AZ

Qorxunc ssenari BAŞLAYIR - III dünya müharibəsi QAPIDA!

Putinin yeni nüvə doktrinasını təsdiqləməsi və Medvedyevin anonsu Qərbi silkələdi; ABŞ və Britaniya nüvə bombası təhdidlərinə reaksiya verdi - “soyuq müharibə” ən pik həddə...

Ukrayna-Rusiya müharibəsi, daha aydın ifadə etsək, Ukrayna üzərindən Rusiya-Qərb savaşı başlayandan bu yana müharibənin gedişində nüvə silahından istifadə ediləcəyinə, bununla üçüncü dünya müharibəsinin başlaya biləcəyinə dair proqnozlar verilir.   

Ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bununla bağlı həyəcanlı açıqlama verib. Artıq 19 noyabrdan etibarən bu haqda daha konkret açıqlamalar gəlməkdədir. Xüsusən də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasını təsdiqlədikdən sonra hərbi bloka daxil olan hər hansı ölkənin RF-yə qarşı təcavüzü bütün blokun təcavüzü kimi qiymətləndiriləcək. “Nüvə silahından istifadə Rusiya tərəfindən yalnız son çarə hesab olunur”. Kremlin mətbuat katibi Dmitri Peskov belə deyib.

Peskov:

“Rusiya həmişə nüvə silahına çəkindirmə vasitəsi kimi baxıb, ondan istifadə həddindən artıq məcburi tədbirdir”, - Kreml sözçüsü vurğulayıb. Peskov deyib ki, Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi Moskvanın nüvə reaksiyasına səbəb ola bilər. O söyləyib ki, Rusiya Federasiyası nüvə silahından istifadəni son məcburi tədbir kimi qiymətləndirir: “Rusiya Federasiyası həmişə məsuliyyətli mövqe tutur və nüvə təhlükəsinin azaldılması üçün səylər göstərir. Rusiyanın yenilənmiş nüvə doktrinası vaxtında nəşr olunub. Sənədin mövcud siyasi vəziyyətə uyğunlaşdırılması üçün nüvə doktrinasının yenilənməsi tələb olunurdu”. Putinin nüvə doktrinasını yeniləməsindən sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəzi qərarların üçüncü dünya müharibəsinə səbəb ola biləcəyini bildirib. Medvedyev qeyd edib ki, NATO ölkələrinin raketlərinin istifadəsi Rusiya tərəfindən alyansın birgə hücumu kimi qiymətləndirilə bilər və bu halda Rusiyanın kütləvi qırğın silahları ilə cavab zərbəsi endirmək hüququ yaranacaq və belə bir ssenari üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.

Yeri gəlmişkən, Böyük Britaniyanın baş naziri Keir Starmer Rusiyanın növbəti nüvə təhdidlərinə cavab verib. Starmer Vladimir Putini müharibəni dayandırmağa və qoşunları Ukraynadan çıxarmağa çağırıb. Britaniyanın Baş naziri qeyd edib ki, Kremlin nüvə təhdidləri Qərbin mövqeyini dəyişməyəcək: “Putinin nüvə silahı ilə bağlı məsuliyyətsiz ritorikası bizim Ukraynaya dəstəyimizi zəiflətməyəcək. İndi biz münaqişənin mininci günündəyik. Bu, Rusiyanın 1000 günlük təcavüzü, Ukraynanın 1000 günlük iztirabıdır. Biz əvvəldən Ukraynanın yanındayıq. Mən bir daha vurğulayıram ki, Ukraynanın Putinə qarşı bu müharibədə qalib gəlmək üçün lazım olan hər şeyə malik olmasını təmin etmək lazımdır”. Starmer birbaşa Putinə müraciət edərək deyib: “Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsinin mininci günündə mən bir daha səslənirəm: müharibəni dayandır və Ukraynadan çıx!”

ABŞ Rusiya doktrinasının yenilənməsinə cavab olaraq öz nüvə doktrinasını dəyişmək niyyətində deyil. Bu barədə ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir: “Rusiyanın nüvə doktrinasını yenilədiyi barədə açıqlaması bizi təəccübləndirmir. Moskva bir neçə həftədir ki, bu barədə siqnallar verir. Rusiyanın nüvə qüvvələrinin konfiqurasiyasında heç bir dəyişiklik aşkar etmədiyimiz üçün biz öz nüvə qüvvələrimizin konfiqurasiyasını dəyişdirmək üçün heç bir səbəb görmürük. Rusiyanın bəyanatlarına cavab olaraq nüvə qüvvələri və ya nüvə doktrinası dəyişdirilməyəcək”. Pentaqonun sözçüsü Sabrina Sinq də oxşar şərh verib. O, Kremlin bəyanatlarını “məsuliyyətsiz ritorika” adlandırıb və əlavə edib ki, ABŞ “Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamətə malik deyil və biz öz nüvə mövqeyimizi dəyişməyə ehtiyac görmürük”. Qeyd edək ki, ABŞ mediası prezident Co Baydenin ilk dəfə olaraq Kiyevə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verdiyi barədə məlumat yayıb. ABŞ Dövlət Departamenti məlumatı təsdiqləyib. Bütün bunların fonunda bu qənaətə gəlmək olarmı ki, üçüncü dünya müharibəsi artıq an məsələsidir? 

Belə gərgin vaxtda “Röyters” agentliyi məlumat yayıb ki, Vladimir Putin danışıqlara hazırdır, lakin ərazi güzəştinə getməyəcək. O, Ukraynanın NATO üzvlüyündən imtina etməsində israr edir, lakin Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır. Məlumata görə, rus ordusu Xarkov və Nikolayev vilayətlərindən çıxa bilər. Həmçinin Moskva cəbhə xəttinin dondurulmasına razılaşacaq. “Kreml Ukraynadan silahlı qüvvələrinin sayını azaltmağı və rus dilindən istifadəni məhdudlaşdırmamağı öhdəsinə götürməyi də tələb edə bilər”, - mənbələr bildirib.

Rəsmi

 Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Trampın seçki kampaniyası dövründə vədlərindən biri, qalib gələrsə, andiçməyə qədər müharibəni dayandıracağı haqda vədlər idi: “Məlum oldu ki, seçicilər qarşısında populist çıxışlar imiş və inaqurasiyayadək heç bir addım ata bilmədi. Bəli, bu müharibəni uzatmaq Qərbin əlində ola bilər, amma onu dayandırmaq heç də təkcə ABŞ-ın əlində olan siyasi iradə deyil. Ona görə də Trampın inaqurasiyasına qədər prosesi köklü dəyişdilər, Britaniya, Almaniya da Baydenə dəstək verməyə başladı. Son yardımlar və bəyanatlar da bunu təsdiqləyir”. Siyasi şərhçi yada salır ki, hələ bu ilin yayında Rusiya lideri nüvə doktrinasını yeniləməyi təklif etmişdi: “Bu silahdan o halda istifadə ediləcəyi elan edilirdi ki, Rusiyanın suverenliyinə təhdid olacaq. İndi isə bəlli olur ki, artıq bir neçə halda nüvə silahı işə salına bilər: elə biri də müttəfiqlərə hücum olarsa... Burada Belarus nəzərdə tutulur. Yenilənən doktrinada başqa bir məqam da var - əgər qeyri-nüvə ölkəsi nüvəyə malik dövlətdən dəstək alıb Rusiyaya qarşı addımlar atacaqsa, nüvə doktrinasının tələbi kimi adekvat cavab verilə bilər. Yəni Ukrayna Qərbin silahları ilə Rusiyanın içərilərini vurmağa başlayanda, Rusiya nüvə silahından istifadəni nəzərdə tutur. Fikrimcə, Rusiya artıq taktiki nüvə başlığından istifadə etmək haqda fikirləşir və növbəti addımlardan biri bu ola bilər”. 

Onun fikrincə, təhlükənin vahiməliyini hər kəs dərk edir və Rusiya da yaxşı başa düşür: “Hər şey Trampın andiçmədən sonra yürüdəcəyi siyasətdən asılı olacaq. Sadəcə, Demokratlar Respublikaçıların növbəti seçkilərdə məğlub olması üçün indidən Donaldın uğursuz fəaliyyəti haqda zəmin hazırlayırlar. Necə olur ki, 3 ilə yaxın müddətdə bu qərar olmadı, məhz indi Rusiyanın dərinliklərinə zərbəyə icazə verilir? Deməli, siyasətdə dəyişiklik edilib və Demokratların iradəsi ilə reallaşan bir qərardır. Bu baxımdan, baş verənləri müşahidə edəndə belə qənaət yaranır ki, Rusiya - Ukrayna müharibəsində tərəflər masaya oturulacaq səviyyəyə hələ gəlib çatmayıblar”. Ekspert bütün hallarda nüvə silahından istifadə təhlükəsinin qaldığını düşünür və onun proqnozuna görə, Ukrayna bu riskdən sığortalanmayıb: “Kiyev dərinliklərə zərbələri davam etdirəcəksə, Moskva da bu silahı işə salmağı reallaşdıra bilər. Çünki Baydenin qərarından dərhal sonra Putin yenilənən nüvə doktrinasını təsdiqlədi. Əslində biz Amerika liderinin qərarından yeni xəbər tutmuşuq, rus kəşfiyyatı isə əvvəldən məlumatlıdır...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Seçilən
31
musavat.com

1Mənbələr