İtalyan rəssamı Maurizio Cattelanın “Comedian” adlı əsəri, Nyu-Yorkda yerləşən “Sotheby’s” hərracında 6,2 milyon dollara satılıb.
News24.az xarici mediaya xəbər verir ki, əsər yalnız bir banan və onu divara yapışdırmaq üçün istifadə olunan gümüşü rəngdə bir yapışqan lentdən ibarətdir. Əsəri alan şəxs isə məşhur kriptovalyuta platforması TRON-un qurucusu Justin Sun olub.
Cattelanın 2019-cu ildə “Art Basel Miami Beach” sərgisində nümayiş olunan bu əsəri sənət dünyasında böyük müzakirələrə səbəb olub.
Bəzi ziyarətçilər bu sarı banan və gümüş lentin tənqidi bir vasitə olduğunu düşünür, digərləri isə əsəri sənət kolleksiyaları üzrə mübahisəli standartların tənqidi kimi qiymətləndirib. Hətta başqa bir sənətçi sərgi zamanı əsəri divardan götürüb yeyib.
“Sotheby’s” hərracında böyük maraq görən əsər üçün hərrac 800 min dollardan başlayıb.
Bir neçə dəqiqə içində qiymət 2 milyon dollara, sonra isə 4 milyon dollara yüksəlib. Hərracın rəhbəri Oliver Barker satış zamanı "Bu fürsəti qaçırmayın, bunu daha əvvəl heç vaxt deməyəcəyimi düşünməzdim: Beş milyon dollara bir banan!" deyərək salonun əhvalını daha da canlandırıb.
Nəhayət, Justin Sun təxminən 5,2 milyon dollarlıq təklifin üzərinə 1 milyon dollar da hərrac komissiyası ödəyərək ümumilikdə 6,2 milyon dollar xərcləyib.
Lakin Sun əsərin fiziki nümunəsini deyil, "orijinallıq sertifikatı"nı alıb. Bu sertifikat bir bananın divara yapışdırılaraq "Comedian" adı altında nümayiş olunmasına icazə verir.
Sun satışdan sonra əsərin sənət, internet humoru və kriptovalyuta dünyasını birləşdirən mədəni bir fenomen olduğunu bildirib. O, həmçinin əsərin "unikal bir sənət təcrübəsi" olduğunu və bir neçə gün ərzində bananın özü tərəfindən yeyilməklə tamamlanacağını əlavə edib.
Bu qeyri-adi satış məşhur belçikalı sürrealist rəssam Rene Magrittenin “The Empire of Light” adlı əsərinin 121,2 milyon dollara satılmasından bir gün sonra baş verib.
Magrittenin əsəri sənətçinin karyerasındakı ən yüksək hərrac qiymətinə çataraq yeni rekord qırıb.
Aynurə