AZ

13-cü Ümumdünya Şəhərsalma Forumu Azərbaycana həvalə edilib

Azərbaycan və UN-HABITAT arasında əməkdaşlıq formatı şəhərlərin davamlı inkişafında uğurlu platforma rolunu oynayır

Noyabrın 19-da Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Anaklaudia Rossbaxın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə UN-HABITAT arasında faydalı əməkdaşlıqdan, bu çərçivədə 2022-ci ildə Ağdam şəhərində, 2023-cü ildə Zəngilanda Milli Şəhərsalma forumlarının və Bakıda “Ümumdünya Məskunlaşma Günü” tədbirlərinin uğurlarından bəhs olunub. Məskunlaşma mövzusu COP29-un gündəliyində də prioritetlər sırasında yer almaqla Azərbaycan və UN-HABITAT arasında əməkdaşlığın mühüm göstəricisi olduğunu, eyni zamanda tərəflərin urbanizasiyaya xüsusi həssas münasibətni təsdiqləyir.

“Yaşıl şəhərsalma”da UN-HABITAT-ın tövsiyələri

Qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin əsas hədəflərindən birinə çevrilib. Bu sahədə BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı ilə sıx əməkdaşlıq edən Azərbaycan bir sıra tədbirlər həyata keçirərək şəhərsalma ilə bağlı yenilikləri tətbiq edib.

Müasir çağırışlar dövründə UN-HABITAT-ın əsas tövsiyə və kriteriyalarından biri şəhərlərdə ekoloji və təmiz tikinti normativlərinin tətbiqidir. Məqsəd dünya ölkələrində aşağı karbonlu enerjiyə keçid çərçivəsində “yaşıl texnologiyalar”ın geniş tətbiqi yolu ilə sənaye layihələrinin sayını artırmaq, “yaşıl şəhər” və ya “yaşıl tikinti” layihələrini genişləndirməkdir. UN-HABITAT-ın bu çağırışlarına qoşulan bir çox ölkədə “yaşıl tikinti” texnologiyalarından istifadə geniş vüsət alıb və hazırda daha da təkmilləşdirilir. Mütəxəssislərin hesablamalarına görə, tikinti sektorunun ətraf mühitə təsirləri təxminən avtonəqliyyat vasitələrinin vurduğu zərərə yaxındır. İnşaat sənayesində istifadə olunan texnologiyaların böyük bir qismi ətraf mühitə yanacaq emissiyalarında rol oynayır. Binaların tikintisi zamanı bu cür zərərli emissiyaların təsiri 20 faiz, sonrakı infrastruktur, təminat və enerji təchizatı zamanı isə 40 faiz təşkil edir.

2023-cü ildə qaz emissiyalarının payı 1,3 faiz artıb. Əgər biz 1,5 dərəcə hədəfinə çatmaq istəyiriksə, bu ildən başlayaraq 2030-cu ilə qədər qaz emissiyalarının payını 41 faiz aşağı salmalıyıq. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersenin sözlərinə görə, təkcə dünyada 25 meqapolis şəhər qaz emissiyalarının buraxılmasında 52 faiz paya malikdir. Bu problemi həll etmək yeni nəqliyyat, elektromobil və şəhər konsepsiyaları tətbiq olunmalıdır. Bunun ən optimal yollarından biri “yaşıl şəhər” layihələrinə keçidi sürtələndirməkdir.

COP29-un hədəflərindən biri - “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi”

“Yaşıl tikinti”yə keçid qlobal iqlim alyansının fəal üzvlərindən biri kimi Azərbaycan üçün də gündəlikdə duran əsas məsələlərdən biridir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet istiqamət “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən olunub. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub. Həmin tədbirlərdən biri inşaat sənayesi sektorunun ətraf mühitə zərərlərinin azaldılmasıdır. Bu məqsədlə Azərbaycan hökuməti də “yaşıl şəhər”lərin inşası layihələrinə xüsusi önəm verərək beynəlxalq qurumlarla, o cümlədən UN-HABITAT-la əməkdaşlıq etməkdədir. Həmin çərçivəyə əsasən, tikinti şirkətləri, sənaye avadanlıqları təchizatçıları və maliyyə-bank qurumları da bu istiqamətdə birgə fəaliyyət niyyətlərini bəyan edərək “yaşıl hədəf”lər naminə qarşılıqlı əməkdaşlıq sxemlərini müəyyənləşdirib. İlk müsbət adımlardan biri kimi 2024-cü ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən 11 tikinti və COP29 Təşkilat Komitəsinin bir neçə üzvü “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” imzalayıb.

COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, şəhərlərin gələcək əməkdaşlıq, innovasiya və qarşılıqlı öhdəlik əsasında formalaşması üçün Bakı Davamlılıq Koalisiyası təsis edilib. Koalisiya təbiət əsaslı şəhərsalma yanaşması və güclü əməkdaşlıq vasitəsilə üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) təşəbbüsü konsepsiyalarını həyata keçirməyə imkan verəcək.

“Yaşıl binalar” üçün iqlim maliyyəsi də həll olunur

Müasir şəhərsalmada “yaşıl texnologiyaların” tətbiqi olduqca böyükhəcmli vəsaitlər tələb edir və bu həllərə çatmaq üçün qlobal maliyyə institutlarının dəstəyinə ehtiyac duyulur. “Yaşıl şəhərsalma” hazırda beynəlxalq səviyyədə iqlim maliyyələşməsi portfelində duran ən əsas məsələlərdən biridir. Bu mövzu ötən gün COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı da aktual baxış kimi diqqətdə olub. Tədbirdə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, şəhərlərdə infrastrukturun müasirləşdirilməsinə, enerji səmərəli binalara və dayanıqlı nəqliyyat sistemlərinə sərmayəni artırmaq üçün innovativ maliyyələşmə mexanizmlərinə və daha güclü tərəfdaşlıqlara ehtiyac var. Bu, əməkdaşlıq şəhərsalmanın müasir “yaşıl texnologiyalar” vasitəsilə qurulması nəticəsində iqlim risklərinin aradan qaldırılmasında mühüm rol oynamaqla yanaşı, iqtisadi artım imkanlarının, iş yerlərinin yaradılması və şəhər əhalisi üçün həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Ona görə də iqlim ailəsi gələcəyə baxaraq urbanizasiya sahəsində əməkdaşlığı dərinləşdirmək və daha iddialı hədəflərə çatmaq üçün bütün milli hökumətləri, özəl və ictimai tərəfdaşları bu məqsədlər uğrunda birləşdirməyə çalışacaq, eləcə də maliyyə institutları ilə inteqrasiyanı artıracaq.

Yeri gəlmişkən, qeyd edək ki, urbanizasiya ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycanda “yaşıl binalar”ın inkişafına dair Yol xəritəsi hazırlanacaq. Əməkdaşlıq prioritetlərinə əsasən, BMK ekoloji və təmiz tikinti sahəsində tələb olunan zəruri resurslar və icra mexanizmləri üzrə öz köməyini göstərəcək. Həmçinin, Asiya İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu da “yaşıl şəhər” və “yaşıl tikinti” sektorlarına dəstək verəcəyini bildirib.

UN-HABITAT-ın azad ərazilərdə müasir şəhər quruculuğuna dəstəyi

UN-HABITAT işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır. 2022-ci il oktyabrın 5-də UN-HABITAT və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilməsi BMT-nin ali qurumlardan birinin azad ərazilərdə yeni urbanizasiyaya xüsusi diqqətinin göstəricisi hesab oluna bilər. 44 ölkədən 130-dan çox nümayəndənin qatıldığı forum azad ərazilərdə böhranların aradan qaldırılması və yeni şəhərsalma baxımından uğurlu platforma kimi yadda qalıb. Eləcə də 2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu bu bölgədə davamlı şəkildə “ağıllı şəhərlərin” qurulması ilə bağlı strategiyaların həyata keçirilməsində yeni imkanlar yaradıb.

Təsadüfi deyildir ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir.

Göründüyü kimi Azərbaycan ilə UN-HABITAT arasında səmərəli əməkdaşlıq nümunəvi platformaya çevrilməkdədir və ölkəmizə inam və etimad daha da artır. Bu baxımdan təşkilat ən mötəbər tədbirlərini ölkəmizdə təşkil etməyə üstünlük verir. Bunun təzahürlərindən biri kimi 2026-cı ilin mayında BMT-nin ən yüksək səviyyəli tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumu Azərbaycana həvalə edilib.

Azərbaycan və UN-HABITAT arasında möhkəm əməkdaşlıq formatı gələcək inkişafın və rifahın əsas qüvvəsi olan şəhərlərin davamlı inkişafında yeni meyar və prinsipləri tətbiq etmək, eyni zamanda dünya ölkələri ilə bu sahədə fəal əməkdaşlığı əlaqələndirmək,  qlobal sülhə, təhlükəsizliyə mühüm töhfə vermək baxımından uğurlu platforma rolunu oynayacaq.

ELBRUS CƏFƏRLİ

Seçilən
17
yeniazerbaycan.com

1Mənbələr