COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik 8 ölkədən olan QHT-lərin birgə iqlim təşəbbüslərinə dair forum çıxış edən Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva son dövrlər Azərbaycan sosial-iqtisadi inkişafının yeni mərhələsinə daxil olduğunu vurğulayıb.
Bu gün türk dövlətləri arasında əlaqələrin ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf etdiyini diqqətə çatdıran icraçı direktor tarixdən gələn bir sıra bağlılıqlar və vətəndaş cəmiyyətlərinin qarşılıqlı əməkdaşlığı ilə ölkələrin daha da sıx birləşdiyini bildirib. A.Əliyeva daha sonra deyib: “COP29-un insan kapitalına həsr edilmiş tematik günündə Türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun keçirilməsi çox önəmlidir. Bu baxımdan, Türk coğrafiyasının uzunmüddətli inkişafına yalnız insan kapitalının gücləndirilməsi vasitəsilə nail olmaq və regionun üzləşdiyi ekoloji təhdidlərlə birgə mübarizə aparmaq olar”.
Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Azərbaycanın COP29-a uğurla evsahibliyi etməsinin Türk dünyası üçün önəmini vurğulayaraq, bu prosesdə QHT-lər çərçivəsində də əməkdaşlığın genişləndirilməsini mühüm hadisə adlandırıb. Özbəkistan Qeyri–Hökumət Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev Azərbaycanın bütün beynəlxalq normalardan irəli gələn öhdəliklərə riayət etdiyini vurğulayıb. O, COP29-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü təşəbbüslərin Azərbaycanın dəstəklədiyini də xatırladıb.
Forum çıxış edən natiqlər Azərbaycanı Türk dünyasında ilk dəfə COP konfransını təşkil etməyə nail olmuş ölkə kimi bir daha təbrik edib, bundan fərəh hissi keçirdiklərini bildiriblər. Çox qısa bir müddətdə yüksək səviyyəli təşkilatçılıq tədbirlərinin görülməsinin Azərbaycan dövlətinin qüdrətini növbəti dəfə nümayiş etdirdiyini diqqətə çatdırıblar.