İtaliya futbolunun əfsanəsi, keçmiş qapıçı Canluici Buffon həmyerlisi, hücumçu Mario Balotelli haqda söhbət açıb.
Arena.az xəbər verir ki, veteran futbolçu təcrübəli forvardın “Cenoa”ya keçidi barədə bunları dilə gətirib:
“Mario, yolunu azacıq azıb, çünki gerçək çempion olmaq məqsədinə diqqətini cəmləməyi dayandırdı. Halbuki, bunun üçün onun imkanı vardı. Amma onu 34 yaşında “Cenoa”nın heyətində meydanda görəndə, bu mənzərə qəbimi isidir”, deyə Canluici Buffon duyğusalcasına bildirib.
Xatırladaq ki, İtaliya milli komandasının sabiq hücumçusu oktyabrın sonunda “Cenoa” ilə müqavilə imzalayıb. 34 yaşlı futbolçu yeni komandasına azad agent kimi keçib. Tərəflər arasındakı müqavilə bu mövsümün sonunadək (2025-ci ilin 30 iyununa qədər) nəzərdə tutulub.
Mario Balotellinin “Cenoa”dan əvvəlki sonuncu iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. O, bu ilin yayında Super Liqa təmsilçisini tərk edəndən bəri işsiz idi.
Mario Balotelli 2021-ci ilin iyulunda üz tutduğu “Adana Dəmirspor”u 2022-ci ilin avqustunda İsveçrə “Sion”una dəyişmiş, 2023-cü ilin sentyabrında yenidən Türkiyə təmsilçisinə qayıtmışdı. Balotellinin Adana klubundakı karyerası bütövlükdə 51 oyun, 26 qol və 8 assistdən ibarətdir.
İtaliyalı futbolçu karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa” və “Lumessane” kimi klubların da formasını geyinib.
Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib. O, bu oyunlarda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.