AZ

İranda Xamenei dövrü bitir – Varis planı baş tutacaqmı?

Son günlər İranda siyasi elita çaxnaşma içərisindədir. Əslində İranda baş verənləri hakimiyyət ugrunda gedən klandaxili savaşların işartısı kimi də dəyərləndirmək olar. Çünki  70 yaşlı İran prezidenti,   etnik azərbaycanlı Məsud Pezeşkian islahatlara start vermək niyyətindədir. Lakin onun istənilən islahat arzusu elə beşikdəcə boğulur.

İran müxalif telegram kanallarının iddialarına görə Məsud Pezeşkianın aparacağı islahatlara qarşı çıxan İranin ali dini lideri Seyid Əli Xameneidir. İran Telegram kanalları iddia edir ki, Məsud Pezeşkian seçildiyi 4 aydan artıq bir dövrdə Seyid Əli Xameneinin ciddi təzyiqləri ilə üz-üzə qalıb.

Məsud Pezeşkian məhz  Ali Dini liderin yaxın adamı hesab edilən və onun  Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili məğlub edərək İran prezidenti seçilmişdi. İndi İranda siyasi kluarlarda Ali Dini liderlə Məsud Pezeşkian arasında dərin uçurum olduğunu gizlətmək mümkün deyil. Məhz bu gərginlikdən Məsud Pezeşkian prezident seçkilərindən öncə verdiyi heç bir vədi yerinə yetirə bilmir. Gərginliyin daha bir pik nöqtəsi isə Ali Dini lider  Seyid Əli Xameneinin öz varisini hazırlamasından sonra yaranıb. Bu xəbərlər mediada işıqlandırıldıqdan sonra İran siyasi elitasında bir çaxnaşma yaranıb.

Son günlər isə 85 yaşlı ali dini lider Seyid Əli Xameneinin “varisi” ilə bağlı söhbətlər yenidən aktivləşib. İranın bəzi teleqram kanallarının məlumatına görə, ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Xamneyi Ekspertlər Şurasının üzvlərini bir araya toplayıb və İranın gələcək Ali Rəhbəri olacaq “varisi” ilə bağlı məsələni müzakirə edib.

Qeyd edək ki, Ekspertlər Şurası 88 üzvdən ibarətdir ki, onların arasında İranın Ali Rəhbərinin seçilməsinə cavabdeh olanlar da var. Şuranın əsas tərkibi dindarlardan ibarətdir.

Nəşrlərin yazdığına görə, Xamneyi çıxışında açıq şəkildə bildirib ki, gec-tez “varis” məsələsi gündəmə gəlməlidir və yaxşı haldır ki, şura üzvləri bundan sonra bu barədə düşünsünlər. O, cəmiyyətin tədricən buna hazırlaşmalı olduğunu da açıqlayıb. Təhlilçilər qeyd edirlər ki, Xamneyi illərdir İranın Ali Rəhbəri postuna varisi kimi hazırladığı oğlu Müctəbi özünə “varisi” etmək istəyir.

Məhz bu məlumatların mediada işıqlandırlması onu deməyə əsas verir ki, İran siyasi elitası yaxın günlərdə qəti qərarını verməlidir. Ali Dini liderin yaxın ətrafı isə özlərinə yaxın media resurslarında İran prezidenti Məsud Pezeşkian səriştəsizlikdə ittiham etməsi uçurumun olduqca dərin olduğundan xəbər verir. Bir sözlə ali dini lider Seyid Əli Xameneinin “varis” planının baş tutub, tutmayacağı zaman məsələsidir.

Qoşqar Salmanlı

Seçilən
5
3
veteninfo.az

10Mənbələr