AZ

Qərb Gürcüstanı qarışdırmaqplanından çəkilmir

Başladılan prosesin sonu necə olacaq; “Onların bu ölkədə təxribatlar yaratmaq üçün kifayət qədər imkanları var”

Gürcüstanda ötən ay keçirilən parlament seçkiləri zamanı ölkəni qarışdırmağa çalışan Qərb dairələri buna nail ola bilmədilər. Ancaq yenə də gürcü xalqının azad iradəsini zorlayaraq, ölkəni qarışdırmaq planlarından geri çəkilmirlər. Gürcüstan prezidenti Salome Zurabişvilinin səlahiyyətli nümayəndəsi Eka Beselia oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı konfidensiallığın və ümumi səsvermə hüququnun pozulmasından şikayət edərək Konstitusiya Məhkəməsinə müraciət edib.

Noyabrın 16-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu dərc edib və ona əsasən, hakim “Gürcü Arzusu” Partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıb.

Prezident Salome Zurabişvili bütün seçkiqabağı dövr ərzində Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri də daxil olmaqla, seçki məntəqələrinin açılmasını tələb edib. 

Bundan başqa, Gürcüstan parlamentinin 30 müxalifətçi deputatı da oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin konstitusiyaya zidd elan edilməsi tələbilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Seçkilərin rəsmi nəticəsinə görə, hakim “Gürcü Arzusu” Partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıb

Dörd müxalifət partiyası da parlamentə daxil olub, lakin onlar seçkinin nəticələrini tanımır və parlamentdə yer almaqdan imtina edirlər. Yerli ekspertlərin fikrincə, Gürcüstandakı seçki prosesinin beynəlxalq müşahidəçilər tərəfindən mənfi qiymətləndirilməsi müxalifətin etiraz aksiyalarına başlamasına təkan verib. Seçkinin nəticələrinə kəskin etirazların fonunda Gürcüstanın milli valyutası olan lari dollar qarşısında ucuzlaşmağa başlayıb.

Bir çox ekspertlər Gürcüstanın yeni inqilabın astanasında olduğunu düşünür. Gürcüstan hakimiyyətinin bu mübarizədən qalib çıxacağını deyənlər də az deyil.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bildirib ki, 11-ci çağırış parlamentin ilk iclası 25 noyabrda keçiriləcək.

Diqqətçəkən məqam odur ki, ortada ciddi saxtakarlıq faktları yoxdur və müxalifət bunu təqdim edə bilmir. 

Ancaq Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrel deyib ki, Aİ parlament seçkilərindəki pozuntuları araşdırmaq üçün Gürcüstana texniki missiya göndərəcək. O deyib ki, seçkilərin nəticələri Avropada böyük narahatlıq yaradıb.

Parlamentin ilk iclasına bir həftə qalmış Tiflisdə müxalifət qüvvələrinin etiraz aksiyalarına start verilib, meydanlarda çadırlar qurulub. Hökumət isə artıq qanuni yollara əl atmaqdadır. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tiflisdə müxalifətin aksiyasını dağıdarkən 16 nəfəri saxlayıb.

Noyabrın 19-da səhər saatlarında Gürcüstan paytaxtında parlament seçkilərinin nəticələrinə etiraz edənlərlə Daxili İşlər Nazirliyinin əməkdaşları arasında toqquşmalar başlayıb. Etirazçılar polisə daş atıblar və asayiş keşikçiləri onlara gözyaşardıcı qazla cavab verib.

Bir gün əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını parlament seçkilərinin nəticələrinə etirazlarını davam etdirməyə çağırıb.

Görünən budur ki, Gürcüstanda seçkilərdən bir aya yaxın keçməsinə baxmayaraq yenidən mitinqlər başladılıb, Qərb bu ölkəni qarışdırmaq, öz boyunduruğunda saxlamaq üçün hər vasitəyə əl atır. Bəs sonuc necə ola bilər?

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, hələ seçkilərdən öncə də Gürcüstanda vəziyyətin gərginləşəcəyi proqnozlaşdırılırdı: “Haqlı olaraq qeyd olunurdu ki, Gürcüstan müxalifəti seçkiyə deyil, faktiki olaraq seçkilərdən sonrakı vəziyyətə hazırlaşır. Odur ki, mitinqlərə yenidən start verilməsində təəccüblü bir şey yoxdur. Qərb nəyin bahasına olursa-olsun Gürcüstanda öz mövqelərini möhkəmləndirmək və Ermənistanda olduğu kimi Gürcüstanda da sözə baxan, özündən asılı, müti bir hakimiyyətin olmasına çalışır: "Çünki yalnız bu yolla Gürcüstanı Rusiyanın təsir dairəsindən çıxararaq öz təsir dairəsinə sala biləcəyini düşünür.  Başqa sözlə desək, ABŞ başda olmaqla, Qərb bu ölkənin çətiri altında fəaliyyət göstərən ayrı-ayrı təşkilat və beynəlxalq qurumlar vasitəsilə Gürcüstandakı istər siyasi, istərsə də sosial cəhətdən mövcud vəziyyəti özlərinin maraqları naminə fürsətə çevirməyə çalışırlar.

İki gün əvvəl Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrelin ədalətli seçkilər uğrunda apardıqları mübarizəyə dəstək vermək məqsədilə Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatlarına 120 milyon avro yardım ayrılacağı ilə bağlı açıqlaması da bunun bariz sübutudur. Borrel deyir ki, ayrılacaq vəsait “öz azadlığı uğrunda mübarizə aparan xalqa dəstək üçün istifadə ediləcək”. Məgər gürcü xalqı azadlığını əldə etməyib? Deməli, əsl məqsəd başqadır".

Politoloqun sözlərinə görə, problem ondadır ki, uzun illər ərzində Gürcüstanda möhkəmlənmiş Qərb institutlarının ölkəni qarışdırmaq üçün kifayət qədər imkanları var: “Biz bunu birbaşa Qərbdən maliyyələşən 25 mindən artıq vətəndaş cəmiyyəti institutu təmsilçilərinin timsalında görmüşük. Amma Gürcüstan hakimiyyətinin də xalq arasında mövqeyi kifayət qədər güclüdür. Son seçkilər və əldə olunan nəticə də bunu sübut edir. Odur ki, vəziyyət hər nə qədər mürəkkəb olsa da, Gürcüstan hakimiyyətinin öz mövqelərini qoruyub saxlayacağı qənaətindəyəm. Qərbin bütün təzyiqlərinə baxmayaraq indiki halda Gürcüstanı da Ermənistan kimi xaosa sürükləmək mümkün olmayacaq. Qərbin planı bu dəfə gerçəkləşməyəcək”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
32
musavat.com

1Mənbələr