AZ

Mediaya dövlət dəstəyi davamlıdır

Vergi Məcəlləsinə dəyişiklik Azərbaycanda media sahəsində aparılan islahatların, ümumən, dövlət siyasətinin davamlı xarakter daşıdığının növbəti təsdiqidir. Aydındır ki, başlıca məqsəd media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirilməsidir.

Bunu Azərbacan Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı fikirlərini bölüşərkən deyib.

R.Məcid qeyd edib ki, cəmiyyətə informasiya verilməsinə məsul ayrı-ayrı şəxslərlə təmaslar zamanı onlar əldə etdikləri gəlirdən vergi tutulmalarının çox olduğunu bildiriblər. Əlamətdar haldır ki, qanunvericilikdə bu durum nəzərə alınacaq. Bu isə real gəlirlərin artımını şərtləndirəcək və deməli, həmin şəxslərin sosial rifah halı da yaxşılaşacaq.

MŞ sədri ölkəmizdə “Media haqqında” Qanuna əsasən media subyekti və jurnalist kimi fəaliyyət göstərənlərin imtiyazları xüsusunda indiyədək reallaşmış tədbirlərdən də söz açıb. O, bu baxımdan ipoteka qanunvericiliyinə edilən dəyişikliklərin üzərində dayanıb. R.Məcid bildirib ki, sözügedən dəyişiklik jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə hüququnu verib. Bu isə onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dəstəkdir.

“Ölkəmizdə media fəaliyyətinin iqtisadi cəhətdən stimullaşdırılması baxımından daha bir mühüm addım kitablar və dərsliklərlə yanaşı, kütləvi informasiya məhsullarının ərsəyə gəlməsi üçün kağızın idxalının və satışının ƏDV-dən azad edilməsidir. Bu 2022-ci ildə gerçəkləşdi. 2023-cü ildə isə media fəaliyyətinin, demək olar, bütün komponentlərinin 3 il müddətinə ƏDV-dən azad olunduğunu gördük”, – deyən R.Məcid gerçəkləşdirilməkdə olan qanunvericilik tədbirlərinin cəmiyyətə informasiya verilməsinə məsul daha çox şəxsi əhatə etməsinin vacibliyindən söz açıb.

Şura sədri vurğulayıb ki, bunun üçün həmin şəxslərin özləri də qanunun əhatə dairəsində təmsilçiliyə maraq göstərməlidirlər. Yəni, hər kəs dərk etməlidir ki, qanunlar çərçivəsində həyata keçirilən jurnalist fəaliyyəti üstünlüklər qazandırır.

R.Məcid onu da bildirib ki, qanunla müəyyən edilən imtiyazlar jurnalistikanı stimullaşdıracaq və nəticədə, peşəyə marağı gücləndirəcək.

XQ

Seçilən
8
xalqqazeti.az

1Mənbələr