AZ

"Ola bilsin, CHP-ni gözdən salmaq üçün..." - TBMM-dəki qalmaqalın PƏRDƏARXASI

Dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin daxili işlər naziri Ali Yerlikayaya hücum edilib. Bildirilib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri onun zala daxil olmasına mane olmağa çalışıblar. Nazirə qarşı hücumlar zalda da davam edib. Mühafizəçilər onu izdihamın içərisindən çıxarıblar. Məlumata görə, millət vəkilləri nazirin son qəyyum təyinatlarına etiraz ediblər.

 

Hadisəyə münasibət bildirən hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik bunu qəbuledilməz adlandırıb. O, CHP-ni üzr istəməyə çağırıb. Ardınca TBMM sədri Numan Kurtulmuş məsələ ilə bağlı CHP sədri Özgür Özelə zəng vurduğunu və narahatlığını çatdırdığını bildirib. Parlament sədri hücumun qəbuledilməz olduğunu bildirib: “Parlament müzakirə və siyasi mübarizə yeridir, amma heç bir millət vəkilinin xalq üçün çalışan bir nazirə hücum edəcəyi yer deyil”.

 

Türkiyə siyasətində nə baş verir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov vurğulayıb ki, qəyyumluq Türkiyədə kifayət qədər ciddi və strateji vəzifə hesab olunur:

 

“Bu mənada sözügedən məsələnin siyasi partiyalar arasında mübahisəyə səbəb olması mümkündür. Ola bilsin ki, qəyyumlar təyin edilərkən CHP-nin mövqeyi nəzərə alınmayıb. Ancaq nazirə qarşı hücumun arxasında ancaq bu amilin dayandığını düşünmürəm. Məncə, məsələ daha dərindir.  Nəzərə almaq lazımdır ki, CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğludan sonra partiya daha da fəallaşıb. Özgür Özel ölkənin həm daxili, həm də xarici siyasətində ana müxalifətin çəkisini artırmağa çalışır. Yəni sədr dəyişikliyi ilə CHP qismən fəallaşıb”.

 

Siyasi şərhçi qeyd etdi ki, nazirə hücumun sadəcə eloktrata hesablanmış kampaniya olması mümkündür: 

 

“İstisna deyil ki, ana müxalifət bu yolla seçicilərin daha çox diqqətini çəkmək və yeni dönəmdə daha çox xal qazanmaq istəyib. Hərçənd bunun əksi də mümkündür. Yəni ola bilsin, hakim partiya tərəfdarları CHP-ni gözdən salmaq üçün sadəcə şou düzəldiblər. İndi əsas məsələ proseslərin gedişatı və CHP-in üzr istəyib-istəməyəcəyidir”.

 

Günay Rəsulqızı
 

Seçilən
18
sfera.az

1Mənbələr