AZ

Uşaq günündən uşaq güzəranina qədər

“Sevgi görməyən uşaq uşaqlığını yaşaya bilmir. O, müdafiəsiz böyüyə çevrilir”

Jilbern Sesborn

Bizə elə gəlir ki, bayram olmadan bayram ovqatında yaşamaq olmaz. Uşaqlar günü olmadan uşaqlar haqqında düşünmək olmaz. Sanki hər şey üçün hansısa bir müəyyənləşmiş gün və ya təqvim var. Həmin təqvimlə sinxron olan mövzular gündəm olmalıdır. Sanki ilimizin bütün günləri konkret olaraq bir sosial qrup üçündür. Çinlilərin ibrətamiz bir atalar sözü var: arxınıza su gəlməmiş arxınızı təmizləyin. Bu məntiqlə uşaqların faciəvi həyatlarından həyacan siqnalları gəlməmiş onları düşünməliyik. Azçəkili, yaddaşsız, bəstəboy uşaqların sayı artmadan o halları doğran səbəblər haqqında düşünməliyik. Bunu ilin bütün ayları düşünməliyik. Təkcə iyun ayında yox...

Hər ilin 1 iyunu Beynəlxalq Uşaqların Hüquqları Günü kimi qəbul edilir. Biz isə onu uşaqların günü kimi qəbul edirik. Uşaqlar ilin bütün günlərində uşaq olmalıdırlar. Uşaq kimi yaşamlıdırlar. Uşaq kimi böyüməlidirlər. Uşaq kimi hüquqlara malik olmalıdırlar. Və bu hüquqlardan istifadə etməlidirlər. Əslində Beynəlxalq Uşaqların Hüquqları Günü dünya ictimaiyyətinə o hüququ xatırlatmaq üçün gün kimi qəbul edilib.

Uşaqların özləri varsa, lakin uşaqlıqları yoxsa, bu artıq uşaqlıqdan qocalığa birbaşa keçiddir. Əfqanıstanda uşaqların yaşadıqları durumu mükəmməl təsvir edən Xalid Hüseyn dünyaca məşhur olan "Çərpələng uçuran" əsərində yazırdı: “Əfqanıstanda uşaqlar var, lakin uşaqlıq yoxdur.” Uşaqların yaşadıqları faciələrini bundan dəqiq təsvir etmək yəqin ki, mümkün deyil.

Uşaqlar uşaq kimi yaşamayanda, uşaqlıq şıltaqlıqlarını xərcləyə bilməyəndə psixoloji zərbə alır. Ağır depressiyaya düşürlər. Aşağılıq kompleksi ilə böyüməyə məhkum edilirlər. Fransa burjua inqilabının dərinliklərini bilən, Avropada Maarifçiliyin tərəqqisinə xidmətlərilə seçilən Jan Jak Russo deyirdi ki,  əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan böyüdə bilməzsiniz.

Uşaqlar görür ki, onun dəyərləri valideynlərinin dəyərlərindən fərqlidir. Valideynlər yalnız pul dalınca qaçırlar, amma uşaq kəpənək dalınca qaçmağı xoşlayır. O zaman uşaqların dəyərləri ilə valideynlərinin dəyərləri üst-üstə düşmür. Bu zaman valideynlər övadlarına onun əşyası kimi baxaraq ona təzyiq yolun tutmalı deyil. Onların dəyərlərinə dəyər verməlidir. Bu empati duyğunu onlara aşılamalıdır. Çağdaş dünyada dərin fikirləri ilə tanınmış Oşo “Qızıl külçələr” kitabında yazır: “Övladlarınızı sevin, hörmət edin. Ehtimal ki, sizin onlara olan sevgi və hörmətiniz onlara zəifliklərini aradan qaldırmaqda kömək edəcək, uğursuzluqlarına son qoyacaq, çünki sevgi onlara yeni enerji verir, yeni məna, yeni güc verir.“

Hazırda ölkəmizdə uşaqlar haqqında elə epitetlərdən, mübaliğələrdən istifadə olunur ki, reallıqları görüb qeyri-ixtiyari olaraq əlimiz ağzımızda qalır: “uşaqlar açılmamış qönçə kimidirlər”, “onlar bizim gələcəyimizdir”, “onlar dövlətin hərtərəfli qayğıları ilə əhatə olunub” və s. Bu gəlişigözəl fikirlər doğrudurmu? Gerçəkliyi tam ifadə edirmi?

Halbuki indi çoxsaylı uşaqların həyat tərzləri onları açılmamış qönçə kimi olmaqdan daha çox, açılmış gül kimi təsvir etməyə imkan verir. Çünki çəkmədikləri çilə, almaqdıqları zərbə qalmayıb. Yol kənarında avtomobil silən, məktəbdən yayınaraq ailəsinə kömək edən saysız-hesabsız uşaqlar var.

Azərbaycanda uşaq siyasəti və gerçəkliklər

Ölkəmizdə 2,6 milyon uşaq var. Bu ölkə əhalisinin hər 4 nəfərindən 1 nəfərinin uşaqlardan ibarət olması deməkdir. Bunun 900 min nəfəri 2 uşağı olan ailələr təşkil edir. Hökumət 700 min uşağa 5 müxtəlif Dövlət Proqramları çərçivəsində uşaqlarla bağlı müavinətlər verir. Hökumətin həmin Proqramlar daxilində aztəminatlıq həssas sosial qruplar üçün ödənilən pulu uşaqlarla bağlı verilməli olan müavinətin əvəzedilməsini iddia edirlər. Lakin nəzərə almaq lazımdır ki, ölkəmizdə 2,6 milyon nəfər uşaqların olduğu ailələr ünvanlı sosial yardım almırlar. Demək bu Proqramların əhatə dairəsinə ölkəmizdəki uşaqlar düşmür. Dövlətin onlara yönəlik sosial müdafiə mexanizmlərinə diqqət etdikdə, görürük ki, yalnız bu sosial qrupun taleyin ümidinə ötürülməsi baş verir. Ölkəmizdə uşaqlar üçün müavinətlər ("uşaq pulu") verilmir. Lakin, uşaqların hər hansı işdə işləməsi yüksək cərimələr tətbiq edilir və bunu hüquqpozma aktı kimi qəbul edilir. Uşaqların doğulması və yaşaması üçün üçün heç nə verilmir. Lakin onların işləməsi üçünsə ağır cərimələr tətbiq edilir. Onlara yönəlik birbaşa müavinət verilməsə də, dolayı dəstək formalarından da istifadə etmək olardı. Məsələn, uşaqlarla bağlı qida və geyimlərə ƏDV-dən azad edirsən. Bu dolayısı ilə ailə büdcələrinin yaxşılaşmasına tövhə verir.

Dövlət mülkiyyətə, sərvətə və maliyyə ehtiyatlarına ona görə sahib olur ki, onları ehtiyacı olan əhali qrupları arasında ədalətlə xərcləsin. Təkcə ədalətlə yox, həm də səxavətlə xərcləsin. Tanınmış iqtisadçı Con Meynard Keynes deyirdi ki, hökumət bir qrup adama pul verib onlara quyu qazıdrmalı, o biri qisminə isə pul verib quyunu doldurtmalıdır. Yəni dövlət büdcəsinin yalnız gəlir mənbəyini düşünməli deyil, həm də bu gəlirləri başqa bir sosial qrup üçün xərcləməyi planlaşdırmalıdır. Həmin qrupun maraqları dövlət üçün prioritet olmalıdır.

Necə deyərlər, dövlət hər şeyə sahib olduğunu düşünməli deyil, O hər şeyin onun mülkiyyətində olması düşüncəsindən uzaq durmalıdır. Mülkiyyət demişkən... Uşaqlarınızın sizin mülkiyyətiniz olması fikri tamamilə yalnışdır. Düzdür, onları siz dünyaya gətirmisiniz, amma bilin ki, onlar sizə məxsus deyil. Sizin keçmişiniz, onların isə gələcəyi vardır. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizdir deyib, gələcəklərin oğurlamayaq. Gələcəklərinə sahib çıxaq. Bu həm də gələcəyi idarə edə bilməyin yollarından biridir.

 

 

 

 

 

 

 

Seçilən
31
turan.az

1Mənbələr