“2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,83 milyon manat çoxdur”.
Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri əlavə edib ki, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat, yaxud cari ildəkindən 2% çoxdur: “Fikrimizcə, bu məbləğ postmüharibə dövrünün reallıqlarına uyğun deyil və müraciət edən şəxslərin yalnız cüzi bir hissəsinin ehtiyacını ödəyə biləcək”.
Komitə sədri onu da bildirib ki, Fondun formalaşmış sərbəst vəsaitindən 1050.0 mln. manat, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 425,0 mln. manat investisiya fəaliyyətinə yönəldilmiş, cari ilin sonunadək daha 25,0 mln. manat məbləğində vəsaitin əlavə olaraq yönəldilməsi gözlənilir“.
Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67.18 mln. manat gəlir əldə edilmiş və 2024-cü ilin sonuna qədər isə əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir.
Fondun investisiya gəlirlərindən şəhid ailələri və müharibə əlillərinin mənzil və ya fərdi evlərlə təmin edilməsi, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir”.
Mürtəza
Ölkə.Az