AZ

İrəvan talançılığına görə cavab verməlidir!

Otuz ilə yaxın erməni işğalı altında qalan torpaqlarını 2020-ci ildə hərbi yolla azad edən Azərbaycan Ermənistanla hüquqi müstəvidə mübarizəsini davam etdirir. Hazırda Ermənistanın Azərbaycana vurduğu maddi-mənəvi ziyanlarla bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində bir neçə işə baxılır. Xarici və daxili siyasət sahəsində aydın baxışlara malik ölkəmiz qarşı tərəfdən təzminat almaqda israrlıdır.

Xarici İşlər Nazirliyinin dünən yaydığı məlumatda bildirilib ki, Azərbaycan hökuməti noyabrın 19-da Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsinə Ermənistana qarşı əsas iddia sənədini təqdim edib. Bildirilib ki, əsas iddia sənədində Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatları əks etdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə hələ 2004-cü ildə informasiya müharibəsində və xarici siyasətdə müdafiədən hücum diplomatiyasına keçilməsi vəzifəsi irəli sürülüb. Bu da təsadüfi deyildi. Etiraf etmək lazımdır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnamələr istisna olmaqla, həmin tarixədək Ermənistan bizi beynəlxalq təşkilatlarda üstələyirdi. İşğalçı olmalarına baxmayaraq, onların səsi daha bərkdən çıxırdı. Qərbdəki tərəfdaşlarına arxalanan haylar ilhaq siyasətini legitimləşdirməyə çalışırdılar. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasına, 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşməsinə baxmayaraq, daha çox sıxışdırılırdı. Ölkəmiz, necə deyərlər, haqlı ikən haqsız duruma düşmüşdü. ABŞ Konqresinin 1992-ci ildə Azadlığa Dəstək Aktına əlavə etdiyi 907-ci düzəliş bunun bariz göstəricisi idi. Erməni lobbisinin təşəbbbüsü ilə qəbul edilmiş bədnam düzəliş Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan etmişdi. Nəticədə bu qadağa Azərbaycanı ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet ölkəsinə çevirmişdir.

Prezident İlham Əliyevin apardığı xarici siyasət isə Azərbaycanın milli maraqlarına uyğun olaraq, beynəlxalq aləmdə ölkənin mövqeyinin möhkəmləndirilməsinə və ərazi bütövlüyünün təmin olunmasına yönəlmişdir. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin Ermənistan işğalı altında olması xarici siyasətdə çevikliyimizi tələb edirdi..

Cənab İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların zirvə görüşlərində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, ermənilərin işğalçılıq siyasətinin ifşa olunmasında böyük xidmətlər göstərmişdir. Prezident Davos İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı, Valday Diskussiya Klubu və digər beynəlxalq və regional miqyaslı tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu və bununla barışmayacağımızı iştirakçıların diqqətinə çatdırmışdır. Dövlətimizin başçısı ölkəmizin həmişə sülh tərəfdarı olduğunu, ancaq torpaqlarımızın sülh yolu ilə qaytarılmayacağı təqdirdə müharibə yolunu da istisna etmədiyini dəfələrlə vurğulamışdır. Ancaq Ermənistana 20 il ərzində (1998-2018) rəhbərlik edən nə Qarabağ klanı, nə də 2018-ci ildə “məxməri inqilab” yolu ilə hakimiyyətə gəldiyini iddia edən Nikol Paşinyan iqtidarı bu xəbərdarlıqdan lazımı nəticə çıxarmadılar. Paşinyanın daha qızışdırıcı bəyanatlar verməsi, necə deyərlər, yanan ocağa benzin tökməsi hər kəsə məlum olduğundan bu barədə geniş bəhs etməyə ehtiyac duymuruq. Sadəcə olaraq, qeyd etməyi vacib sayırıq ki, məhz onun təxribatçı addımları İkinci Qarabağ müharibəsinin baş verməsində həlledici rol oynadı...

Dörd ildir ki, Azərbaycan torpaqları azadlığına qovuşub, ötən ilin sentyabrında dövlət suverenliyimiz tam bərpa olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış, viranə qoyulmuş yaşayış məntəqələri sıfırdan inşa olunur. Bu proses külli miqdarda maliyyə tələb edir. Maliyyə naziri Samir Şərifov bu il sentyabrın 27-də jurnalistlərə açıqlamasında bildirib ki, 2020-ci ildən başlayaraq, 2024-cü il də daxil olmaqla, dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb. Onun sözlərinə görə, 2025-ci ildə 4 milyard manat məbləğində vəsait ayrılması nəzərdə tutulur. Bu, 2025-ci ilin dövlət büdcəsi xərclərinin 10,1 faizi deməkdir.

Aydındır ki, Azərbaycanı bu xərci çəkməyə vadar edən işğalçı Ermənistandır. Hayastan zəhmət çəkib, həmin xərcləri təzminat şəklində ödəməlidir. Bu mənada Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etməsi tamamilə doğru və qanunidir. İrəvan hər bir sahə üzrə ölkəmizə vurduğu ziyanın əvəzini qarşılamalıdır.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bu iddia sənədi 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana arbitraj haqqında bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj Məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 2024-cü il yanvarın 12-də keçirilib. Qeyd edilib ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 30 ilə yaxın davam edən qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib.

Ermənistanın beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini göstərmək olar. Bura əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng su anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, işğalda olmuş Cəbrayıl rayonunda yerləşən “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa edilən enerji mənbələri, habelə digər resurslar daxildir.

Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın “Xudafərin” və “Qız Qalası” layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına əngəl törədib.

XİN bildirib ki, Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətinə davam edəcəkdir.

Onu da bildirək ki, Prezident İlham Əliyev hələ 2021-ci il fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında da bu məsələyə toxunmuşdu. Prezident qeyd etmişdi ki, azad edilmiş torpaqlarda bizim qızıl mədənlərimiz vəhşicəsinə istismar edilirdi. Bu, beynəlxalq cinayətdir və artıq bu cinayəti törətmiş bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb: “Mən bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm, bir də demək istəyirəm ki, ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, kompensasiya verəcəklər, ya da məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə həm tam əminəm ki, məhkəmədə uduzacaqlar, eyni zamanda, dünya miqyasında biabır olacaqlar. Çünki başqa ölkədə qanunsuz işlərlə məşğul olmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, o ölkənin təbii sərvətlərini talamaq cinayət sayılır və bu şirkətlərin beynəlxalq reputasiyasına da çox ciddi ziyan dəyəcək”.

Dövlətimizin başçısı bildirmişdi ki, bununla paralel olaraq, bizim meşə fondumuz da məhv edilib. 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb. İşğala qədər meşələrimizin ümumi həcmi haradasa 220-230 min hektar idi. Bunun 54 min hektarı kəsilib, dağıdılıb: “Onlar ondan müxtəlif məhsullar istehsal ediblər, bildiyim qədərilə, orada parket biznesi də çox geniş vüsət almışdır, xarici şirkətlər də burada iştirak ediblər. Yəni, bütün dəymiş ziyan hesablanacaq. O cümlədən bizim torpaqlarımızdan qanunsuz şəkildə istifadə edən şirkətlər də cərimələnəcək. Azad edilmiş torpaqlarda ancaq taxıl altında 100 min hektara yaxın torpaq var idi, qanunsuz istismar edirdilər və gəlirlər götürürdülər. Onu da hesablayacağıq. Bu, işin bir tərəfi. İndi nə dərəcədə beynəlxalq məhkəmələrdə reaksiya veriləcək, bu, işin ikinci məsələsidir. Burada əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bu təzminatı ödəməli olacaqlar”.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, Vətən müharibəsindən sonra Azərbaycan beynəlxalq məhkəmələrdə iddialarını genişləndirir və 30 illik işğal dövründə ölkəmizə müxtəlif sahələrdə vurulmuş ziyanın ödənilməsi üçün, belə deyək, hərəkat başladılıb. Bu, çox təqdirəlayiq addımdır. Çünki işğal dövründə ölkəmizin enerji resursları da istismar olunub və Ermənistana ötürülüb: “Xüsusilə vurğulamaq lazımdır ki, Tərtər Su Elektrik Stansiyası istismar olunb. “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının layihə sahələrinə daxil olmağımıza isə təbii ki, imkan verilməyib. Bu ərazidə ölkəmizin həm təbii ehtiyatları, həm də bərpa olunan enerji layihələri Ermənistan və onun Azərbaycan torpaqlarında yaratdığı keçmiş separatçı xunta rejimi tərəfindən mənimsənilib. Düşünürəm ki, Azərbaycanın bununla əlaqədar Daimi Arbitraj Məhkəməsinə Ermənistanla bağlı iddia sənədi təqdim etməsi nəticəsini verəcəkdir”.

Politoloq qeyd etdi ki, digər tərəfdən Ermənistan növbəti cinayətləri həm də cəzasızlıq mühitində törətmiş, ekosid, urbisid, kultursid həyata keçirmişdir. Nəticədə bir tərəfdən ekologiyaya ziyan vurulmuş, digər tərəfdən təbii qaynaqlar istismar edilmişdir. Hazırda törədilən bütün cinayətlərin sorğulanması həyata keçirilməkdədir: “Fikrimcə, bu məhkəmə çəkişmələrinin müsbət nəticəsi olacaq. Bundan öncə də Azərbaycan tərəfi Haaqada yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyasının tələblərinin pozulması, diskriminasiya ilə bağlı iddialar qaldırılmışdır. Həmin işdə separatçı rejimin qeyri-qanuni fəaliyyəti ilə bağlı xüsusi müddəalar var idi”.

Müsahibimiz onu da bildirdi ki, hazırda qaldırılan iddia isə dünyada mövcud olan əsas çağırışlarla uyğunluq təşkil edir. Xüsusilə, bu iddianın Azərbaycanda BMT-nin himayəsi altında İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un keçirildiyi günlərdə qaldırılması rəmzi xarakter daşıyır. Çünki Azərbaycan dünyada biomüxtəlifliyin, ekologiyanın qorunması, su ehtiyatlarına əlçatanlığın təmin olunması və yaşıl enerjiyə keçid istiqamətində qlobal təşəbbüslər irəli sürür. Eyni zamanda, dayanıqlı inkişaf haqqında da düşünür. Məhz erməni işğalı Azərbaycanın dayanıqlı inkişafını ləngitmiş, buna məhdudiyyətlər qoymuşdur. Bu çərçivədə Azərbaycan hökumətinin Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Daimi Arbitraj Məhkəməsinə Ermənistana qarşı əsas iddia sənədini təqdim etməsi dünya ölkələri tərəfindən də müdafiə edilməlidir.

Səxavət HƏMİD
XQ

 

Seçilən
12
xalqqazeti.az

1Mənbələr