AZ

Millinin baş məşqçisi: “Bizə yalnız qələbə lazımdır” - MÜSAHİBƏ

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyevin İdman.biz-ə müsahibəsi

- Bu gün DÇ-2027-nin 1-ci seçmə mərhələsində İrlandiya ilə qarşılaşacaqsız. Komandanın hazırlığını necə qiymətləndirirsiz?

- Oyuna 1 həftə Bakıda hazırlaşmışıq. Demək olar ki, bütün əsas heyətlə məşqlər keçmişik. Yalnız Cordan Devislə Orxan Aydın Türkiyədə bizə qoşulub və İrlandiyaya gəldi. Burda da birgə məşqimiz oldu. Oyuna hazırıq.

- Komandada olan ab-hava sizi qane edir?

- hər şey yaxşıdır. Hamı bilir ki, vacib oyundur. Üçüncü matçımızdır, qarşıda dörd görüş də var. Amma bu, həm turnir cədvəli, həm də psixoloji tərəfdən ən vacib qarşılaşmamızdır. Məsuliyyəti basketbolçular da başa düşürlər.

- Azərbaycan çempionat yeni başlayıb. Bu amil oyunçuların çıxışına necə təsir edə bilər?

- Bəli, cəmi 3 tur keçirilsə də, məşqlərdə basketbolçuların yaxşı formada olduğunu gördüm. Fiziki baxımdan da yaxşı hazırlıqlıdırlar. Zədəyə görə Endər Poladxanlı bizimlə olmayacaq. Onun komandaya faydası böyük idi. Buna baxmayaraq, yaxşı məşqlərdən sonra matça tam köklənmişik.

- Sizcə, rəqibin nədə daha təhlükəlidir?

- Oyunlarını izləmişik. Hücumda da, müdafiədə də aqressiv oynayırlar. Foul limitini tez doldururlar. 3-4 oyunçusunun uzaq məsafədən yaxşı atışları var. Çox hündürboy olmasalar da, aqressiv basketbolu xoşlayırlar. Ona görə bu göstəricilərə qarşı öz taktikamızı hazırlamışıq.

- Görüşün vacib olduğunu bildirdiz. Onda komandanı yalnız qələbə qane etməlidir...

- Bəli. Bizə yalnız qələbə lazımdır. Başa düşürük ki, çox çətin olacaq. Çünki İrlandiya da 2 oyunda məğlub olub. Bu onların son şansıdır. Uduzsalar, qrupdan çıxa bilməyəcəklər. Çətin olsa da, qalib gəlmək üçün psixoloji tərəfdən tam hazırıq.

Emin Ağa
İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr