AZ

Əsaslı vəsait qoyuluşu: Layihələrin icrası niyə ləngiyir?

Dövlət əsaslı vəsait qoyuluşu xərclərində problemlər qalmaqdadır.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.

Palata sədrinin sözlərinə görə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında cari ildə də çatışmazlıqlar müşahidə edilir:

“Cari ilin doqquz ayında əsaslı vəsait qoyuluşu üzrə illik proqnozun cəmi 47,7%-i icra olunub. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 38 sifarişçi üzrə 360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. Lakin 2024-cü ilin 9 ayında 19 sifarişçi üzrə icrası 25%-dən aşağı olan 130 layihəyə illik nəzərdə tutulan 494,7 milyon manat vəsaitdən cəmi 6,9 milyon manat və ya 1,4% istifadə edilib. Bu layihələrin arasında 19 sifarişçi üzrə 108 layihə üzrə isə ümumiyyətlə maliyyələşmə aparılmayıb, baxmayaraq ki, bu layihələr üçün illik 404,4 milyon manat vəsait nəzərdə tutulmuşdu.”

Vüqar Gülməmmədov qeyd edib ki, əsaslı vəsait qoyuluşu üzrə xərclərin icrasında olan problemlər layihələrin icra sürətini ləngidir və büdcə planlamasının səmərəliliyinə mənfi təsir göstərir. Bu vəziyyətin təhlili və effektiv tədbirlərin görülməsi cari və gələcək illərdə dövlət layihələrinin vaxtında və keyfiyyətlə icrası üçün vacibdir.

Seçilən
0
3
fins.az

10Mənbələr