AZ

COP29 Bakını dünyaya yaxından tanıdır

Pakistanlı gənc Abdullah Kamran ailəsi ilə birgə Bakıya gəlib:

– Çoxdan Azərbaycana gəlmək istəyirdik. Arzularımız çin oldu. Bakı nağıllarda olduğu kimi gözəldir. Əyləncə mərkəzləri maraqlıdır. Uşaqlar əylənməyi xoşlayırlar. Elə özümüz də bu cür məkanlara baş çəkirik. Bakıda “Qız qalası”, İçərişəhər tarixi-memarlıq qoruğu haqqında eşitmişdim. Eyni zamanda, Dənizkənarı Milli Parkda, Fəvvarələr meydanıda, muzeylər və sərgilərdə olduq. Baş çəkdiyimiz yerlər çox gözəldir. Biz qardaşımla təbiətdə olmağı çox sevirik. Meşələrin qırılması, yaşıllıqların məhv edilməsinin fəlakət olduğunu bilirik. Bununla yanaşı, hər birimiz dəniz, göllərin, çayların çirklənməməsi üçün məsuliyyət daşıyırıq. Dərsliklərdə də bu barədə çox oxumuşuq. Təəssüf ki, əməl etmirik.

Hazırda Azərbaycanda dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29 keçirilir. Dünyanın hər yerindən gələn nümayəndə heyətləri konfransda fəal iştirak etməyə çalışırlar. Burada iqlim problemləri üzrə həll yolları müəyyən edilir. Biz gənclər də iqlim böhranını yaradan problemlərin aradan qaldırılması üçün mükəmməl biliklər əldə etməliyik. Ekologiyanı çirkləndirməyən enerji mənbələrindən istifadəyə keçid etmək zamanı gəlib. Biz İslamabadda yaşayırıq. İqlim böhranı bütün dünyada hiss olunur.

Bakıda olduğumuz müddətdə təbiətdə də olmağa çalışdıq. Bakıda çoxsaylı parklarda olduq. Onlardan bəziləri çoxdan salınıb, digərləri isə yenidir. Şəhərinizdə çoxlu yeni ağaclar əkilib. Yeməkləriniz də əladır. Piti, qutabı çox sevdik. Ən ləziz kababın dadına Azərbaycanda baxdıq. Ötən 1 həftə ərzində regionlara da səfər etdik. Qəbələ xüsusilə xoşumuza gəldi. Ölkənizdə meşələr və bol sulu çaylar təbiətinizi füsunkar edir. Gələcəkdə Azərbaycana yenidən gəlmək istərdik. Növbəti dəfə yaz aylarında səfər etməyi planlaşdırırıq.

Natali Svadlenka Çexiyadandır. Qədim sivilizasiyaların və müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşən Azərbaycanda olmaqdan məmnun olduğunu dedi:

– Mən Azərbaycanın dağlarından tutmuş Xəzər dənizinin sahilinə qədər yayılan geniş coğrafiyada təbiətin ən saf halını hiss edə bilirəm. Bakı, sanki, zamanın və məkanın ortasında dayanan bir incidir. Bu şəhər qədim və müasirliyin qovuşduğu, yer üzünün ən çox heyranlıq doğuran yerlərindən biridir. Lakin bu dəfə Bakı, sadəcə, özünün möhtəşəm mənzərəsi və arxitekturası ilə deyil, daha böyük bir missiya ilə də diqqət mərkəzindədir. Mədəniyyətin, təbiətin və tarixin iç-içə keçdiyi bu şəhərdə COP29 dünyadakı iqlim dəyişikliyinə qarşı mübarizə aparan bütün ölkələri bir araya gətirib. Başqa sözlə, Bakı gözəl qəsrləri, divarları və göydələnləri ilə deyil, həm də təbiətə olan ehtiramı ilə xatırlanacaq. COP29-un Bakıda keçirilməsi yalnız şəhərin özünün deyil, bütöv bir xalqın və millətin əzminin təcəssümüdür. Bakı bu mübarizənin qəlbi olaraq dünyanı həmrəyliyə çağıran bir şəhər kimi xatırlanacaq.

Umair Aslam Pakistanın Lahor şəhərindəndir. Bu günlər Bakıda keçirilən mötəbər COP29 tədbirinə dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndə heyətlərinin qatılmasının konfransın mühüm əhəmiyyət daşıdığını bildirdi:

– İnsanlar iqlim dəyişikliyinin yaratdığı təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün bir araya gəliblər. Dünyanı narahat edən iqlim dəyişikliyi ilə mübarizədə COP29-a böyük ümidlər bəslənilir. İqlimlə bağlı problemlər çoxdur. Hər kəs öz ölkəsindən, şəhərindən başlamalıdır. Yaşıllıqların çox olmasının böyük faydası var. Çünki bu, təmiz hava yaradır, insanları idmanla məşğul olmağa, uşaqları oynamağa, qaçmağa sövq edir.

Mən ixtisasca mühəndisəm. Onu qeyd edim ki, Bakı çox xoşuma gəldi. Təmiz şəhərdir. Ən çox da insanlar qonaqpərvərlikləri ilə diqqətimi cəlb etdilər. Burada hamı yadellilərə kömək etməyə çalışır. Ölkənizdə olduğum müddətdə məbədlərdə oldum. Atəşgah məbədi, Qız qalası, Alov qüllələri, Şirvanşahlar sarayı kimi şəhərin görməli yerləri çox xoşuma gəldi.

Julie Kirembo Konqodandır. COP29-a görə ölkəmizdə səfərdədir. O, bu mötəbər konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirdi:

– İlk dəfədir ki, Azərbaycana gəlirəm. Təbiəti füsunkardır. Bütün dünyanın gözü Bakıdadır. Bu tədbir Azərbaycanın dünyaya olan yeni yanaşmasını və gələcəyə verdiyi önəmi ortaya qoyur. Bakı yalnız bu tədbirə evsahibliyi etməklə deyil, həm də yaşıl şəhər qurulması və ekoloji təmiz həyat tərzinin təşviqinə də önəm verir. Mən burada yalnız gözəl bir şəhər görməklə yanaşı, eyni zamanda, təmiz bir gələcək üçün atılan addımları da görürəm. Əgər hər birimiz əlimizdən gələni edəriksə, dünyamızı gözəl və yaşana bilən hala gətirə bilərik. İqlim dəyişikliyi insanların sağlamlığına birbaşa təsir göstərir, onlar bir-biri ilə birbaşa əlaqəlidirlər. Sağlamlıq həyatın, insan inkişafının, iqtisadi rifahın təməl daşıdır. Onu da deyim ki, bundan əvvəl Azərbaycanda çox sayda müxtəlif tədbirlər keçirilib. On minlərlə iştirakçı, çoxsaylı dövlət başçısı, beynəlxalq təşkilat rəhbərlərini qəbul etmək fantastik hazırlıq və gərgin iş tələb edir.

Pakistanlı Rameez Khaliq ölkəmizə turist kimi gəlib. Azərbaycanda bir neçə dəfə olub:

– COP29 tədbiri barədə onu deyərdim ki, yaşıl texnologiyalar sahəsindəki potensialın artırılması üçün böyük bir platforma təmin edilir. Bu tədbir mənim üçün ətraf mühitin qorunması, iqlim dəyişikliyi və dayanıqlı inkişaf barədə yeni biliklər əldə etmək naminə maraqlıdır. Zənn edirəm ki, COP29 yalnız ətraf mühitin qorunmasına yönəlmiş bir tədbir olmaqla qalmır, həm də Azərbaycan üçün böyük iqtisadi və turizm faydaları təmin edəcək. Bu cür beynəlxalq tədbirlər həm də ölkənizin dünyadakı nüfuzunu artıracaq və gələcəkdə mənim kimi daha çox turist cəlb etməyə imkan verəcək.

Həmişə səmimi və dostcanlı qarşılanmışıq. Zəngin mədəniyyətiniz var, xalq mahnılarınızı bəyənirəm. Mətbəxiniz də çox zəngindir, dadlı yeməklərin sayı-hesabı yoxdur.

Leyla QURBANOVA,
Vüsalə ƏLİYEVA,
Rizvan FİKRƏTOĞLU,
Cavid QAÇAYEV
XQ

Seçilən
18
xalqqazeti.az

1Mənbələr