AZ

Vəzifə borclarını məsuliyyətlə yerinə yetirən məmurlar

Azərbaycanda elə bir dövlət strukturu, elə bir agentlik yoxdur ki, vətəndaşlar həmin strukturdan tam razı qalsınlar. Bunun bir neçə səbəbi vardır:

• Qanunlarda olan boşluqlar 

• Mövcud qanunların icra mexanizminin olmaması və ya bərbad vəziyyətdə olması

• Vətəndaşlar arasında maarifləndirmə işlərinin zəif aparılması 

• Yerli məmurların bürokratiya oyunu

• Səlahiyyətli şəxslərin öz yerində olmaması 

Lakin hər çətinlikdən bir çıxış yolu olduğu kimi bu çətinliklərə sinə gəlib, sadə vətəndaşların rifahı üçün bürokratik əngəlləri öz biliyi və səyi nəticəsində aşan insanlar az deyil. Bu tip vəzifə daşıyan insanlardan bir neçəsini nümunə gətirmək istəyirdim ki, bir vətəndaş cəmiyyətinin nümayəndəsi kimi o insanlarla ünsiyyətdə olmaqla qürur duymaq olar. Belə insanların bir məmur kimi yerində olması nəinki vətəndaşların eləcə də həmin nazirlik və agentliklərin işlərinin irəli getməsinə təkan verir. Misal olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan Agentliklərin Mətbuat xidmətlərinin rəhbərlərini qeyd etmək yerinə düşər. 

Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov, Dövlət Miqrasiya Xidmətindən Mayis Musayev, Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov, Dövlət Sosial Müdafiə Fondundan Rəşad Mehdili və eləcə də TƏBİB-in mətbuat xidmətinin rəhbəri Fərid İsrafilzadə bir dəfə də olsun nə mən üzünü görmüşəm, nə də onlar məni. Yeganə müraciət və ünsiyyət vasitəmiz sosial şəbəkədir. Lakin, bu insanlar öz tutduqları vəzifəyə, işlədikləri xidmətə məsuliyyətli yanaşdıqları üçün dəfələrlə müşahidə etmişik ki, bizə müraciət etmiş vətəndaşlarımızın problemləri ilə bağlı sadəcə bir zənglə aidiyyəti qurumlardan lazımı məlumatı almaq mümkün olmuşdur, bu isə vətəndaşın həm həmin struktura getmək üçün əziyyət çəkməsinin, həm əlavə yol xərcinin, həm də vaxt itkisinin qarşısını alır. Dəfələrlə olub ki, küçədə gördüyüm kimsəsiz insanı, sığınacağa yerləşdirmək üçün Murad Həşimova həmin şəxsin şəklini və olduğu məkanı göndərmək kifayət edib ki, Sosial işçilər həmin şəxsi gedib tapıb ona yardım göstərsin.  

Bəzən hətta dövlətin ona, yəni vətəndaşa aid olan hansısa bir strukturu barədə xəbəri olmadığı üçün vətəndaş öz dərdini danışmağa pənahı KİV orqanlarına tutur. Bu gün hansı sosial şəbəkəni açırsan, vətəndaş ah-nalə edir, amma bir balaca araşdırma aparanda isə görürsən ki, bu problem çox asan bir yolla həll oluna bilər, bütün bu bürokratik əngəllər aradan qaldırıla bilər, buna vəzifədə olan şəxs öz yerində olması, öz vətəndaşına azca can yandırması kifayət edər.

Əhməd Rəhmanov

Müstəqil Həmkarlar Birliyinin

sədr müavini

Seçilən
29
azreform.info

1Mənbələr