AZ

WMO: İqlim probleminin həlli suyun səmərəli idarə olunması ilə birbaşa bağlıdır

Su resurslarının səmərəli idarə edilməsi Paris Sazişi məqsədlərinə nail olmaqda həlledici rol oynayır.

“Report” xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Su və İqlim Dəyişikliyi üzrə Ekspert Qrupunun nümayəndəsi Nicolas Franke COP29 çərçivəsində keçirilən “İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası” adlı tədbirdə deyib.

O bildirib ki, su resurslarının enerji və iqlim dəyişikliyinin azaldılması strategiyalarına daxil edilməsi, eləcə də iqlim məsələlərinin su strateji planlamalarına inteqrasiyası Dayanıqlı İnkişaf Məqsədi 6-ya (SDG 6) və Paris Sazişi məqsədlərinə mühüm töhfə verə bilər.

N.Frankenin sözlərinə görə, bu yanaşma layihə risklərini azaltmaqla yanaşı, daha az su sərfi ilə daha çox iqlim faydası əldə etməyə və ümumi xərclərin azalmasına imkan yaradır. O, ölkələri NDC 3.0 sənədlərini hazırlayarkən bu aspektləri nəzərə almağa çağırıb.

Eyni zamanda, o, texniki təlimatların genişləndirilməsinə və informasiya boşluqlarının doldurulmasına ehtiyac olduğunu vurğulayıb:
“İqlim probleminin həlli suyun səmərəli idarə olunması ilə birbaşa bağlıdır. Əgər biz su resurslarını dayanıqlı şəkildə idarə edə bilsək, su öz növbəsində insanlığın dayanıqlı gələcəyinə xidmət edəcək”, - deyə N. Franke qeyd edib.

Seçilən
46
1
report.az

2Mənbələr