüm də olsa, nələrsə bacarıb. Ramil olmasın, kim olsun? Millidə hazırda hücumda fərq yarada biləcək kimdir?

İsveçlə matçda əsas heyətdə yer alan Nəriman Axundzadə “Qarabağ”ın ehtiyat hücumçusudur, Estoniya ilə Qəbələdəki matçda start “11-lik”də yer alan Musa Qurbanlı bir müddət futbolsuz qalıb, formasından uzaqdır. Renat Dadaşovun da yoxluğunda hücum xətti başqa kimə tapşırıla bilərdi?

Suallar çoxdur. Material yoxdur, məşqçi işi də görünmür. Narazılıqlar artır, illərdir çatışmazlıqlar aradan qalxmır. Hər dəfəsində yaxşı olacaq ümidi ilə yola çıxılır, lakin sonluq yoxdur. Qarşıdan isə dünya çempionatının seçmə mərhələsi oyunları olacaq. Millətlər Liqasında qələbəyə həsrət kollektivdə 4 ayda nə dəyişəcək? Yeni nəsil üzə çıxacaq? Aşağı yaş qrupları əsas yığmadan daha betər. Onlar da məğlubiyyətləri sıralamaqla məşğuldur. Millinin taleyi necə olacaq? İllərdir düzəlməyən problemləri kim düzəldəcək? Santuş? Futbolun inkişafı üçün ilkin mərhələsə qısamüddətli düzgün strategiya və onun tətbiqi lazımdır. İtirlən zaman isə futbolumuzdan oğurlanır…

Şahin Cəfərov

Seçilən
23
futbolpress.az

1Mənbələr