AZ

Liderin quruculuq kursu

II MƏQALƏ

Lider öz ölkəsini güclə deyil,
nümunə olmaqla irəli aparır.

Mao SZEDUN

Siyasi lider və liderliyin növləri

Dövlət quruculuğunun dinamik proses olması və buna uyğun şəkildə liderliyin də dinamikliyi qəbul edilir. Yeni liderlikdə dinamik dəyişmələrin təbii və zəruri şərt olduğu mübahisə doğurmur. Müstəqil dövlətin uğurlu lideri olmaq məsələsi də bu baxımdan xüsusi politoloji təhlil tələb edir. Nəzəri və praktiki təcrübə göstərir ki, bu məsələ ilk baxışdan sadə görünsə də, praktiki fəaliyyətdə kifayət qədər mürəkkəb fenomen təsiri bağışlayır. O cümlədən, dövlət identikliyi kontekstində uğurlu liderlik asan dərk edilən məsələ deyildir.

Biz birinci məqalədə dövlət identikliyində varisliyin əhəmiyyətini təhlil etməyə çalışdıq. Dövlət identikliyində varisliyi uzun müddət təmin etməyin digər mühüm tərəfi yaradıcı (kreativ) liderliklə bağlıdır. Çünki lider daima konkret situasiyada (liderliyin situativlik təlimi) dəyişən şərtlər daxilində transformasiya etməsi (liderliyin transformasiya təlimi) və bu zaman əhəmiyyətli olan dəyərlərin diqqətə alınması (liderliyin dəyərlər təlimi), sosioloji, psixoloji, kulturoloji, kommunikativ, informasion, ideoloji, gender və s. faktorların qarşılıqlı əlaqəsinin nəzərdə saxlanması kimi mürəkkəb funksiyanı yerinə yetirməlidir. Bu da özlüyündə liderin yüksək yaradıcılıq, kreativlik qabiliyyətinə malik olmasını tələb edir.

Jan Blondelin siyasi lider tərifini xatırlasaq, orada mühüm bir özəlliyin yer aldığını görərik. Lider cəmiyyətin fərdlərini hərəkətə gətirməli, onları fəallaşdırmalıdır. Bu ümumi məqam kfayət qədər yüksək yaradıcı yanaşma tələb edir. Çünki indi bütün miqyaslarda vəziyyət sürətlə dəyişir və meydana əvvəllər müşahidə edilməyən şərtlər çıxır.

Bundan başqa, politoloji və fəlsəfi tədqiqatlar siyasi liderlikdə bir xüsusiyyəti ortaya qoyur. Liderlər fəaliyyətlərinə, şəxsi keyfiyyətlərinə, psixoloji özəlliklərinə, dəyərlərə münasibətlərinə və digər faktorlara görə müxtəlif kateqoriyalara, liderlik tipinə bölünürlər. Onlara qısa nəzər salaq.

M.Veber liderləri ənənəvi, rasional-leqal və xarizmatik kateqoriyalara bölür.

R.Taker siyasi şüurun özəlliyi əsasında islahatçı-lider, inqilabçı-lider və mühafizəkar-liderdən bəhs edir. İslahatçı-lider cəmiyyətin quruluşunu əhəmiyyətli dərəcədə dəyişməyi məqsəd kimi seçəndir. İnqilabçı-lider başqa ictimai sistemə keçməyi hədəfləyəndir. Mühafizəkar-lider cəmiyyəti olduğu kimi saxlamağa çalışandır.

M.Hermannın təsnifinə görə, liderlər “bayraqdar”, “xidmətçi”, “ticarətçi” və “yanğınsöndürən” kateqoriyalarına bölünürlər. “Bayraqdar” cəmiyyətin siyasi sistemini dəyişməyə can atır. “Xidmətçi” tərəfdarlarının iradəsinə xidmət edir. “Ticarətçi” özünün ideyalarını kütləyə məharətlə təqdim edir və onları həmin ideyalara yiyələnməyə sövq edir. “Yanğınsöndürən” ən aktual və vacib olan məsələlərin təcili həllinə istiqamətlənir.

Liderliyin digər təsnifatları da mövcuddur. Məsələn, dəyərlər nəzəriyyəsində liderlərin yetişdirilməsi məsələsinə də baxılır (K.Hockinson, İ.Adzies).

Ancaq yanaşmaların çoxluğu və təsnifatların fərqliliyi onu göstərir ki, uğurlu liderlik, göründüyü kimi, sadə vəzifə deyildir. Burada bir-biri ilə kəsişən xeyli elementlər vardır. Buna görə də universal uğurlu lider kateqoriyası mövcud deyildir. Məsələyə ancaq konkret tarixi dönəmdə bir ölkədə mövcud olan vəziyyət kontekstində baxmaq lazım gəlir. Hər bir özəl nümunədə xüsusi liderlik kateqoriyasına rast gəlinə bilər. Yəni indi politologiyada və hətta, fəlsəfədə mövcud olan liderlik növlərindən fərqli və ya onların kombinasiyası olaraq uğurlu lider nümunəsi yarana bilər. İlham Əliyevin liderliyinə məhz bu kontekstdə yanaşmaq daha uyğun görünür.

Varislik və yaradıcılıq

Siyasi varis kimi İlham Əliyev Ulu öndərin bütün baza prinsiplərini saxladı. Burada azərbaycançılıq məfkurəsi aparıcı yer tutur. Siyasi anlamda azərbaycançı olmaq hər bir məsələdə Azərbaycan dövlətinin maraqlarına üstünlük verməyi tələb edir. Maraqlı və əhəmiyyətlidir ki, azərbaycançılığı İlham Əliyev liderliyin bütün aspektlərinə tətbiq edərək faktiki olaraq onun anlamını genişləndirmişdir. Burada müstəqil dövlət quruculuğu, enerji strategiyası, cəmiyyət quruculuğu, təhlükəsizlik və dövlət identikliyinin qlobal miqyasda qəbulu aspektləri konkret sinxronluq təşkil etmişdir.

Müstəqil dövlət quruculuğu davamlı olaraq dəyişən regional və qlobal geosiyasi proseslərin fonunda mərhələli şəkildə inkişaf etdirilmişdir. 2003-cü ildən bu yana onun ilk mərhələsini Azərbaycanın enerji strategiyası çərçivəsində milli təhlükəsizliyin regional və regionlararası miqyasda təminatı təşkil edir. Bu proses, heç şübhəsiz ki, idarəetmə institutlarının səmərəliliyinin artırılması, daxili təhlükəsizliyin tam təmini, sosial-iqtisadi siyasətin düşünülmüş inkişaf prioritetlərinin müəyyən edilməsi, ordu quruculuğu və bütövlükdə müdafiə qüdrətinin yüksəldilməsi kimi vacib faktorları özündə cəmləməlidir.

Sosial-iqtisadi inkişafın prioritetlərinin strateji perspektivi kontekstində müəyyən edilməsinin burada aparıcı rol oynadığını anlamamız gərəkdir. Bununla bağlı hazırlanmış sənəddə həmin prioritetlər dəqiqliklə müəyyən edilmişdir. Onlar aşağıdakılardır:

– Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

– dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

– rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

– işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

– təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bunlar 2030-cu ilədək Sosial-iqtisadi inkişafın Milli Prioritetləridirlər. Bundan başqa, ayrıca 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafın əsas istiqamətləri və onları həyata keçirəcək təşkilatlar müəyyən edilmişdir. Bununla faktiki olaraq strateji inkişaf iki vacib mərhələyə bölünmüşdür.

Aydındır ki, XXI əsrdə liderliyin əsas xüsusiyyətlərindən biri strateji məqsədi dəqiq müəyyən etməkdən ibarətdir. İlham Əliyev dövlət başçısı və lider kimi strateji sənədlərdə bunu nümayiş etdirmişdir. Azərbaycan Respublikasının strateji inkişaf proqramlarında dəqiq vəzifələrin ifadə olunması qarşıya qoyulan məqsədin aydın olduğunu göstərir. Təbii ki, belə bir nəticə liderdən yaradıcı yanaşma tələb edir.

Strateji inkişafa aid sənədlərdən görünür ki, dövlət quruculuğu enerji strategiyası, cəmiyyət quruculuğu, təhlükəsizlik və dövlət identikliyi ilə vəhdətdə inkişaf etdirilir. Məsələn, “yaşıl artım” ölkəsi olmaq mütləq surətdə enerji strategiyasında yeni mərhələyə keçidi nəzərdə tutmalıdır. Hazırda “yaşıl artım” ölkəsi olmaq dünyanın hər bir dövlətinin strateji hədəflərindən birincisidir.

Faktlara baxa bilərik. ABŞ və Avropa İttifaqı (Aİ) inkişafın məhz bu aspektini ön sıraya çıxarmışlar. Ayrıca, Aİ son inkişaf və yeniləşmə sənədlərində “yaşıl iqtisadiyyat” və “yaşıl ölkə” anlayışlarını daha çox qabardırlar. Aydın görünür ki, bütün dünya üçün “yaşıl enerji” alternativsiz perspektivi olan enerji növü kimi qəbul edilmişdir.

COP29 nümunəsi

Bu baxımdan Bakıda COP29-un keçirilməsinin tarixi bir hadisə olduğunu da anlamamız lazımdır. Sözün həqiqi mənasında, bu hadisə yeni liderliyə yaradıcı yanaşmanın parlaq nümunəsidir. Məsələ ondan ibarətdir ki, dünyanın çox sayda dövləti BMT-nin proqramı olan COP29-da aktual qlobal məsələləri, o cümlədən, “yaşıl enerji” məsələsini müzakirə edirlər.

Prezident İlham Əliyev şəxsi fəaliyyəti ilə bu haqqı qazanmışdır. Nümunə olaraq Azərbaycanın geniş əhatədə Qərblə “yaşıl enerji” sferasında əməkdaşlıq qura bilməsini göstərə bilərik. COP29-u postsovet məkanında başqa bir dövlətə verə bilməzdilər. Çünki onların heç biri “yaşıl ölkə” strateji məqsədini bugünün reallıqları çərçivəsində Azərbaycan səviyyəsində sistemli olaraq həyata keçirilən proqramlara malik deyil. Azərbaycan isə liderinin sayəsində həm indi enerji siyasətini növbəti mərhələdə inkişaf etdirir, həm də özünün, regionun, regionlararası məkanda yerləşən bir sıra dövlətlərin “yaşıl ölkə” ola bilməsi üçün dəqiq vəzifələr müəyyən etmişdir.

COP29 digər məqamlarla yanaşı, bu kontekstdə də Azərbaycan və region üçün tarixi olaydır. Qoşulmama Hərəkatındakı yaradıcı fəaliyyəti ilə yanaşı, İlham Əliyev növbəti dəfə BMT səviyyəsində COP29 proqramı ilə əlaqədar aktiv fəaliyyət göstərərək, yeni liderliyin mühüm cəhətlərini nümayiş etdirmişdir. Sirr deyil ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünü bəziləri ciddi qəbul etmədi, bir başqaları ona qısqanclıqla yanaşdı, digərləri mane olmağa çalışdı. Ancaq onların hamısı noyabrın 11-də bir həqiqəti gördülər və bəlkə də təəccübləndilər – Bakı COP29 kimi geniş tərkibli və çoxlu sayda liderin iştirak etdiyi nəhəng tədbirə tam hazırdır!

Bir zamanlar Azərbaycanı tanımayanlar və tanımaq istəməyənlər indi onun paytaxtı Bakıda aktual ekoloji məsələləri müzakirə edir və şəhərin gözəlliklərindən zövq alırlar. Yəni İlham Əliyev lider kimi həm qlobal miqyasda aktual olan məsələləri Bakıda müzakirə etməyin faydalılığını sübut edir, həm də Azərbaycanın sivil, açıq və dinamik inkişaf edən bir dövlət olduğunu göstərir. Liderlikdə, bu, çox ciddi uğurdur.

Bizə görə, həmin məqam, bütövlükdə yeni liderliyin çox mühüm bir komponentini də ifadə edir. O, liderin ən kritik situasiyada belə varisliklə kreativliyin qarşılıqlı əlaqəsində düzgün strateji qərarlar qəbul etməsidir!

Beləliklə, düzgün strateji qərar qəbul etmə qabiliyyəti yeni liderliyin əsas kriteriyalarından biri kimi təsəvvür edilməlidir. Liderlik haqqındakı təlimlərdə qərar qəbul etmə başlıca keyfiyyətlərdən biri olaraq qiymətləndirilir. Bunun səbəbi kimi müasir dünyanın sürətlə dəyişən və mürəkkəb xarakterli proseslərlə fərqləndiyini göstərirlər.

Ancaq məhz belə bir şəraitdə liderin düzgün və çevik qərar qəbul edə bilməsi yüksək zəka, qətiyyət, inam, əzmkarlıq və situasiyanı tam görə bilmək keyfiyyətlərini tələb edir. Buna görə də müasir siyasi nəzəriyyədə liderin inkişaf etmiş intellektə, siyasi situasiyanı hiss və təhlil etmək bacarığına, xarizmaya, nüfuza, məsuliyyətə, aydın siyasi proqrama və başqa keyfiyyətlərə malik olmasını önə çəkirlər.

Bütün bunlar XXI əsrdə liderin qurucu olmasının geniş anlama və məzmuna malik olduğunu göstərir. Quruculuq, faktiki olaraq, yeni politoloji məna alır və onu izah etməyə ehtiyac yaranır.

(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
14
xalqqazeti.az

1Mənbələr