AZ

Maraqlı salamlaşma adətləri

Dil çıxaranlar, üzə tüpürənlər, burun sürtənlər...

Salamlaşma bütün ölkələrin mədəniyyətində xüsusi yer tutur. Hər bir cəmiyyətdə insanlar arasındakı ünsiyyət zamanı birinci söz salamlaşma olur. Salamlaşmaq cəmiyyət içərisində özünəməxsus yeri olan, etik normaları və sosial qayda-qanunları cəmləşdirən bir dəyərdir. Sosial bir bacarıq hesab olunan salamlaşma cəmiyyətdə insanların sosiallığını artırır, sağlam münasibətlərin qurulmasına kömək edir. Bir sözlə, insanlar arasında sağlam bir ünsiyyət və əlaqənin qurulması üçün salamlaşmanın özünəməxsus yeri var.

Müxtəlif din və mədəniyyətlərdə salamlaşma zamanı istifadə edilən kəlmələr xoşbəxtilk və səadət arzulamaq, sağlamlıq və uzun ömür diləmək kimi mənalar daşıyır. Dünya xalqları arasında bədən dili ilə salam vermə zamanı əl və üzdən öpmək, qucaqlaşmaq, sağ əllə görüşmək, əl qaldırmaq, əl yelləmək, papaq qaldırmaq, dizləri bir az bükərək, önə doğru əyilmək, yerə qapanmaq və s. kimi adətlər var.

1973-cü ildən başlayaraq hər il noyabrın 21-i Beynəlxalq salamlaşma günü kimi qeyd olunur. Bu günü iki amerikalı qardaş - Maykl və Brayn Makkomak təsis edib. Beynəlxalq salamlaşma günü soyuq müharibənin ən qaynar çağında təsis olunub. Qardaşlar bu yolla beynəlxalq aləmdəki gərginliyə qarşı çıxış ediblər. O zaman bu ideya dünya ictimaiyyətinin xoşuna gəldiyindən bir çox ölkələrdə onu müsbət qarşılayıblar.

Beynəlxalq salamlaşma gününün qaydalarına görə, həmin gün hər kəs qarşısına çıxan şəxsə onu tanıyıb-tanımamağından asılı olmayaraq salam verə bilər. Avropadan fərqli olaraq Azərbaycanda əhali Beynəlxalq salamlaşma günü barədə az məlumatlıdır. Amma paytaxt Bakıda bu günü qeyd edənlər az da olsa var.

Salamlaşmanın tarixi...

“Salam” ifadəsi əslində döyüş tarixi ilə bağlıdır. Belə ki, qədimdə kişilər hər zaman üstlərində bir silah gəzdirirdilər. Həmin silah da mütləq sağ əldə olmalı idi. Xoş məqsədlə rastlaşan kişilər əldə silah olmadığını bildirmək üçün boş sağ əllərini bir-birinə təqdim edib sıxırdılar. Sonradan bu vərdiş görüşmək nümunəsinə çevrildi.

Salamlaşma ilə bağlı başqa variantda isə deyilir ki, adamlar silahlı olmadıqlarını göstərməkdən ötrü bir-birinə ovuclarının içini göstərirdilər. Amma qədim Romada bu adət azacıq dəyişdi. Belə ki, Romada insanlar boş ovuc göstərənin silahsız olmasına inanmırdılar. Elə zənn edirdilər ki, ovuc göstərən adam libasının altından silah çıxarıb onu vura bilər. Odur ki, tam arxayın olmaq üçün əllərini bir-birinə yaxınlaşdıraraq sıxmağa başladılar.

Bu adət sonradan unuduldu. Yalnız renessans dövrünün əvvəllərində, Avropanın sənaye cəmiyyətinə keçidi ərəfəsində kommersantlar bu ənənəni yenidən dəbə saldılar.

Hərbi salamlaşma...

Hərbi salamlaşma isə Çingiz xanın ordusunda yaranan bir ənənədən meydana gəlib. Orta əsrlərdə dünyanın ən böyük ordusunda sıravi döyüşçüdən tutmuş yüksək çinli sərkərdəyə qədər hər kəs rastlaşan zaman özünün Çingiz xan ordusunun üzvi olduğunu bildirmək üçün əlini çiyin bərabərindən başına aparırdı. Üz-üzə gəldiyi adam eyni hərəkəti edirdisə, onun da döyüşçü olduğu bilinirdi.

Hazırda dünyanın əksər ölkələrində həm mülkü həyatda, həm də hərbdə ənənəvi salamlaşma qaydaları tətbiq olunur. Elə ölkələr var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma qaydaları da var.

Dünya ölkələrində salamlaşma...

Çində salamlaşarkən baş əyən zaman əl bədən boyu uzadılır. Bir birinə yapışdırılan əl həm birliyi, həm də salam verən şəxsin humanistliyini göstərir. Belə ki, baş əydiyi vaxt sinədən aralı bir-birinə əl yapışdırmaqla salam verən həm də “Mən mərhəmətliyəm” jestini edir.

Qədim Şərq döyüş növlərindəki mübarizədən əvvəl və sonra edilən məşhur salamlaşma isə “mən həm mərhəmətliyəm, həm də güclüyəm” anlamını daşıyır. Həmin salamlaşmada sol əl düz və açıq halda yuxarı qaldırılır, sağ əlin yumruğu isə açıq sol əlin içinə vurulur. Burada açıq əl mərhəmətliyin, yumruq isə gücün simvoludur.

Bu sözü demək olmaz...

Amerikada salamlaşan zaman “pisəm” demək çox böyük ədəbsizlik sayılır. Bundan əlavə, ABŞ-da əsasən də gənclərin görüşdüyü zaman etdikləri dost “çest”i salamın tarixinə bir səyahəti yada salır. Onlar bu “çest”lə “əlimdə silahım yoxdur” fikrini ifadə edirlər.

Qeyri-adi salamlaşma adətləri...

Fransada salamlaşan zaman öpüşməklə yanaşı, havaya birdən beşə qədər öpüş göndərirlər.

Soyuqdan donan laplandiyalılar burunlarını bir-birinə sürtürlər.

Mehriban yaponlar üç növ baş əymə ilə salamlaşırlar: ən alçaq, orta və yüngül. Bu da yüksək mədəniyyətə və intizama sahib olan yaponların qarşıdakı adama verdiyi hörməti əks etdirir.

Tibetlilərdə görüşmək çox qəribə vəziyyətdə baş verir. Onlar salamlaşan zaman sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər.

Zulu tayfaları salamlaşarkən “mən səni görürəm”- deyə qışqırırlar.

Afrikanın bəzi tayfalarında adamlar üzbəüz gəldikləri adama tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır.

Salamı və sağollaşmanı ifadə edən bəzi jestlər var ki, onlar fərqli yerlərdə tamam fərqli məna daşıyır. Məsələn, çox ölkədə bütün qolunu bir tərəfdən digər təfərə yellətmək “salam”, “ sağ ol” mənasını ifadə etdiyi halda, Şərqi Asiya ölkələrində bu tamamilə nümayişkaranə bir hərəkətdir. Əlavə olaraq, bəzi Avropa ölkələrində, Yaponiya, Latın Amerikasında bu “xeyr”, ümumiyyətlə, inkar cavab sayıla bilər. Hindistanda isə bu “bura gəl” deməkdir.

Müsəlman dünyasında əl sıxmaq və salamlaşmadan söz açarkən onu deyək ki, “salam”ın özü ərəb sözüdür və “sülh olsun” mənasını verir. Bu gün ərəb ölkələrində qadınların əlini sıxaraq görüşmək qəti qadağandır. Tarixin elə mərhələsi olub ki, ərəb ölkələrində kişilərin belə əl sıxması caiz sayılmırdı. Amma Məhəmməd peyğəmbər zamanında əllə görüşmək çox xoş bir əlamət sayılırdı. İslama görə, sadəcə ildə bir gün deyil, hər gün salamlaşma günüdür.

Yeganə BAYRAMOVA

Seçilən
18
yeniazerbaycan.com

1Mənbələr