Spirtli içki istehsalı ilə məşğul olan qalmaqallı iş adamı Emin Hüseynovun rəhbərlik etdiyi "Quseynoff" MMC-nin xeyli miqdarda vergi borcu yaranıb.
Pravda.az-ın xəbərinə görə, şirkətin indiyədək dövlətə olan borcu 166 105 manatdır.
Qeyd: 2021-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Təcrübə göstərir ki, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.
Xatırlatma: E.Hüseynov bir müddət əvvəl, "Mercedes-Gelandewagen" markalı avtomobillə "Baboş" ləqəbi ilə tanınan tiktoker Babək Cabbarova görə Bərdəyə getməsi müzakirələrə səbəb olmuşdu. Digər məsəl isə onun rəhbərlik etdiyi şirkət qanunsuz fəaliyyətdə və saxta içki istehsalında ittiham olunur. Belə ki, daxil olan müraciət əsasında Göygöl rayonunun Quşqara kəndində "Demonn" MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb. Yoxlama zamanı "Demonn" MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən "Quseynoff" MMC-də istehsal edildiyi məlum olub. "Quseynoff" MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlanıldığı qeyd edilib. Müəssisədə sifariş əsasında satışı həyata keçirilən "Quseynoff" əmtəə nişanlı viski məhsulundan və "Demonn" MMC-yə məxsus istehsal tarixi 19 sentyabr 2024-cü il göstərilən "Organic River", istehsal tarixi 31 avqust 2024-cü il göstərilən "Time Vodka" əmtəə nişanlı araq məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Xəyal Quliyev