Almaniya yığmasının keçmiş baş məşqçisi Yoahim Löv “Bayern”in alman hücumameylli yarımmüdafiəçisi Camal Musiala haqda xatirəsini paylaşıb.
Arena.az “Kicker” nəşrinə istinadən məlumat verir ki, alman mütəxəssis, Musialanı İngiltərə yığmasında oynamaq əvəzinə, Almaniya millisində oynamağa necə dilə tutub inandırdığından söhbət açıb:
“Biz Oliver Birhoff ilə (2021-ci ildə Alman Futbol İttifaqının (DFB) idman direktoru – redaktorun qeydi) 2021-ci ilin yazında Münhenə yollanıdıq. Camalla, o cümlədən, əlbəttə ki, anası ilə söhbətləşdik. O, İngiltərədə böyüyüb, orada dostları olub və bütün yeniyetməlik illərini orada keçirib. Camal artıq İngiltərədə, yoxsa Almaniyada oynamaq istədiyini də düşünürdü. Bu, milli komandanın baş məşqçisi olduğum müddətdə yeganə hal idi ki, bir oyunçuya söz vermişdim: o, “Bayern”in davamiyyətli oyunçusu olmasa da, ona dedim ki, bizi seçsə, yayda AÇ-2021-də mütləq oynayacaq”, deyə Löv xatırlayıb.
Əlavə edək ki, 21 yaşlı Camal Musiala Avropanın ən perspektivli gənc futbolçularından biri sayılır və bir çox Avropa nəhəngləri artıq indidən alman yarımmüdafiəçinin ovuna çıxıblar.
“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Musiala “Bayern”in heyətində 14 oyun keçirib, 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 177 oyun, 52 qol və 35 məhsuldar ötürmədən ibarətdir.
Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.