AZ

"Azərbaycan, xarici investisiyalar və texnologiya idxalı ilə dayanıqlı iqtisadi artıma nail olma imkanlarına malikdir" - Elşad Məmmədov

COP 29 çərçivəsində inkişaf etməkdə olan ölkələrə, o cümlədən Azərbaycana maliyyələşmə və texnologiya transferi ilə bağlı müxtəlif imkanlar təqdim ediləcək.

Bu mövzuda QHT.az-a öz fikirlərini bölüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru Elşad Məmmədov qeyd edib ki, Azərbaycanın daxili investisiya resursları ölkə iqtisadiyyatının maliyyələşdirilməsi və prioritet istiqamətlərin inkişafı üçün tam şəkildə yetərlidir. O, Azərbaycanın xarici investisiyalardan daha çox texnologiya idxalı şəklində faydalanması zərurətini vurğulayıb. O, Azərbaycanın iri suveren qızıl valyuta ehtiyatlarının ölkəyə texnologiyaların idxalı üçün zəmin yaratdığını və bunun texnologiyaların transferinə imkanlar açdığını qeyd edib.

Bundan əlavə, iqtisadçı bildirib ki, Azərbaycanın iqtisadi idarəetmə sisteminin mövcud strukturunda investisiyaların artımına dair bütün şəraitlər mövcuddur. Bu, həm daxili resursların səmərəli istifadəsi, həm də xarici texnologiyaların idxalı vasitəsilə ölkənin dayanıqlı və qabaqlayıcı iqtisadi artımını təmin edəcək.

Elşad Məmmədov, Azərbaycanın mövcud iqtisadi potensialından səmərəli istifadə etməklə, davamlı iqtisadi inkişafın əldə edilə biləcəyini vurğulayaraq, həm daxili, həm də xarici investisiyaların daha da artırılması ilə bağlı müsbət perspektivlərə diqqət çəkib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
4
qht.az

1Mənbələr