AZ

Məhkəmə mağazanın qarşısında ər-arvada xəsarət yetirən şəxslə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Səfər Əkbərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 27 iyun 2023-cü il tarixdə, saat 02:30 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Səfər Əkbərov sərxoş vəziyyətdə zərərçəkmiş S.A.-ın (şərti) işlətdiyi ərzaq mağazasının qarşısına gəlib. O, heç bir əsaslı səbəb olmadan mağazanın çöl hissəsindəki boş şüşə balonları və butulkaları silah qismində istifadə edərək obyektin şüşələrinə, həmçinin mağazanın soyuducularına çırpıb, ucadan səs-küy salıb, nalayiq ifadələr işlədib. Sonra yaranmış səs-küyə görə həmin yerə gələn zərərçəkmiş ona yaxınlaşaraq irad bildirib. Bu zaman Səfər yenidən ucadan səs-küy salıb nalayiq ifadələr işlədib, boş balonları və butulkaları mağazanın şüşələrinə, həmçinin mağazanın soyuducularına çırpıb. Boş butulkalar və balonların sınması və S.A.-ya tərəf sıçraması nəticəsində sonuncuya bədən xəsarətləri yetirib. 

 

Daha sonra S.A.-ın həyat yoldaşı, digər zərərçəkmiş H.M. (şərti) Səfərə yaxınlaşıb. Təqsirləndirilən şəxs də ona hücum edərək əlindəki bıçaqla qəsdən vurub.

 

Hadisədən sonra Səfər Əkbərov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. 

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 21 Noyabr 2024, 08:59   
Seçilən
9
pravda.az

1Mənbələr